Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2335/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2- 1(112)-2863/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı hüquq məsləhətxanası ilə iddiaçı arasında olan əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsinə (ləğv edilməsinə) dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildən 1 saylı Hüquq məsləhətxanasından öz ərizəsinə əsasən işdən azad edilmişdir. 1 saylı Hüquq məsləhətxanasının fəaliyyəti dayandırılıb, buna baxmayaraq bu gunə qədər elektron sistemində onun əsas iş yeri kimi 1 saylı Hüquq məsləhətxanası göstərilir. Bu da ona iş yerində bir sıra problemlər yaradır. Bu barədə Azərbaycan Respublikası Vəkillər Kolleqiyasına rəsmi müraciət etmişdir. Onların səhlənkarlığı nəticəsində iddiaçının hüquqları pozulur, daha sonra bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciətləri olub və sonuncu dəfə DOST mərkəzinə etdiyi müraciət heç bir nəticə vermədiyi üçün və onlardan aldığı rəsmi cavaba əsasən müraciətinin məntiqi sonluğa çatması üçün məhkəmə tərəfindən verilən qərardan aslı olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı 1 saylı Hüquq məsləhətxanası ilə qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərarın qəbul edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlərin aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2863/2025 nömrəli (sədrlik edən hakim A.Ə.Əhədova) qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 1 saylı Hüquq məsləhətxanası ilə qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərarın qəbul edilməsi və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlərin aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən 27 yanvar 2025-ci il tarixində 2-1(112)-2863/2025 nömrəli qərardad qəbul edilmiş və iddia tələbi dəyişdirilmişdir. Yenidən həmin tarixdə məhkəmə baxışı yekunlaşdırılmış və iddianın təmin edilməsi barədə yekun qərar qəbul edilmişdir. Əvvəla, məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi halında cavabdehin etirazının olub-olmamasını soruşmalı, cavabdeh prosesdə iştirak etmədiyi təqdirdə ən azından bir iclas təxirə salınmaqla yeni iddia tələbi ilə cavabdehin tanış olmasını təmin etməli idi. İnzibati Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən, cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Cavabdeh iddianın dəyişdirildiyi prosesdə iştirak etməmiş, nə yazılı, nə də şifahi qaydada dəyişdirilmiş iddia ilə bağlı mövqe bildirməmişdir. Həmçinin, iddia tələbi dəyişdirildiyi halda məhkəmə həmin iddia tələbi üzrə məhkəmə baxışının keçirilməsini təmin etməmiş, məsələyə formal yanaşmışdır. Dəqiqləşdirilmiş iddia tələbinə görə qərar qəbul etmiş məhkəmə cavabdehin üzərinə əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsi və bununla bağlı elektron bildirişin elektron sistemə daxil edilməsi öhdəliyini qoymaqla Xidmətin səlahiyyətlərindən kənar öhdəlik müəyyən etmişdir. Belə ki, əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. İddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Məhkəmə tərəfindən əmək müqaviləsi ləğv edilmiş hesab edilmədiyi təqdirdə Xidmət tərəfindən belə bir qərar qəbul edilməsi, yaxud hər hansı əməliyyatların icra edilməsi qanunaziddir. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə fərdi əmək mübahisəsi kimi ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. Məhkəmə tərəfindən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qərarında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1ci hissəsinə istinad edərək həmin maddədə nəzərdə tutulan halların fiziki şəxsə münasibətdə olduğunu, hazırkı halda işəgötürənin hüquqi şəxs olması səbəbindən Xidmətin qərar qəbul etmə səlahiyyətinin olmamasını təsdiq etmiş, lakin analogiya tətbiq edərək hüquqi şəxsə münasibətdə də Xidmətin qərar qəbul etməli olduğunu qeyd etmişdir. Qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. İndiki halda qeyd olunan məsələ qanunla tənzimləndiyindən analogiyanın tətbiq edilməsi üçün əsas mövcud deyildir. Əmək müqaviləsinə xitam verilməsi, yaxud əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Həmçinin məhkəmə aidiyyət normalarını gözləmədən iddianı icraata qəbul etmiş, mahiyyəti üzrə baxıb yekun qərar qəbul etmişdir. Məhkəmə iddianı aidiyyət məsələsinə əsasən mümkün sayılmamalıdır. Məhkəmə qəbul etdiyi qərarla artıq formalaşmış vahid məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Oxşar iddia tələbi üzrə ümumi məhkəmələrdə baxılmış və yekunlaşdırılmış onlarla məhkəmə qətnaməsi mövcuddur. Həmçinin, inzibati məhkəmələr tərəfindən oxşar iddialara münasibətdə iddianın mümkün sayılmaması barədə qərarlar qəbul edilir və yuxarı instansiya məhkəmələrində həmin qərarlar qüvvədə qalır. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2863/2025 nömrəli qərarının ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2863/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi ...
4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları ... 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1.3-2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı həmin informasiya sistemində müvafiq qeydlər aparmaq xidmətin vəzifələrinə aid edilmişdir.
İnzibati Prosessual Məcəllə:
Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasında katibə-xəzinadar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə operator-kompyuterçi vəzifəsinə keçirilmişdir. Bununla bağlı əmək müqaviləsi bildirişi işəgötürən, yəni Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə elektron informasiya sisteminə daxil edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı xahişi ilə o işdən azad edilmişdir. Lakin işdən azad olunmasına baxmayaraq işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi elektron informasiya sistemində ləğv edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Həmçinin nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Beləliklə, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd olunan əsas mümkünlük şərtinin ödənilməsi tələb olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasında operatorkompyuterçi vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilmiş hesab edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərkibinin qənatinə görə, hazırkı idda tələbinə cavabdeh kimi 1 saylı Hüquq Məsləhətxanası müəyyən edilməklə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, 1 saylı Hüquq Məsləhətxanasının hüquqi şəxs kimi qeydiyyatı ləğv edilməmişdir. Başqa sözlə, 1 saylı Hüquq Məsləhətxanasının iddia tələbinin yönəldiyi hüquqi şəxs kimi mülki məhkəmə icraatı qaydasında cavabdeh ola bilməsi üçün heç bir prosessual maneə yoxdur. Nəzərə almaq lazımdır ki, hazırkı cavabdeh olan inzibati orqan yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda, yəni işəgötürən fiziki şəxs olduqda qanunverciliklər nəzərdə tutulmuş qaydada inzibati fəaliyyət apararaq əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edir. Başqa sözlə, hazırkı halda Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxılmasına iddiaçının hüquqi marağı mövcud deyil. Çünki nə qədər ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallar mövcud deyil, cavabdeh inzibati orqandan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etməsini tələb etməsi əhəmiyyətsiz olacaqdır. Təsadüfi deyildir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-polulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, iddiaçının predmet aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz. Nəzərə alınnmalıdır ki, şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2863/2025 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə elektron sistem üzərindən xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2-1(112)-2863/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.