Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2331/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı Sultanov İddiaçı və onun vəkili X3, Cavabehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3273/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilib) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, vətən müharibəsi zamanı Hadrut, Suqovuşan, Xocavənd və Tuğ kəndlərində yaralı əsgər və zabitlərə ilkin tibbi yardım göstərib. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3273/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək ləğv edilib, iddianın ləğv olunmasını xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandılımışdır ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respubliksası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "X6 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 56 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020ci il tarixində Füzuli MDM-ə könüllü müraciət etmiş və Füzuli MDM tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradaraq döyüş meydanından birbaşa gələn yaralılara nümunəvi ilkin tibbi xidmət göstərib və həmin yaralıların vaxtında operativ şəkildə digər xəstəxanalara təxliyyə edilməsini təşkil etmişdir. Məhkəmə qərarında iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirmiş və iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğunu təsdiq etsə də, lakin iddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti və hərbi hissənin tərkibində iştirak etməsi və hərbi xidmət keçməsiniin mötəbərliyini təsdiq edən sübuta istinad etməmişdir. Tərəflərin məhkəmə icraatında iştirakı: Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-2331/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili (hüquqi məsələlərə dair izahat verərək) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa ilə razılaşaraq, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş üzrə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, İddiaçı iddiası üzrə -“müharibə veteran vəsiqəsi və adının verilməsi" tələbi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə həmin orqana münasibətdə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı məqamları diqqətə çatdırır: Mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixində X6 Mərkəzi publik hüquqi şəxsə könüllü müraciət etdiyini və Füzuli MDM tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olaraq səyyar tibb məntəqəsi yaradaraq döyüş meydanından birbaşa gələn yaralılara nümunəvi ilkin tibbi xidmət göstərib və həmin yaralıların vaxtında operativ şəkildə digər xəstəxanalara təxliyyə edilməsini təşkil etdiyini qeyd edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqların yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, mövcud qanunvericilik müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi hazırki mübahisəyə müvafiq olaraq şəxsə müharibə veteranı adının verilməsi üçün qanunvericilik 3 kateqoriyanı şərtləndirmişdir.
1. 2020-ci il sentyabrın 27-dən noyabrın 10- Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçular;
2. döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (hərbi hissə (bölmə) və ya orqanların mülki işçiləri);
3. döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində qanunvericilklə tələb olunan sənədlərin mövcud olmadığını qəbul edərək, sanki fakt təsdiqi qaydasında iddiaya qiymət vermişdir. Halbuki sözügedən Əsasnamədə Müdafiə Nazirliyi tərəfindən şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələblər dəqiq sadalanmışdır. Məhkəmə kollegiyası iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edir ki, İddiaçı statusu nə “hərbi qulluqçu” kateqoriyasına, nə “ezam olunmuş“ şəxslər kateqoriyasına, nə də ki inzibati orqanların mülki işçisi kateqoriyasına aid edilmir. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycam Respublikası qanununa əsasən hərbi qulluqçu dedikdə Azərbaycan Respublikasının Silahlı qüvvələrində hərbi xidmət keçən, hərbi rütbə daşıyan və qanunvericiliklə nəzərdə tutlmuş qaydada hərbi and içmiş şəxslərdir. Göründüyü kimi iddiaçı hərb qulluqçu statusu ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Həmçinin şəxsin döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanununa əsasən : 49.1. Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, ictimai qaydanı qorumaq, lazımi sayda həkim mütəxəssislər və orta tibb heyəti, dərman vasitələri, alətlər, tibb və təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir. 49.3. Çağırış komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının üzvləri, müvafiq icra hakimiyyəti orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır. 49.4. Bu Qanunun 49.3-cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ezamiyyə xərcləri ödənilir. Göründüyü kimi şəxsin hərbi hissədə qanuni olaraq səyyar tibb məntəqəsi yaradaraq döyüş meydanından birbaşa gələn yaralılara nümunəvi ilkin tibbi xidmət göstərməsi üçün müvafiq icra hakimiyyəti orqanın bununla bağlı konkret göstərişi olmalıdır. Hansı ki, şəxsin ezamı barədə də rəsmi heç bir məlumat yoxdur. Belə ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş TƏBİB tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş “44 günlük vətən müharibəsi dövründə döyüş zonasından yaralı və şəhidlərin təxliyəsində və tibbi xidmət göstərilməsində iştirak etmiş əməkdaşların” 314 nəfərlik siyahısında İddiaçı adı qeyd edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı 3-cü şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş izahatlardan da müəyyən olunur ki, iddiaçının hər hansı bir tibb məntəqəsinə və yaxud hərbi hissəyə ezamiyyəti olmamışdır. İş materiallarına əlavə olunmuş iddiaçıya təqdim edilən Təşəkkürnamə barədə isə nümayəndə izahatında qeyd etmişdir ki, sözügedən təşəkkürnamə sadəcə müharibə dövründə müxtəlif sahədə xidmət göstərmiş tibb işçilərinə verilirdi, bu sənəd şəxsin məhz könüllü səyyar məntəqə yaratması və ya hər hansı bir ezamı ilə əlaqədar olmamışdır. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, “X6 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 561 №-li arayışı özü-özlüyündə şəxsin hansısa bir hərbi hissəyə ezamı mənasını kəsb etmir. Məhkəmə araşdırması zamanı iddiaçı özü də ezam sənədlərinə malik olmadığını etiraf etmişdir. İş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2020-ci il tarixində Füzuli MDM-ə könüllü müraciət etmiş və Füzuli MDM tabeliyində işğaldan azad olunmuş ərazilərdə könüllü olmuş və onunla Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır. Yuxarıda qeyd edilən hallar isə iş üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilməmiş və məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qanunsuz və əsassız qərar çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki tələblə çıxış etməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin Müharibə veteranları” adlanan İ bölməsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından Müdafiə Nazirliyi hazırkı tələbi üzrə cavabdehlik daşıyan inzibati orqan qismində çıxış edə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3273/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-3273/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev