Məhkəmə qərarları › İş №2-1(103)-2334/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2334/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2334/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq iş illəri sığorta stajına daxil edilməklə idddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” barədə iddia tələbi üzrə üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4401/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya onun 19 aprel 1991ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 01 sentyabr 1981-ci il tarixdən 17 iyul 1984-cü ilə tarixədək Sumqayıt şəhərindəki 7 saylı texniki peşə məktəbində və 1986-1989 cu illərdə Sumqayıt Politexnikumunda təhsil aldığı müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçirilmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 7 may 1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğunu, həmçinin əmək kitabçasında qeyd edilən 19 aprel 1991-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığını bildirərək, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanuna zidd olduğu bildirilmişdir. Şöbənin imtinası qanunsuzdur. O, cavabdehin həmin illərin sığorta stajının yoxlanmasının mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, həmin illər üzrə işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası isə, şəxsə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bundan başqa, o, 1 sentyabr 1981-ci il tarixdən 17 iyul 1984- cü il tarixədək Sumqayıt şəhərindəki 7 saylı Texniki Peşə Məktəbində əyani şöbədə təhsil almışdır. 1984cü ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1984 – 1986-cı illərdə hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1986 – 1989-cu illərdə həmin texnikumda təhsilini davam etdirmişdir. Cavabdeh həmin təhsil illərini sığorta stajına daxil etməmişdir. O, 10 iyul 1995ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Azərkimya” X2-Polietilen Zavodunun etilen qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işləmiş və hazırda da həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər ümumi və zərərli iş stajı toplamışdır. Beləliklə, onun əmək pensiyası hüququ 52 yaşdan yaranır. Ona 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4401/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı onun 19 aprel 1991-ci il tarixdən 29 iyun 1996cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə texniki peşə məktəbində və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni 7 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (hal hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qərarını İddiaçı əmək kitabçasındakı qeydlərin (1991 - 1994-cii illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmamasının inzibati orqan tərəfindən sübuta yetirilməməsi ilə əsaslandırmış və onları mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsi üçün əsas verməmişdir. İddiaçının əmək kitabçasından görünür ki, o, 30.07.1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı, 10.07.1995-ci ildən 01 yanvar 2006-cı ilədək (10 il 05 ay 21 gün) “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti peşəsində çalışmışdır. İddiaçının çalışdığı peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 1071200а—13775 kodu ilə nəzərdə tutulmuşdur. Halbuki, həmin kod altında nəzərdə tutulan peşə: “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğularının maşinistləri” adlanmaqdadır. Digər tərəfdən, həmin peşə 10712000 kodu altında nəzərdə tuutlmuş “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması" adlanan 10-cu alt-bölməyə aiddir. Sözügedən 10-cu alt-bölmə isə, “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci Bölməyə daxildir. İddiaçının çalışdığı sahənin metallurgiya ilə əlaqəsi olmadığı aşkar edilmişdir. Deməli, Məhkəmə həmin bölməyə istinad etməsi qanunsuzdur. Dolayısı ilə, məhkəmənin İddiaçını peşəsinin adı çəkilən 1 sayı Siyahıda nəzərdə tutulduğuna dair gəldiyi nəticə qanuni və əsaslı deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-405/2021 saylı, 10 fevral tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2-1(112)-4401/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1118/2021 saylı 30.06.2021ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının kollegiyasının 2-1(103)-405/2021 saylı, 10 fevral tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan məhkəmələr idiaçının peşəsinin iş yerindən verilən arayıəda qeyd edilən peşədən fərqli peşədə işləməsini əsaslandırmamışlar. İddiaçının əmək kitabçasında peşəsi göstərilən Etilen- Polietilen zavodunda kompressor qurğu maşintinin Siyahıda istinad etdiyi xlorun çəkibvrulması ilə məşğul olan kompresor qurğuların maşınıləri peşəsi ilə eyni oması barədə araşdırma aparmamış. İş yerinə sorğu etməmiş, iddiaçının işlədiyi müəssisənin AR NK-nin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 01 saylı Siyahısına nəzərdə tutulan sahəyə, işlədiyi peşənin Siyahıdakı peşələrə uyğun olması yoxlanılmamışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının Etilen-Polietilen zavodunda işlədiyi kompressor qurğu maşinisti peşəsinin 01 nömrəli Siyahıda qeyd olunmuş peşə ilə eyni olub-olmamasının müəyyən etmək məqsədilə “Azərkimya” X3-Polietilen zavoduna sorğu verilmiş və həmin müəssisədən 30 sentyabr 2021-ci il tarixdə sorğuya cavab verilmişdir. Cavabda iddiaçının tam iş günü ərzində Etilen-Polietilen zavodunun əsas texnoloji sahələrindən olan etilenin qəbulu və sıxılması sahəsində etilen və propan qazlarının qəbulu, sıxılması və nəqlinə xidmət edən kompressor qurğuların maşınısti ( fəhlə ) peşəsində çalışması qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin faktiki hallarından görünür ki, iddiaçı 7 may 1966-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh 11 fevral 2019-cu il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğu, həmçinin əmək kitabçasında qeyd edilən 19 aprel 1991-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək, 3 dekabr 1992-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək, 4 yanvar 1993-cü il tarixdən 21 iyun 1993-cü il tarixədək, 21 iyun 1993-cü il tarixdən 29 iyul 1993-cü il tarixədək, 2 avqust 1993-cü il tarixdən 29 noyabr 1993-cü il tarixədək, 1 dekabr 1993-cü il tarixdən 29 mart 1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanuna zidd olduğu bildirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul olunmuşdur “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahıda hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi etilenin qəbulu və sıxılması sahəsində etilen və propan qazlarının qəbulu və nəqlinə xidmət edən “kompressor qurğu maşinisti” (fəhlə) peşəsi Kimya İstehsalı adlanan Vİİİ bölməsində kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi 1080A00-17541 kodu altında nəzərdə tutulmuşdur ki, bu, işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə kollegiyası hesab edir iddiaçının 1981 – 1984-cü illərdə texniki peşə məktəbində, 1986 – 1989-cu illərdə Sumqayıt Politexnik Texnikumunda təhsil dövrü və 1984 – 1986-cı illərdə hərbi xidmət müddəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən ümumi iş stajına daxildir. Bu səbəbdən, inzibati orqanın imtinasındakı “20 il ümumi iş stajının toplanmaması” dəlili ilə razılaşmır Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin (1991 – 1994-cü illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd edilən Sumqayıt etilen-polietilen zavodunda işlədiyi kompressor qurğu maşinisti peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan sahə və peşələrə uyğun olması barədə iş yerindən arayış alınmaqla əlavə araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında peşəsi göstərilən etilen-polietilen zavodunda kompressor qurğu maşinistinin Siyahıda istinad etdiyi xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğuların maşinistləri peşəsi ilə eyni olması, iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan sahəyə, işlədiyi peşənin Siyahıdakı peşələrə uyğun olub-olmaması barədə “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna sorğu verilmişdir. Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən daxil olan 30 sentyabr 2021-ci il tarixli, 3104/0N- 04-1514 nömrəli cavab məktubunda bildirilmişdir ki, “müəssisə tərəfindən İddiaçı verilmiş arayışdan və əmək kitabçasından göründüyü kimi, o tam iş günü ərzində “Etilen-Polietilen” zavodunun əsas texnoloji sahələrindən olan Etilenin qəbulu və sıxılması sahəsində etilen və propan qazlarının qəbulu, sıxılması və nəqlinə xidmət edən kompressor qurğularının maşinisti (fəhlə) peşəsində çalışmışdır”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tam iş günü ərzində “Etilen-Polietilen” zavodunda etilen və propan qazlarının qəbulu, sıxılması və nəqli sahəsində kompressor qurğularının maşinisti (fəhlə) peşəsində çalışması iş materialarında olan sübutlarla tam təsdiq olunduğundan, ona 52 yaşdan, yəni 07 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması cavabdeh orqanın üzərinə həvalə olunmalıdır. Belə ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən həmin siyahının Vİİİ (kimya istehsalatı) bölməsində (kod 1080A00-17541) sadalanan istehsalatlarda və işlərdə tam iş günü ilə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, o cümlədən, texnoloji sahələrdə məşğul olan işçilər yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 4401/2020 saylı tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar