Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2332/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11651/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 64 yaş 06 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmişdir. Lakin kifayət qədər əmək stajı olsa da, cavabdeh orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi təmin edilməmiş və hüquqları pozulmuşdur. Belə ki, cavabdehin 8 iyun 2020-ci il tarixli bildirişi ilə onun yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı, yalnız yaşa görə sosial müavinət almaq hüququnun olduğu, həm də tələb olunan 25 il siğorta stajına malik olmadığını bildirmişdir. Lakin o, 27 yanvar 1972-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 1972 – 1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ilədək müxtəlif müəssisələrdə işləmiş, ümumilikdə 25 ildən çox əmək stajı vardır...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 23 iyun 2023-cü il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət etmiş, həmin ərizəsinə aidiyyəti üzrə baxılaraq, məktubla bildirilmişdir ki, onun təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı hərbi xidmət dövrü nəzərə alınmaqla (xx.xx.1974-xx.xx.1977) 22 il 4 ay 26 gün təşkil edir. Qeyd olunanlara əsasən «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı 64 yaş 06 aydan (20 aprel 2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki,İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2020-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Samirə" firmasında, xx.xx.1995ci il tarixdən xx.xx.1997-ci il tarixədək “İstedad İstehsalat" Kommersiya firmasında və xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Nur" kiçik müəssisəsində (ümumillikdə 10 il 4 ay) işlədiyini iddia edir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”ı ilə tənzimlənən işçinin sosial sığorta stajını təsdiq edən sənəd olan əmək kitabçasının tərtibi qaydaları pozulmuşdur. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən onun Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (işə daxil olma və işdən azad olma əmrləri yoxdur), xx.xx.1993cü il tarixdən xx.xx.1995-ci il tarixədək (möhürdə SSR sözü yazılıb), xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək (möhür kirilcə yazılıb), xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək (işdən çıxma əmri kirilcə yazılıb) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Cavabdeh orqan tərəfindən İddiaçı sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə sorğu ünvanlanmışdır. Sorğuya gələn xx.xx.2023-cü il tarixdə cavab məktubunda Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Monitorinq)" altsisteminin “Sığortaolunanların reyestri" bölməsindən əldə edilən məlumatlara əsasən İddiaçı hər hansı bir sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin xeyrinə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinin qeydə alınmadığı bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 11651/2023 nömrəli qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. İddiaçı münasibətdə xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Samirə” firmasında, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “İstedad İstehsalat” Kommersiya firmasında və xx.xx.1997-ci il tarixdən xx.xx.2002- ci il tarixədək “Nur” kiçik müəssisəsində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin onun xx.xx.2006-xx.xx.2011-ci illərdə “Entel” Təmir tikinti firmasında işldiyi vaxt onun sığorta olunan kimi qeydə alınmadığı və məcburi sosial sığorta haqları ödənildiyi aşkar olunmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərinə nəzərə alan məhkəmə kolllegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını araşıdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanır. Qanunvericiliyin qeyd oolunan tələbləri nəzərə alınmaqla, iddiaçının iş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletinin, 1 mart 1972-ci il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1972 - xx.xx.1974: Bakı tikiş fabriki təmirçi fəhlə – 2 il 8 ay 21 gün; xx.xx.1974-xx.xx.1977: müddətli həqiqi hərbi xidmət- 2 il 25 gün; xx.xx.1977-xx.xx.1978: həmin fabrikdə çilingər təmirçi - 7 ay; xx.xx.1978-xx.xx.1978: həmin fabrikdə çilingər təmirçi 1 ay 25 gün; xx.xx.1978-xx.xx.1978: həmin fabrikdə təmirçi çilingər- 4 ay 23 gün; xx.xx.1978-xx.xx.1979: həmin Azon zavodunda presləyici şagirdi- 8 ay 17gün; xx.xx.1979-xx.xx.1991: Tikiş fabrikində təmirçi çilingər – 12 il 7 gün; xx.xx.1991-xx.xx.1993: Samirə firmasında mexanik - 1 il 7 ay 7 gün; xx.xx.1993-xx.xx.1995: həmin firmada - 1 il 11 ay 25 gün; xx.xx.1995-xx.xx.1997: “İstedad” İK firmasında çlingər- 2 il 22 gün; xx.xx.1997-xx.xx.2002: “Nur” kiçik müəssisəsində çilingər- 5 il 4 ay 28 gün; xx.xx.2002-xx.xx.2005: “Amal-R” firmasında mexanik – 3 il 21 gün; xx.xx.2006-xx.xx.2011: “Entel” Təmir tikinti firmasında mexanik- 5 il 11 ay 20 gün. İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə iş stajı ümumiləşdirildikdə, onun 38 il 9 ay 1 gün sığorta stajı toplanır. Lakin cavabdehin apellyasiya şikayətinin, iddiaçıya ünvanlanan imtina məktubu, iddia ərizəsinə etirazı ilə üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1991-xx.xx.1993-cü illlər üzrə stajı (1 il 7 ay 7 gün ) işə daxil olma və işdən azad olma əmrləri olmadığına görə, xx.xx.1993-xx.xx.1995-ci illlər üzrə stajı möhürdə SSR sözü yazıldığına görə (1 il 11 ay 25 gün), xx.xx.1995- xx.xx.1997-ci illər üzrə stajı (2 il 22 gün) möhürün kirilcə yazıldığına görə, xx.xx.1997- xx.xx.2002 illər üzrə stajını (5 il 4 ay 28 gün) səbəbi göstərilmədən, xx.xx.2006-xx.xx.2011 ci illər üzrə stajı (5 il 11 ay 20 gün) isə məcuburi sosial sığorta haqlarının ödənildiyi aşkar olunmadığına görə - sığorta stajı kimi nəzərə alınması mümknsüz hesab edilmişdir. Həmin dövrlərin də cəmi, 14 il 10 ay 20 gün təşkil edir ki, həmin iş stajı da iddiaçının əmək kitabçası üzrə cəmi toplanan 38 il 9 ay 1 gün stajından çıxıldıqda, yerdə qalan sığorta stajı 23 il 10 ay 11 gün təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsalardan çıxış edərək iddiaçının 14 il 10 ay 20 gün sığorta satajının onun sığorta stajından kənarlaşdırılmasını tamamilə əsassız sayır. Çünki, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsi nəzərədə tuturdu ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Eyni zamanda, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndi nəzərədə tuturdu ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” isə nəzərdə tuturdu ki: 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. ...; 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının əmək kitabçasının mübahisələndirən illəri ehtiva edən hər bir qeydi müəssisənin dairəvi möhürləri və məsul şəxsinin (direktorunun) imzaları ilə təsdiq olunmuşdur. Möhürün “Kirilcə” yazılmasına gəldikdə 1990-cı illərdə kirilcə yazılara təsadüf olunurdu. Çünki, hələ respublika səviyyəsində məcburi latın qrafikasına keçilməmişdi. Belə ki, latın əlifbası 1991-ci il dekabrın 25-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən yalnız Azərbaycan prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra, bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi və 1 avqust Əlifba günü kimi qeyd olunmağa başlamışdır. “0060211-ci illər üzrə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənildiinin aşkar olunmadığına gəldikdə, həmin vaxt qüvvdə olan “Sosial sığora haqqında AR Qanunun 14-cü və 18-ci maddələrinin tələbləri baxımından, iddiaçının işlədiyi həmin müəssisələrdə işəgötürən qürum sığortaedən olaraq, məcburi sığorta haqlarını onun əmək haqqından tutub növbəti ayın 20-dək sığortaçı DSMF-yə ödəmək, bu sonuncu isə bütün bu prosedurlara nəzarət etmək, sığortaedənlər həmin ödənişləri qanunvericiliyə üyğün qaydada ödəmədikdə, məhkəmə qaydasında əmlakları hesabına həmin haqların ödənilməsini təmin etmək vəzəifə funksiyaları daşıyırdılar. İddiaçının burada heç işəgötürənə qarşı iddia qaldırmaq kimi subyektiv hüquqa balə malik deyildi. Yəni burada iddiaçının sığortaolunan kimi məsuliyyətindən söhbət gedə bilməz. Qeyd edildiyi kimi, iddiaçının əmək kitabçasının mübahisələndirilən qeydləri müəssisə direktorları tərəfində imzaları ilə təsdiq olunub, müəsisənin dairəvi möhürləri ilə təsdiq olunduğu halda, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasından imtina etməsi qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də iddiaçının əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtinə müvafiq olaraq 25 ildən çox sığorta stajına malik olması sübuta yetirilir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq xx xxxxxxx 1955-ci il təvəllüdlü iddiaçıya 64 yaş 6 ayından yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə etməsi işin hallarına, maddi və prosessual hüquq normalaına uyğun nəticədir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hallarının hərtərəfli araşdırılmadığını, gəldiyi nəticənin işin hallarına, maddi və prosessual hüquq normalarını uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2332/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2332/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver