Məhkəmə qərarları › İş №2-1(103)-2332/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2332/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2332/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh1) “fərdi yaşayış evinin ona məxsus əlavə tikililər hissəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə iddiaçının inşa etdiyi (21,7+12,1+9,8+13,0+4,20+2.5+2.3 kv.m)=65.6 kv.m ümumi sahədən və 82.6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsinin, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun rəsmiləşdirilməsi (verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1.) İddia aşağıdakılarla əsaslandırılırılmışdır: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4191/2021 saylı 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Niftullayeva (Quliyeva) Hülya Saleh qizına qarşı «ümumi mülkiyyətdə pay artırılmaqla, mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021ci il tarixli qərardadı ilə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Qərardadın nəticə hissəsində iddiaçıya izah edilmişdir ki, “iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda, həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsiziyindən) inzibati qaydada və ya aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər”. İddiaçı həmin qərardada uyğun olaraq ərizə ilə cavabdehə müraciət edərək, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə inşa edilən 2-ci mərtəbədə 65.6 kv.m ümumi sahə və 82.6 kv.m mansard həcmində ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsinin, 204,58 kv.m ümumi sahəsinin üzərində mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq reyestrdən çıxarış və texniki pasportla rəsmiləşdirilməsi”ni xahiş etmiş, lakin idarənin 13 yanvar 2022-ci il tarixli məktubunda imtina edərək bildirmişdir ki, fərdi yaşayış evinə dair sənədin əsli, ev paylı mülkiyyətdə olduğundan evə artırılmış hissələrinin onun (ərizəçi İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri və evin faktiki vəziyyətinə məlumatladırma, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi ilə Əmlak Xidmətləri Məkanına müraciət edilməsi məqsədə müvafiqdir.” Mübahisənin mahiyyəti ilə bağlı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayı evinin 1/2 hissəsi onun (iddiaçının), qalan 1/2 hissəsi isə onun əmisi Abdul Qurban oğlunun xüsusi mülkiyyətində olmuş, 14 mart 2003-cü ildə əmisi özünə məxsus 1/2 hissədən ibarət payını Niftullayeva (Quliyeva) Hülya Saleh qızına satmış, ona görə də hazırda bu ev üzərində onların hər birinin 1/2 hissədən ibarət payı vardır. İddiaçı 16 sentyabr 2016-cı il tarixdə Nəsimi RİH-ə müraciət edərək bildirmişdir ki, ev bir mərtəbədən ibarətdir, hazırda o, arvadı, iki övladı və iki bacısı burada yaşayırlar. Onlara məxsus ev yaşayış sahəsi 35.5 kv olan iki otaqdan ibarətdir. Ailənin sosial qayğılarının artması səbəbindən həmin evin birinci mərtəbəsinin üstündə, yəni ikinci mərtəbəsində yaşayış sahəsi tikmək istəyir. Evin layihəsi hazırlanaraq RİH-nə göndərilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq, evin ikinci mərtəbəsində tikiləcək bu yaşayış otaqlarının layihəsi Nəsimi RİH-ə göndərilməklə qurum məlumatlandırılmışdır. Nəsimi RİH tərəfindən tikinti ilə bağlı heç bir etiraz daxil olmamıış, ona görə də evin birinci mərtəbəsinin üstündə həmin tikilinin inşasına başlanmışdır. 28 mart 2017-ci il tarixdə yenidən ərizə ilə Nəsimi RİH-ə müraciət olunraq tikintinin başa çatdırıldığı və bu barədə rəsmiləşmənin aparılmasının vacibliyi bildirilmişdir. Bundan sonra Nəsimi RİH-in, Fövqəladə Hallar Nazirliyinin və Bakı ŞİH-in əməkdaşları tikinti sahəsinə baxmış və etiraz olmadığından, 28 mart 2017-ci il tarixdə tikintinin başa çatması ilə bağlı ərazi üzrə 59 saylı MİS tərəfindən bu sahənin faktiki sxemi çəkilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 65 saylı fərdi yaşayış evi 30/4936 saylı 14 mart 2003-cü il tarixli “qeydiyyat vəsiqəsi”nə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m yaşayış sahəsindən, 109.7 kv.m ümumi sahədən ibarətdir. Həmin mülkün 1/2 hissəsi İddiaçı məxsusdur. Yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan sahə faktiki olarq 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsindən, 161.18 kv.m ümumi sahədən ibarətdir. Eyni zamanda, bu aktla birlikdə həm də 59 saylı MİS tərəfindən evin istifadədə olan faktiki sahəsinin plan-sxemi də çəkilmişdir. Tikintinin başa çatmasına dair adıçəkilən akt və plan-sxem məlumat üçün Nəsimi RİH-ə göndərilmişdir. Lakin, aktda birinci mərtəbədə yerləşən təsərrüfat otaqları və qaraj göstəriləmədiyndən ümumi sahə 161.18 kv.m ölçüdə əks olunmuş, 59 saylı MİS tərəfindən çəkilmiş plan-sxemdə isə ümumi sahə 204,58 kv.m göstərilmişdir. 2017-ci ildə Cavabdeh1 hazırkı iddiaçıya qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verərək evin bölünməsini tələb etmişdir. Məhkəmənin 2(006)- 3396/22017 saylı 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 2016-cı ildə evin özünə məxsus olan və yaşadığı 1/2 hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün həmin şəxsə müraciət etmiş, sonuncu isə heç bir etiraz bildirməmiş və özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək fikrində olduğunu qeyd etmişdir. 1 aprel 2019-cu il tarixdə iddiaçı həmin sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət etmiş və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa etdiyi yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Həmin qurumdan evin paylı mülkiyyətdə olduğu və digər paylı mülkiyyətçinin də razılıq ərizəsinin verilməsinin zəruriliyi bildirilmişdir. İddiaçı bundan sonra Cavabdeh1 müraciət edərək belə razılıq ərizəsi verməsini xahiş etsə də, sonuncu müxtəlif bəhanələr gətirmiş (istifadə etdiyi V tikilisi olan mətbəxin, həyətdəki sanitar qovşağın ona verilməsini istəmiş), yenə də razılıq ərizəsi verməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Rayon Məhkəməsi iddia tələbinin təmin edilməməsini qətnamədə belə izah etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etmədən cavabdehə aparılmış tikinti işləri barədə qabaqcadan məlumat verməmiş, onun razılığı alınmamış və digər payçının da payına düşən hissədən (rəsmi çıxarışla müəyyən edilmiş sahədən 50% daha çox sahə) tam istifadə edərək iddiaçı ümumi əmlakdan sahənin artırılmasını həyata keçirmişdir. Rayon Məhkəməsinin bu qətnaməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən tam ləğv edildyindən onun üzərində dayanamağa ehtiyac yoxdur. Lakin işin bu halı ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikaıs Mülki Məcəlləsinin 214.2-ci maddəsi paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə yenidənqurma və ya artırılma işlərinin aparılmasını nəzərdə tutur ki, bununla bağlı Cavabdeh1 belə razılığının olması, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində öz əksini tapmışdır. Belə ki, 2016-cı ildə evin iddiaçıya məxsus 1/2 hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün ona müraciət edilmiş və o, razılığını qeyd etmiş, özünün də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsi tikdirmək istəyinin olduğunu bildirmişdir. Cavabdehin bu razılığını təsdiq edən qanuni qüvvədə olan aşağıdakı məhkəmə qətnamələri bu faktı təsdiq edir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qətnaməsində qeyd olunur ki, “bundan əlavə, işə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ailəsi bəzi tikililərin inşasında cavabdehə köməklik göstərmiş, bu da iddiaçının cavabdehin bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər". Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29 noyabr 2018-cil il tarixli qətnaməsində də qeyd olunur ki, “digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ailəsinin bəzi tikililərin inşasnda İddiaçı köməkilik göstrədikləri müəyyən edilmişdir ki, bu xüsusatlar da onun İddiaçı bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər”. Cavabdeh inzibati orqanın 13 yanvar 2022- ci il tarixli imtina məktubunda evin paylı mülkiyyətdə olması səbəbindən artırılmış hissələrin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bütün payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi tələb edilir. İddiaçı hazırda belə razılq ərizəsini təqdim edə bilmir, lakin nəzərə alınmalıdır ki, sadalanan məhkəmə qətnamələri ilə Cavabdeh1 belə razılıq verməsi faktı təsdiq edilmişdir. Qətnamələr cavabdeh inzibati orqana təqdim edilmiş, onlara istinad edilmiş, lakin reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina olunmuşdur. Vətəndaş qanunverciliyin adıçəkilən normalarına uyğun olaraq, apardığı tikinti və quruculuq işlərinin nəticəsi olaraq yekunda bu işləri rəsmiləşdirməli, müvafiq dövlət orqanında onu reyestrdə qeydə aldırmalı, özünün mülkiyyət hüququnu tanıtmalıdır...» Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Üçüncü şəxs Cavabdeh1 yenidənqurma və artırılma işlərinə razılığının olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsində öz əksini tapmışdır. Belə ki, 2016-cı ildə evin ona məxsus və yaşadığı ½ hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün üçüncü şəxsə müraciət etmiş, onlar razılığını bildirmiş və özləri tərəfindən də gələcəkdə bu razılığını təsdiq edən qanuni qüvvədə olan aşağıdakı məhkəmə qətnamələri təqdim edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı 11 oktyabr 2017 –ci il tarixli qətnaməsinin 5-ci səhifəsində qeydolunur ki, bundan əlavə işə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçının ailəsi bəzi tikililərin inşasında cavabdehə razılıq kimi qiymətləndirilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29 noyabr 2018-cil il tarixli qətnaməsinin 7-ci səhifəsində qeyd olunur ki, “digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 ailəsinin bəzi tikililərin inşasında İddiaçı köməkilik göstrədikləri müəyyən edilmişdir ki, bu xüsusatlar da onun İddiaçı bu hərəkətlərinə razılıq kimi qiymətləndirilə bilər”. Qanuni qüvvəsini almış həmin məhkəmə qətnamələrindən göründüyü kimi, iddiaçı qabaqcadan aparılan tikinti işləri ilə əlaqədar digər paylı mülkiyyətçinin razılığını almışdır, lakin digər paylı mülkiyyətçi Cavabdeh1 tikinti işi başa çatandan sonra bu hüquqdan suiistifadə edərək daha çox sahə(mətbəx) əldə etmək məqsədi ilə indi yazılı razılıq verməkdən imtina edir…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı A.Əbdulzadə və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Hüseynov iddiaçı tərəfindən üçüncü şəxslə əlavə olunmuş tikinti sahəsi ildə bağlı razılıq ərizəsinin mövcud olmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi M.Niftullayev iddiaçının inşa etdiyi əlavə tikinti hüquqlarını pozduğunu, qabaq və arxa hissədən iki metr keçdiyini və damın çökdüyünü bildirərək, iddiaçıya əlavə tikili ilə bağlı razılıqları olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası vasitəsilə məhkəmədən - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə iddiaçının inşa etdiyi 65.6 kv.m ümumi sahədən və 82.6 kv.m mansard sahəsindən ibarət həcmdə ümumi mülkiyyətdə payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m yaşayış sahəsinin, 204,58 kv.m ümumi sahədən ibarət əmlaka onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın və texniki pasportun rəsmiləşdirilməsi (verilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: «…İşdə olan və tədqiq edilmiş sənədlərdən (qeydiyyat vəsiqəsi, layihə, imtina məktubu, məhkəmə aktları və s.) məlum olur ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla İddiaçı və üçüncü şəxs Cavabdeh1 məxsusdur. İddiaçı özünə məxsus payı orada əlavə tikililər aparılmaqla artımaq niyyəti ilə Nəsimi RİHə müraciət etmiş və müvafiq sənədləri, o cümlədən tikintinin layihəsini həmin quruma təqdim etmişdr. Bundan sonra RİH-dən müvafiq müddət ərzində layihəyə dair irad bildirilmədiyindən, o, sifarişçi tikinti işlərinə başlamışdır. İddiaçının paylı mülkiyyət olan payını artıqmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatda dəyişiklik olunması ilə bağlı inzibati orqana müraciətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, həmin müraciət üzrə aparılan inzibati icraata marağına toxunulan şəxs kimi əmlakın digər payçısı Cavabdeh1 cəlb olunmasa da, evdə əlavə tikinti işlərinin aparılmasına qabaqcadan onun yazılı razılığı alınmamış, hətta onlar arasında mübahisəli hal da yaranmışdır. Belə hal, əlavə tikililərə bağlı məlumatlandırma icraatının tam aparılmaması qənaəti yaradır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən hal kimi Cavabdeh1 razılıq ifadə etməsinə gəldikdə isə (bu, həm də iddiaçı tərəfin dəlili qismində çıxış edir), məhkəmə bu xüsusatı məlumatlandırma icraatı üzrə razılıq ifadəsi kimi qəbulunu məğbul saymır. Nəzərə alınmalıdır ki, müvafiq fərdi yaşayış evinin altındakı torpaq sahəsi də payçılara münasibətdə ayrı-ayrılıqda bölünməmişdir. Həmçinin, əlavə tikinti işləri başa çatdırıldıqdan sonra, sifarişçi kimi hazırkı iddiaçı tərəfindən tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd də hazırkı məhkəmə icraatında təqdim olunmamış, habelə onun inzibati icraatda cavabdeh inzibati orqana verilməsi də təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyin, o cümlədən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11.1, 16, 17, 24.1-ci maddələrinin tələblərinə zidd qiymətləndirilmir…» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi il və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. İş materiallarına əsasən isə iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin digər paylı mülkiyyətçisi olan işdə iştirak edən üçüncü şəxslə aralarında qeydiyyata alınması tələb olunan mübahisəli tikiliyə dair real bölgü barədə habelə, sərəncam verilməsi ilə bağlı müvafiq razılığın mövcud olduğu müəyyən edilmir. Belə ki, iş materialları üzrə Bakı şəhəri İH Tİ və MHYİ tərəfindən verilmiş 019723 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı,1/2 hissədə isə üçüncü şəxs H.Niftullayevanın adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır və bu işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, işdən görünür ki, iddiaçı evin özünə məxsus hissəsində yenidənqurma (artırma) işləri apararaq 2-ci mərtəbə inşa etmişdir ki, konkret halda da həmin artırma ilə birlikdə yeni qeydiyyatının aparılıb, reyestrdən yeni çıxarış verilməsini tələb etmişdir. Halbuki, evin yenidənqurma (artırma) işlərinə qədər olan əvvəlki vəziyyətində belə, ½ hissədə payları müəyyən olunmaqla ideal bölgü qaydasında iddiaçının və üçüncü şəxsin evə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni, mülkiyyətçilər arasında razılaşdırılmış real bölgü mövcud olmamışdır. Konkret halda, iddiaçı məlumatlandırma icraatı qaydasında özünə aid ½ hissədə 2-ci mərtəbəni artırdıqdan sonra da, onlar arasında müvafiq razılıq əldə olunmadan, iddiaçı cavabdeh qeydiyyat orqanına hazırkı iddianı qaldırmışdır. İddiaçının özünün də istinad etdiyi, işə əlavə olunmuş qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə üçüncü şəxs H.Niftullayeva (Quliyeva) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində cavabdeh İddiaçı qarşı qaldırdığı “evin, tikililərn sökülməsi və maneələrin aradan qaldırılması barədə” ilkin iddiası, sonuncunun isə birinciyə qarşı hərəkətlərinin qanunsuz hesab edilməsi və qeyri-yaşayış sahəsinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə” qarşılıqlı iddiası - həmin məhkəmənin 2(006)-3396/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-604/2018 saylı 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə dəyişhdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müəyyən olunmuşdur ki: «…İlkin iddiaçının mübahisəli fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölünməsi və ½ payda tam istifadənin təmin olunması tələbinə münasibətdə irəli sürükləri faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə ümumiyyətlə uzlaşmamaqdadır. Daha sonra məhkəmə Mülki Məcəllənin 215-ci və 220-ci maddələrinin tələblərini qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin, mübahisəsi gedən fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölgüsünün aparılmasının texniki cəhətdən mümkünsüz olması barədə gəlmiş olduğu nəticə düzgün olmuşdur. Bundan başqa, mübahisəli fərdi yaşayış evində «A, «B» və «V» tikililərdən başqa texniki tyinatına görə köməkçi sahə (qaraj) olan «Q» tikilisi də mövcuddur ki, həmin tikili əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin predmeti olmaqla,qanuni qüvvəyə minmiş qətnamə əsasında tərəflərin ümumi istifadəsinə verilmişdir. İşin qeyd edilən bu halı da sözügedən fərdi yaşayış evinin tərəflər arasında eyni hissədə real bölgüsünün aparılmasının texniki cəhətdən mümkünsüz olduğunu göstərir.(Qərarın 6-7-ci vərəqləri)» Tədqiq olunan qətnamələrlə müəyyən olunan hallardan göründüyü kimi, mübahisəli ünvanda yerləşən paylı mülkiyyətlə bağlı, mülkiyyətçilər arasaında razılaşdırılmış real bölgü mövcud deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Quliyevaya qarşı mülki icraat qaydasında baxılan ümumi mülkiyyət hüququnda payın artırılması, və mülkiyyət hüqşuqunun tanınması barədə iddia tələbi də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4191/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10388/2021 saylı qərardadı ilə ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10-cu maddəsi nəzərdə tutur ki, daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2013-cü il yanvarın 1-dən sonra inşa edilən və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə birgə şəkildə aşağıdakı sənədlər qeydiyyat üçün əsaslar sırasınada nəzərdə tutmuşdur: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.” İşdən görünür ki, iddiaçı özünə məxsus payı orada əlavə tikililər aparılmaqla artımaq niyyəti ilə Nəsimi RİH-ə müraciət etmiş və müvafiq sənədləri, o cümlədən tikintinin layihəsini həmin quruma təqdim etmişdr. Bundan sonra RİH-dən müvafiq müddət ərzində layihəyə dair irad bildirilmədiyindən, o, tikinti işlərinə başlamış, olsa da tikintinin başa çatdırılması barədə həmin orqana məlumat verməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Macəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyetlərinin tikinti obyektlərinin tikinti başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qüruma göndərir və ya bilvasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət reyestrinə göndərə və ya bilavasitə təqdim edə bilər. İşdən isə görünən odur ki, iddiaçı yenidənqurma (artırma) ilə bağlı əlavə tikinti işlərini başa çatdırıldıqdan sonra, tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi nə inzibati icraatda cavabdeh inzibati orqana, nə də ki hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Beləliklə də, iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli daşınmaz əmlakın iddiaçının adına reyestrdə qeydiyyatından və texniki pasport tərtib olunmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymələndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işdə olan sübutlarla müəyyən edilən hallara, maddi hüquq normalarına uyğun olaraq, iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarının işdə olan sübutlara uyğun olmadığını, əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar