Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2332/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “**********251600 saylı 13 dekabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251600 saylı 13 dekabr 2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı barəsində 2020-ci il gəlir vergisi üzrə - vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 24.290.03 manat məbləğində vergi borcu hesablanmışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “**********251600 saylı 13 dekabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın” ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, metal qırıntılarının toplanması ilə məşğul olmuşdur. Topladığı metal qırıntılarını müxtəlif metal qəbulu məntəqələrinə akt əsasında təhvil vermişdir. Bir neçə müddət sonra ona məlum olmuşdur ki, vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdansatış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və xx.xx.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar” əsasında ona 2020-ci il üzrə 24290,03 manat gəlir vergisi hesablamışdır. Hesab edir ki, cavabdehin müraciəti olmadan fərdi sahibkar kimi qeydiyyata alması ilə bağlı hərəkətləri və barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli **********812100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə Qərar” qanunsuz və əsassızdır. Sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi, iddia tələbinin “**********251600 saylı 13 dekabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın eyni əsaslarla ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 728701,00 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********102300 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2020-ci il üzrə gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2020-ci ilin gəlir vergisi üzrə 24290,03 manat (728701,00 x5%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021ci il tarixli **********812100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. İddiaçı öz ərizəsində əsassız olaraq “Nağdsız hesablaşmalar haqqında" AR Qanunun 3.5.2-ci maddəsinə “Əlvan və qara metal qırıntıları vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər” istinad edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə çalışmış və bu yolla külli miqdarda verginin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Məlum olduğu kimi, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 16.1.11-10-ci maddəsinə əsasən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Məlumat üçün bildiririk ki, fiziki şəxs alış aktı əsasında 2020-ci il ərzində elektron alış aktları əsasında 728701,00 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. Həmçinin Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirir ki, metalları satın alan tərəf ÖMV bəyannaməsində aldığı malların vergisini hesablayıb ödəməli olduğu üçün onun heç bir vergi öhdəliyi yoxdur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş malların məbləğinin yüksək olduğunu nəzərə alsaq bəlli olur ki, iddiaçı tərəfindən təkbaşına həmin miqdarda metal qırıntısı yığa bilməz. Belə ki, həmin işin görülməsi üçün iddiaçının işçisi və yaxud hər hansı bir texniki avadanlığı, maşını olmalıdır. Həmçinin metalların yığılmasına da müəyyən xərclər çəkilmişdir ki, bu da öz növbəsində iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunun sübutudur. Məlumat üçün bildiririk ki, elektron alış aktı ilə mal alan şəxslərin xərclərinin araşdırılması zamanı bir sıra hallarda vergi ödəyiciləri tərəfindən saxta formada əməliyyatlar yaradılaraq müxtəlif vergi üstünlüyü əldə edilməsi halları müşahidə edilmişdir. Belə ki, vergi orqanında uçotda olmayan bir fiziki şəxsin adına müxtəlif çeşidli kənd təsərrüfatı mallarının alış aktları tərtib edilməklə sənədləşdirilməsi, bir sıra şəxslərin vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri, təsisçisi və ya həmin hüquqi və ya fiziki şəxsin muzdlu işçisi olduğu, habelə malların vergi ödəyicilərindən alış aktları ilə alındığı və ya öz-özünə elektron alış aktı ilə mal təqdim edən fiziki şəxs olduğu, bundan başqa adına alış aktı tərtib edilmiş şəxsin malların təqdim edilməsi ilə əlaqəsi olmayan kənar şəxslərin olduğu müəyyən edilmişdir. Bununla yanaşı, təhlil zamanı bir sıra vergi orqanında uçotda olmayan şəxslər tərəfindən müxtəlif sayda elektron alış aktı ilə mütəmadi olaraq müxtəlif adda mallar təqdim etdikləri müəyyən edilmişdir ki, həmin şəxslərin təqdim etdikləri malların sahibkarlıq məqsədləri üçün təqdim edilib-edilməməsi hallarının araşdırılmış və sahibkarlıq məqsədləri üçün təqdim edilməsi halları aşkar edilərək qanunamüvafiq tədbirlərin görülməsi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********251600 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, fiziki şəxs 2020-ci il ərzində elektron alış aktları əsasında 728701.00 manat dəyərində mal (metal qırıntısı) təqdim etməsinə baxmayaraq, vergi uçotuna durmamış və bəyannamə təqdim etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan hallardan da göründüyü kimi, “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə qərarın qəbulu zamanı heç bir pozuntuya yol verilməməsinə baxmayaraq, məhkəmə tərəfindən kifayət qədər araşdırma aparılmadan yekun qərar qəbul olunaraq, iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Vergi Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Məhkəmə qərarında iddianın təmini əsaslarından biri kimi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, "Məhkəmə hesab edir ki, metal qırıntılarının toplanması ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, metal qırıntılarının toplanması barədə fəaliyyət ehtimallara əsaslanaraq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, iddiaçının fəaliyyəti bilavasitə olaraq malların təqdim edilməsindən gəlir götürməyə istiqamətlənən, işçi qüvvəsinin ərsəyə gələn sahibkarlıq fəaliyyətidir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məhkəmə qərarında iddianın təmini əsaslarından digər biri kimi Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə istinad edilərək qeyd edilmişdir ki, “Fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Vergi orqanında uçota alınması üçün Vergi ödəyicisinin özünün Vergilər Nazirliyinə müvafiq ərizə ilə müraciət etməsi tələb olunur.” Məhkəmənin bu mövqeyinin əksinə bildiririk ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 33.4- cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Təsadüfi deyil ki, Ali Məhkəmənin iddiaçı X2 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı 2-1(102)-478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1- 33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Məhkəmənin elektron kabinetinə yerləşdirilmiş apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hər nə qədər vergi uçotuna alınmış olsa da, reallıqda əlvan və qara metal qırıntılarını təhvil verən zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Bununla yanaşı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövriliyi ilə bağlı hər hansı bir şərt qeyd edilməmişdir. Belə olan halda qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsə vergi hesablanması ilə bağlı cavabdehin hərəkətləri əsaslı hesab edilə bilməz. Aşkar surətdə görünür ki, fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu ilə bağlı vergi öhdəliyinin hansı formada olması konkret olaraq tənzimlənmişdir. Bu zaman iddiaçının vergi ödəyici kimi qeydiyyata alınması ilə bağlı öhdəliyi qeyd edilməmiş, 2 faiz dərəcə ilə verginin ödənilməsi öhdəliyi qırıntıları qəbul edən şəxs üzərində yox, qəbul edən şəxs üzərində olmuşdur. Göründüyü kimi, cavabdeh həm metal qırıntılarını qəbul edən şəxsi, həm də təqdim edən şəxsi vergi öhdəliyi daşıması barədə mövqe nümayiş etdirir ki, həmin hərəkətləri də vergi qanunvericiliyinin ümumi prinsiplərinə uyğun hesab etmir və yuxarıda adıçəkilən əlvan və metal qırıntıları ilə bağlı vergi öhdəlikləri ilə bağlı konkret şərtlərin pozulmasına yönələn hərəkət kimi qiymətləndirir. Hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdehin mövqeyi ehtimallara əsaslanmış, sübut edilməmiş, vergi uçotuna alınma, bəyannamənin verilməsinin tələb edilməsi ilə bağlı hərəkətləri qanunsuz olmuşdur ki, həmin işin faktiki halları vergi orqanının qərarının əsassız qəbul edilməsini birbaşa təsdiq edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı əvvəlcə xx.xx.2021-ci il tarixli qərarın ləğvini tələb etsə də, sonradan tələbini dəqiqləşdirərək eyni əsaslarla xx.xx.2021-ci il tarixli qərarın ləğvini tələb etmiş və bu zaman mübahisələndirilən qərar üzrə iddia müddətinin ötürülmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi **********251600 saylı 13 dekabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın” ləğvi ilə bağlıdır. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Birinci instansiya məhkəməsi iddiaçının vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməməsinə, cavabdehin iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulu zamanı mallar nağd qaydada satın alına bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair X1 Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vegi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin həmin Məcəllənin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələrindən, 33cü maddəsində isə uçotundan bəhs edir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Qanunvericiliyin tələblərinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır və işdə olan sənədlərdən də məlum olur ki, iddiaçı 2020-ci ildə metal qırıntılarını müxtəlif metal qəbulu məntəqələrinə təhvil verən zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamış və 2020-ci ildə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.2-ci maddəsində vergi ödəyicisi olmayan fiziki şəxslərdən əlvan və qara metal qırıntılarının qəbulunun miqdarı və ya dövrüliliyi ilə bağlı hər hansı şərt müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliklə müəyyən olunmayan bir əsas üzrə şəxsin məcburi qaydada vergi ödəyicisi kimi uçota alınması və məsuliyyətə cəlb edilməsi əsaslı sayıla bilməz. Həmin mövqe oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi qərarlarda da öz əksini tapmışdır (2-1(102)- 2536/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilərkən mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Resoublikası Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 927/2021 və 2-1(102)-924/202 saylı inzibati məhkəmə işləri). Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2022 saylı 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2332/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2332/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver