Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2333/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1238/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və pensiyanın ödənilməyən hissəsinin son 3 ilinin, yəni xx.xx.2021-ci il tarixindən indiyə qədər yığılan məbləğin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə anadan olmuşdur. O, xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilə kimi Bakı Alkoqolsuz Pivə Sənayesi Birliyində mühasibatçı vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.1976-cı ildə həmin birlikdə mühasib vəzifəsinə qəbul edilmiş və 4 saylı Mənzil İstismar idarəsinə göndərilmiş, xx.xx.1978-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad edilmişdir. O, xx.xx.1978-ci ildə Azərqalantereya Bazasında işə qəbul edilmiş və xx.xx.1992-ci ilə kimi orada işləmişdir. Daha sonra o, “Qum Adası” Neft və Qazçıxarma İdarəsinin nəzdindəki “Bahar-3” kooperativində xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə kimi qapaq kollektoru vəzifəsində, "xxxx" Firmasında xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilə kimi karguzar-katibə vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə kimi həmin firmada ofis meneceri, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilə kimi isə mühasib vəzifəsində işləmişdir. 2006-cı ildən heç bir işdə işləməmişdir. Beləliklə, iddiaçının ümumi stajı 30 il 9 ay 24 gündür, yəni 25 ildən çox təşkil edir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı pensiya təyin edilməsinin mümkün olmaması haqqında imtina məktubu vermişdir. Məktubda pensiya təyinatının mümkün olmamasının səbəbi kimi qeyd edilmişdir ki, şəxsin ümumi iş stajı 21 il 3 ay təşkil edir və şəxsin xx.xx.2006-xx.xx.2018-ci il tarixinədək olan dövr ərzində fərdi hesabdakı sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı və xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta stajına uyğun sığorta kapitalının 15752,63 manat olduğu, həmçinin kapitalın 28800 manatdan az olduğu göstərilmişdir. Lakin «Əmək pensiyaları haqqında» qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Hal-hazırda pensiya hüququ qadınlarda 64 yaşda, kişilərdə isə 65 yaşda yaranır. Cavabdeh orqan pensiya kapitalının az olduğunu bildirərək imtina etsə də, yenə də iddiaçının sosial sığorta stajı 25 ildən artıq olduğu üçün cavabdehin imtinası əsassızdır. Həmçinin şəxsin pensiya kapitalının hesablanması şəxsin yox, cavabdeh orqanın vəzifəsidir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) e-2-1(112)-1238/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməyən hissəsinin son 3 ilinin, yəni xx.xx.2021-ci il tarixindən indiyə qədər yığılan məbləğin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya imtina məktubu ünvanlanaraq onun ümumi iş stajının qanunvericilikdə tələb olunandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-65100/2024 nömrəli xidməti məktubuna əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1992-ci il tarixədək 17 il 15 gün, xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla tələb olunan yaş həddinə çatdığı tarixədək mübahisələndirilməyən ümumi sığorta stajı 17 il 5 ay 15 gün təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq iddiaçının pensiya yaşına çatdığı xx.xx.2020-ci il tarixdən sonra xx.xx.2024-cü il tarixədək (1 il 2 ay) fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün işdən çıxma qeydində səlahiyyətli şəxsin imzası olmadığından həmin dövr sosial sığota stajına daxil edilməmişdir. Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli qarşılıqlı yoxlama aktına əsasən “Tornado-SS” firmasının arxiv sənədləri saxlanılmadığından, işə daxil olma və işdən çıxma tarixləri qeyri-iş gününə təsadüf etdiyindən, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından xx.xx.1997ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın səbəbi kimi iddiaçının ümumi stajının 21 il 3 ay olmaqla 25 ildən az olması, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə qədər fərdi hesabında sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.2006-cı ilə qədər olan sığorta stajına uyğun sığorta kapitalının 15752,63 manat olmaqla, tələb olunan 28800 manat sığorta kapitalından az olması göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2019 - 30 iyun 2020-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 61 il 6 aydır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2020-ci il tarixdən (61 il 6 ay), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının 17 il 05 ay 15 gün ümumi staja malik olması cavabdeh tərəfindən mübahisələndirilmir, lakin iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-cü ilədək və xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illər əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisənin sənədlərinin arxivə təhvil verilməməsinə, əmək kitabçasının doldurulması vəziyyətinə görə iddiaçı cavabdehlik daşımır. Cavabdehin mübahisələndirdiyi xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək olan qeyddə imza olmasa da, müəssisənin möhürü həmin qeydə vurulmuşdur, yəni möhürlə təsdiq edilmişdir və həmin qeyddən sonra başqa müəssisədə əmək fəaliyyəti davam etmiş və əmək kitabçasında qeydlər davam etdirilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajı 25 ildən çoxdur (xx.xx.1975-xx.xx.1976, xx.xx.1976xx.xx.1978, xx.xx.1978-xx.xx.1992, xx.xx.1992-xx.xx.1997, xx.xx.1997-xx.xx.2006 və xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5 ay əmək fəaliyyəti dövrləri). Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixdən əmək pensiyası hüququ yaranmış və həmin tarixədək iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1238/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2333/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2333/2025
03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver