Məhkəmə qərarları › İş №2-1(103)-2332/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2332/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2332/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil(Bakı şəhəri 18 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021ci il tarixli, 2-1(112)-6399/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 05 may 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən daxil edilmiş, onun 08.03.1987-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunda doğulmasına dair doğum akt qeydinin etibarsız sayılması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08 mart 1993-cü ildə Bakı şəhərində ev şəraitində anadan olmuşdur. Doğulduğu zaman onun doğum faktına dair sənədlər Nəsimi rayon Qeydiyyat Şöbəsinə təqdim edilməmişdir. Ona məlum olmayan səbəblərdən onun doğum ili xx.xx.1987-ci il və doğum yerinin Ermənistan Respublikası Noemberyan rayonu olaraq qeyd edilmişdir. Bununla bağlı o, doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydində doğum tarixinin 08.03.1993-cü ilə düzəliş edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ona verilən cavaba əsasən kifayət qədər əsas olmadığından aktın bərpası və düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Onun hüquqlarının həyata keçirilməsi üçün həmin doğum haqqında akt qeydinin etibarsız sayılmasına zərurət vardır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-63 99/2021 saylı qərardadı ilə (hakim A.Abdullayeva) iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki. o doğum akt qeydinin etibarsız hesab edilməsi barədə iddia ilə müraciət etmişdir. Məhkəmə işə baxarkən iddia tələbinin həddini aşaraq öz mülahizəsinə uyğun olaraq iddianı doğum akt qeydində olan məlumatlara düzəliş edilməsi kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, əlavə olaraq sədrlik edənin sualına iddiaçının doğum haqqında şəhadətnaməsinin harada verilməsi barədə verilən sualına ilk olaraq Nəsimi Rayon qeydiyyat şöbəsində verildiyini, daha sonra cavabına düzəliş edərək Ermənistanda verildiyini bildirdi. Məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 01.09.2021ci il tarixdə cavabdeh məhkəməyə 05/9-15 89/75 nömrəli məktub ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, işin hallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı hazırda Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən daxil edilmiş, onun 08.03.1987-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunda doğulmasma dair doğum akt qeydinin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin predmetini vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında olan qeydlərin düzgün olmaması təşkil etdiyindən, həmin iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamış, iddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi barədə iddia tələbi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında iddiaçının şəxsiyyətinin müəyyən olunması ilə bağlı hər hansı sənəd (doğum haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin surətləri və b.) yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 02.06.2021 -ci il tarixli 05/9-1083/75 nömrəli məktubdan göründüyü kimi İddiaçı Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair Baki İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli Sərəncamına baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlərin əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Lakin vətəndaşın təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında akt qeydinin bərpası qeydiyyat şöbəsində mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi akt qeydinin etibarsız olması barədə cavabdeh orqanın cavabı isə aktın bərpası barədə olmuşdur. Göründüyü kimi işin faktiki halları nədən ibarət olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaət səhvdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunan maddə İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi qiymətləndirilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirməmiş, bu zaman şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverilşli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmamış, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçısına yardım edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunan qanun normasından görünür ki, yalnız iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından şikayət verilə bilər, buna görə də, iş üzrə icraatın davam etdirilməsi ilə bağlı qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82 və 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-6399/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən daxil edilmiş, onun 08.03.1987-ci ildə Ermənistan Respublikası Noemberyan rayonunda doğulmasma dair doğum akt qeydinin etibarsız sayılması tələbinə dair iddiası üzrə inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar