Məhkəmə qərarları › İş №2-1(103)-2330/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2330/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2330/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7137/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda "xxxx" MMC İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə xx.xx.2023cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7137/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası mümkün sayılmamışdır. Hazırda həmin qərardaddan üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İsgəndər qızı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli 09 saylı müraciətini, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-510 saylı razılıq məktublarını nəzərə alaraq «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, C.Məmmədquluzadə, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız olan, şəhərin və ərazinin ümumi görünüşə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4.2258 ha torpaq sahəsi icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 1.1-ci bəndinə əsasən isə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tamtəmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 280-ə yaxın ailə köçürülmüşdür. Tikilməsinə müvafiq icarə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmiş və onların fərdi yaşayışı evləri şirkət tərəfindən sökülərək tikinti üçün hazır hala salınmışdır. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraiti mənzillərlə təmin ediləcəkləri barədə tərəflərindən öhdəlik götürülmüşdür. "xxxx" MMC Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi, sərəncamın tərəflərindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı İsgəndər qızı iddiaçıya Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı verildikdən sonra xx.xx.2023-cü il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İsgəndər qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0145 sot torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması dair qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytarmaqla iddiaçını birinci instansiyası məhkəməsində məhkəmə müdafiəsindən istifadə edərək hüquqlarını həyata keçirtmək və həmin işdə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilibedilməməsinin araşdırılmasına nail olmaq imkanından məhrum etmiş, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinə verilmiş təminat hüququnu pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 53.1. İlkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydalarına görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. 53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. 53.3. Mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. İş materiallarından görünür ki, hazırki iş üzrə İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyətidir, "xxxx" MMC isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş "xxxx" MMC iddiaçıya və iş üzrə tərəf olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi vermişdir və qarşılıqlı iddia tələbi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Hazırki halda isə qarşılıqlı iddianı üçüncü şəxs vermişdir, lakin ona qarşı hər hansı tələb yoxdur və qarşılıqlı tələb qarşılıqlı iddia ilə əlaqədar qeyd olunan tələblərə cavab vermir. Bundan başqa, qarşılıqlı iddia ərizəsi iş üzrə tərəf olmayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı yönəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt hesab edilmir. Belə olan halda iddiaçının mübahisələndirdiyi çıxarışla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasının əsasını təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. - Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. - Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. - Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati akt hesab edilmir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas inzibati aktdırsa, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Göründüyü kimi, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7137/2025 nömrəli, 19 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar