Məhkəmə qərarları › İş №2-1(103)-2330/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2330/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2330/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3- 713548/2023 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, onun əmək pensiyasının məbləği 3630.57 manatdan 2994.22 manata azaldılmış, iddiaçıya son üç ildə 22007,96 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir.

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vergi orqanlarının əməkdaşı kimi yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi, artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13548/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının qismən – “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” və “qeyd” qrafalarının ləğv edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2855/2024 saylı qərardadı ilə məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona DSMF tərəfindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilən zaman son 24 ay üzrə aldığı dövlət məvacibinin orta aylıq məbləği üzrə pensiya hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-183100/2023 nömrəli məktubla əmək pensiyasının yenidən hesablanmasında mülahizənin dinlənilməsi üçün ona mərkəzi filiala dəvət haqqında məktub göndərilmişdir. Həmin məktub əsasında iddiaçı xx.xx.2023-cü il tarixdə mərkəzi filiala getmiş, inzibati icraat qaydasında ona aparılmış araşdırma barədə məlumat verilmiş və bildirilmişdir ki, ona pensiya təyin edilərkən pensiyasının müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqının düzgün hesablanmadığı müəyyən edilmişdir. Bu əsasla iddiaçıya pensiyasının yenidən hesablanacağı və artıq ödənilmiş pensiya məbləğinin ondan tutulması üçün müvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Aparıllmış inzibati icraat zamanı iddiaçının pensiyasının azalmasına yönəlmiş hərəkətlər əsaslı olmamışdır. Belə ki, iddiaçı tərəfindən ilkin pensiya təyinatı zamanı tələb olunan sənədlər DSMF orqanına təqdim edilmiş və həmin sənədlər onun işlədiyi Vergilər Nazirliyi tərəfindən tərtib və təsdiq olunmuşdur. Həmin sənəddə İddiaçı pensia təyin olunan vaxta qədər olan son 24 ayı üzrə aldığı dövlət məvacibinin tam məbləği aydın şəkildə əks olunmuşdur. İlkin təyinat aparılan zaman həmin sənədlər əsasında pensiyanın məbləği müəyyən edilmişdir. Yəni əgər hər hansı bir anlaşılmazlıq və ya düzgün olmayan məlumat təqdim edilsəydi bu zaman təyinat düzgün şəkildə həyata keçirilə bilməzdi. Göründüyü kimi, onun pensiyasının azaldılmasında ifadə olunan hərəkətlər əsassızdır.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazını birinci instansiya məhkəməsinə təqdim edərək iddianın təmin olunmamasını xahiş edərək bildirmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmış, nəticədə məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı 1.822,66 manat təşkil etmiş, bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 2 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (1822,66 manat) 80 faizi-1.458,13 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar adıçəkilən şəxsin 22 il 2 ay 12 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 71,50 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 347,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1.373,22 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqısı 1.993,30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1.822,66 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1.993,30 manat) arasındakı fərq məbləğinin (170,64 manat) 71,50 faizi-122,01 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1458,13 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1.580,14 manat məbləğində hesablanmışdır. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2077,64 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqısı 2875,72 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1993,30 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2875,72 manat) arasındakı fərq məbləğinin (882,42 manat) 71,50 faizi-630,93 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1580,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2211,07 manat məbləğində hesablanmışdır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 157,50 manat, rütbəyə görə əlavəsi 36,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2077,64 manat, digər növ əlavəsi 198,08 manat olmaqla orta aylıq əmək haqqısı 2.994,22 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (2.875,72 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2.994,22 manat) arasındakı fərq məbləğinin (118,50 manat) 71,50 faizi-84,72 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (2.211,07 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2.295,79 manat məbləğində hesablanmalı olduğu halda, 2.877,52 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 16.870,17 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 2896,60 manat məbləğində hesablanmalı olduğu halda, 3.630,57 manat müəyyən edilməklə xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 5.137,79 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə adıçəkilən şəxsə ümumilikdə 22.007,96 (16.870,17+5.137,79) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmşdir. İddiaçı Mərkəzi Filiala 25 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən onun əmək pensiyası təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə əmək pensiyası yenidən hesablanaraq 25 avqust 2023-cü il tarixindən 3.016,59 manat məbləğində müəyyən edilmiş, həmçinin cari ilin avqust ayı üzrə (7 gün üçün) İddiaçı ödənilməli olan 27,09 manat fərq məbləği hesablanmışdır. Həmin 27,09 manat ödənilməli olan pul vəsaiti ona artıq ödənilmiş 22.007,96 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmış, buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 29 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və ona pensiyanın azalmasına səbəb olmuş hallar izah edilmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

6. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2017-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.1994-cu il tarixdən xx.xx.2017-ci il tarixədək vergi orqanlarında müxtəlif vəzifələrdə işləmiş və işlədiyi dövrlərə aid edilən vəzifə maaşları ştat cədvəlinə əsasən baş dövlət vergi müfəttişi vəzifəsi uzrə 320.0 manat, böyük dövlət vergi müfəttişi vəzifəsi uzrə 315.0 manat dövlət vergi müfəttişi vəzifəsi üzrə 310.0 manat, ona verilmiş 1-ci dərəcəli müfəttiş xüsusi rutbəsinə görə əlavə 36.0 manat və vergi orqanlarında xidmət illərinə gorə əlavə 39.0 manat təşkil etmişdir.

7. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli, 430 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət qulluqçusu kimi xx.xx.2017-ci il tarixdən ömürlük 1.852,55 manat məbləğində pensiya təyin edilmişdir.

8. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 1 sentyabr 2005-ci il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi ona yaşa görə əmək pensiyası təyin edilmiş,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən, şəxsin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən hesablanır. Araşdırma zamanı ona vaxtilə əmək pensiyası təyin edilərkən pensiyanın müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqının düzgün hesablanmadığı müəyyən edilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğun qaydada yenidən hesablanması məsələsinə baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiyanın yenidən hesablanmasına baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 29 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli aktından görünür ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonramaraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-171/2-1-183100/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuş, maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə araşdırma zamanı, vaxtilə əmək pensiyası təyin edilərkən pensiyasının müəyyən edilməsi üçün son 24 ay üzrə orta aylıq əmək haqqının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmişdir. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmiş, bu barədə 2 nüsxədə akt tərtib edilmiş, aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılmış, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunmuşdur.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3- 713548/2023 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, onun əmək pensiyasının məbləği 3630.57 manatdan 2994.22 manata azaldılmışdır.

11. Qərardan daha sonra müəyyən olunur ki, qərarın “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” bəndində ötən dövrü – xx.xx.2020-xx.xx.2023- 22007,96 manat (artıq), “Qeyd” bəndində “xx.xx.2022-xx.xx.2022=698,08 m/y (2 ay tutulma ver 698.08/2=394,04 manat tut., əvəz. yox.” kimi qeyd aparılmışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

13. Qərardadla razılaşmayan İddiaçı vəkili və nümayəndəsi Vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13548/2023 saylı “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qismən, “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” və “qeyd” qrafaları hissəsində, ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-2855/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə iddianın mümkün sayılmamasını mübahisə predmeti olan qərarın mübahisə edilən qrafalarının məlumat xarakterli olmaqla iddiaçının hüquqi vəziyyətinə hər hansı bir təsir göstərmək, onu hüquqdan məhrum etmək və ya onun hüququnu məhdudlaşdırmaq, yaxud onun üzərinə müəyyən vəzifə qoymaq xüsusiyyətindən məhrum olması ilə əsalandırmışdır. Belə olan halda iddiaçının inzibati aktın həmin hissələrini mübahisələndirmək üçün hüquqi marağı, konkrent halda hüquqi müdafiəyəyə ehtiyacı mövcud deyildir. İddiaçı məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, cavabdeh orqan qəbul etdiyi və hazırda mübahisə predmeti olan qərarla öz nöqsanlarını aradan qaldırmış və yenidən hesablama nəticəsində iddiaçının pensiya məbləğini azaltmış, bununla yanaşı cavabdeh orqan öz səhvi nəticəsində vətəndaşa ödənilmiş pensiya məbləğini müəyyən etmiş və bu barədə mübahisə predmeti olan aktda qeydlər aparmış, bu inzibati akt əsasında cavabdeh iddiaçıya məktub göndərərək 22.007,96 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi üçün yazılı razılığını bildirməsini tələb etmiş, mübahisə predmeti olan borcdan 27 manat iddiaçının pensiyasından əsassız olaraq tutulmuş, pensiya altsistemində iddiaçının hesabında borc məbləği əsassız olaraq qalmaqdadır. Bu hal isə iddiaçının DSMF orqanı qarşısında borcu ödəmək vəzifəsi yaratmışdır. Ona görə də iddiaçının o zaman qaldırdığı iddiası mümkün sayılmalı və onun borcun silinməsinə yönəlmiş hüquqi marağını özündə əks etdirən tələbi təmin olunmalıdır. DSMF artıq ödənilmiş pensiya məbləğinin vətəndaşdan tutulması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində nəzərdə tutulmuş tələblərə riayət etmədən öz hərəkətlərini icra etdiyindən hazırkı mübahisə üzrə iddiaçı da bu qanunauyğun olmayan əməllərdən sığortalanmamışdır. Məhkəmə isə qeyd olunanları nəzərə almayaraq iddianı mümkün saymamışdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin izahatları:

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahatında iddiaçıdan artıq ödənişlə bağlı vəsaitin tutulmadığını, araşdırma zamanı iddaçının artıq ödənilən vəsaiti qaytarmaq istəmədiyi müəyyən edildiyindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirib apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

18. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi:

19. Maddə. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);

20. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

21. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.https://eqanun.az/framework/46956

22. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

23. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

24. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

25. Maddə 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.

26. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

28. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

30. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

31. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:https://e-qanun.az/framework/46956 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.

32. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.https://e-qanun.az/framework/46956

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

35. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən prosessual hüquq normalarının tələblərinə riayət etmədiyindən qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

37. Belə ki, iş üzrə iddianı mümkün saymayan birinci instansiya məhkəməsi öz qənaətini “iddiaçının inzibati aktın ləğv edilməsini tələb etdiyi hissəsinin onun hüquqlarına hər hansı təsir göstərmək iqtidarına malik olmadığından həmin aktın mübahisələndirmə haqqında iddianın predmeti kimi çıxış edə və məhkəmədə mübahisələndirilə bilinməməsi ilə əsaslandırmaqla kifayətlənərək iddiaçıya hüquqi yardım göstərməmişdir. Baxmayaraq ki, iddianın mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalı, iddia tələbini dəqiqləşdirməkdə iddiaçıya yardım etməli idi. Çünki ki, iddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növündən istifadə edibetmədiyinin yoxlanılmasından ibarətdir.

38. Tədqiq olunmuş sübutlardan aydın görünür ki, iddiaçının hüquqi marağı cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-713548/2023 nömrəli qərarı ilə ondan tələb olunan və bir hissəsi cavabdeh tərəfindən tutulan artıq ödənilmiş pensiyaya görə vəsaitin silinməsindən ibarətdir və o, bu məqsədinə nail olmaq üçün iddia tələbini bir neçə dəfə dəyişsə də, güddüyü hansı hüquqi marağa nail olmaq istəməsini iddia ərizəsində əsaslandıra bilməmiş, birinci instansiya məhkəməsi isə iddiaçıya hüquqi yardım göstərmək vəzifəsini icra etməmişdir.

39. İstinad olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13548/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qismən – “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” və “qeyd” qrafalarının ləğv edilməsi tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar