Məhkəmə qərarları › İş №2-1(103)-2331/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2331/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2331/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 3 saylı evin 82 saylı mənzilin qanunu sahibi olduğunu, sahiblik və istifadə hüquqlarının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tanınmasını əsas tutaraq, cavabdeh tərəfindən verilmiş imtina barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bildirişinin əsassız sayılması, ünvan 1 ünvanda yerləşən 3 saylı evin 82 saylı mənzili üzərində mülkiyyət (sahiblik və istifadə) hüquqlarının qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 3 saylı evin 82 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş maliyyə arayışının surət və alqı-satqı müqaviləsinə vurulan möhürün isə kserosurət olduğu müəyyən olunmuşdur. Həmçinin ərizəyə əlavə edilmiş digər maliyyə arayışı və alqı-satqı müqaviləsi isə "xxxx" şirkəti tərəfindən təsdiq edilmişdir. Qeyd olunan mənzillə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş və sorğuya cavab olaraq adıçəkilən mənzillə əlaqədar istintaqın davam etdiyi bildirilmişdir. Bundan başqa müvafiq mənzilə yerli baxış keçirilən zaman faktiki olaraq ümumi sahəsinin 89,3 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3572/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iddianın rədd olunması haqqında iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********07 saylı imtina bildirişində qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən 3 saylı evin, 82 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı, ərizənizə əlavə etdiyiniz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş maliyyə arayışının surət və alqısatqı müqaviləsinə vurulan möhürün isə kserosurət olduğu müəyyən olunmuşdur. Həmçinin, ərizəyə əlavə edilmiş digər maliyyə arayışı və alqı-satqı müqaviləsi isə "STS” şirkəti tərəfindən təsdiq edilmişdir. Onu da qeyd edək ki, qeyd olunan mənzillə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərilmiş və sorğuya cavab olaraq, adıçəkilən mənzillə əlaqədar istintaqın davam etdiyi bildirilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********31 saylı imtina bildirişində qeyd edilir: ünvan 2 ünvanında yerləşən 3 saylı evin, 82 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, **********07 saylı, xx.xx.2021-ci il tarixli bildirişlə Sizə rəsmi məlumat verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan Satıcı "xxxx" şirkəti ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 05-03B saylı müqavilədən görünür ki, Satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16- cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışından görünür ki, İddiaçı F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m ibarət olan 2 otaqlı mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. İş materiallarında olan Satıcı “Sahil-D” Kompani ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 22/12A saylı müqavilədən görünür ki, Satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16- cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Sahil-D” Company tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 3 saylı binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dan ibarət olan 2 otaqlı, 82 nömrəli yaşayış sahəsi mənzilinin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Aparatı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 29/10232 nömrəli məktubda qeyd edilir: Bakı Apellyasiya Məhkəməsinə 14 mart 2022-ci il tarixdə daxil olmuş 2-1(112)- 3572/2022 nömrəli, 10 mart 2022-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1363/2019 saylı 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. İddiaçı ünvan 4 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsindəki ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2035/2020 saylı, 04 avqust 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Abdullayevə Kəmalə Kamil qızının kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1363/2019 nömrəli, 01 fevral 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası MPM-nin 419.4-cü maddəsinə əsasən 04 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1363/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli, 05-03B nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş, ünvan 4 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2819/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1363/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, İddiaçı ünvan 4 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsindəki ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2035/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Adullayeva Kəmalə Kamil qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu ıl tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 17/01-413 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə daxil olmuş 09 mart 2021-ci il tarixli 17/74 № 139049/20-23 nömrəli sorğuya cavab olaraq bildiririk ki, X1 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(102)-2035/2020 nömrəli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunması barədə Konstitusiya Məhkəməsi Palatasının 16 mart 2021-ci il tarixli qərardadı qəbul edilmişdir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ev 3, 82 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-1097 nömrəli məktubla məhkəməyə təqdim edilmiş «İSR Holding» şirkətlər qrupuna ("xxxx" MMC) məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 2- cı məhəllə, 4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli yaşayış binalarının xx.xx.2020-ci il tarixdən istismarına icazə verilmişdir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Satıcı "xxxx" şirkəti ilə Alıcı İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 05-03B saylı müqaviləyə əsasən Satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin mənzilin dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" şirkəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışa əsasən İddiaçı həmin mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Məhkəmə tərəfindən, həmçinin müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009- cu il tarixli, 05- 03B nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş, ünvan 4 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsində ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2819/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1363/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2819/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, İddiaçı ünvan 4 ünvanda inşa edilən 3 nömrəli yaşayış binasının 16-cı mərtəbəsindəki ümumi sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2035/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Adullayeva Kəmalə Kamil qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1363/2019 nömrəli, 01 fevral 2019-cu il tarixli qətnaməsi 04 avqust 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan mənzili almışdır və mənzilin dəyərini tam ödəmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının həmin mənzilə sahiblik və istifadə hüququ tanınmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinə əsasən ünvan 2-cı məhəllə, 4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli yaşayış binalarının xx.xx.2020-ci il tarixdən istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, qeyd olunan məhkəmə qərarları ilə göstərilən mənzilə iddiaçının sahiblik və istifadə hüququ tanınmış, eləcə də iddiaçının "xxxx" Şirkəti ilə imzaladığı müqavilənin qanuniliyi və mötəbərliliyi tanınmış və qəbul edilmişdir. Öz növbəsində həmin müqavilə hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir. İddiaçı müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən həmin hüquq qeydiyyata alınmalıdır. O da qeyd olunmalıdır ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Beləliklə, kolegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3572/2022 saylı , xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar