Məhkəmə qərarları › İş №2-1(103)-2336/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2336/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2336/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3144/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu xx.xx.2006-cı il təvəllüdlü X10 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). Sonradan, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsında iddia dəqiqləşdirilərək İddiaçı əsl iddiaçı X13 ilə əvəz edilmişdir. İddiaçının tələbi aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2006-cı il təvəllüdlü X13 Bakı şəhərində anadan olmuşdur. Atası X1 rayonundan məcburi köçkündür. Anası İddiaçı ilə nikahda olduqları müddətdə iddiaçı həm məcburi köçkünlər üçün ödənilən müavinəti alırdı, həm də Komitə tərəfindən verilmiş məcburi köçkün statusu verən vəsiqəsi də var idi. İddiaçı valideynləri arasında nikah pozulduqdan sonra, X7 həm müavinəti dayanmış, həm də məcburi köçkün statusu verən vəsiqəsi ləğv edilmişdir. Bununla bağlı Komitəyə müraciət etsə də, Komitə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçı tərəfə bildirilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X10 yenidən məcburi köçkün statusu verən vəsiqənin verilməsi mümkün deyildir. Çünki anası Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 135, mənzil 84 ünvanında qeydiyyatdadır…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “…Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3144/2024 saylı xx.xx.2024-cü saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X10 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar əsassızdır və heç bir etibarlı sübutla öz təsdiqini tapmır. Belə ki, “İddiaçının atası X12 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmadığından və anası İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi qanunvericiliyə tam uyğundur...” Məhkəmə kollegiyasının 13 iyun 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, anasının məcburi köçkün statusu yoxdur, atası məcburi köçkündür, əvvəllər atasına da, ona da yemək xərci verilirdi. Yemək onun özünə verilmirdi, atası alırdı. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxlmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanunun (xx.xx.1999-cu il № 668-İQ) 1-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin 1-ci bəndinin 4-cü abzasına əsasən həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 23 may 2013cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları»nın 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə və ya fərdi indentifikasiya kartına əsasən müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunan faktiki hallar aşağıdakılardan ibarətdir. Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə olunmuş Saatlı RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçının atası X12 xx.xx.1978-ci ildə Cəbrayıl rayonunun, Süleymanlı kəndində doğulmuş, yaşayış yeri üzrə ünvanı Cəbrayıl rayonu, Süleymanlı kəndidir. -ASAN 1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçının anası İddiaçı xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri üzrə ünvanı ünvan 5i rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının valideynləri X12 ilə İddiaçı arasında olan birgə nikah ləğv edilmişdir. -ASAN 2 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X13 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri üzrə ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 135, mənzil 84-dür. -Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əsasən xx.xx.2006-cı il təvəllüdlü X2 rayon pasport qeydiyyatında yoxdur, ona vahid aylıq müavinət ödənilmir. -Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, Cəbrayıl rayonunun Süleymanlı kənd sakini, xx.xx.1978-ci il təvəllüdlü X4 adı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində məcburi köçkün düşdüyü tarixdən adı vahid aylıq müavinət alanların adlı siyahısına daxil edilmiş və hazıra kimi ona bu təyinat üzrə müavinət ödənilir. Tədqiq olunan sənədlərə əsasən müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının atası xx.xx.1978-ci il təvəllüdlü X12 1993-cü ilin avqust ayında Cəbrayıl rayonunun Süleymanlı kəndindən məcburi köçkün düşmüş, yaşyış yeri üzrə ünvanı Cəbrayıl rayonu, Süleymanlı kəndidir, İddiaçı ilə birgə nikahından xx.xx.2006-cı il tarixdə iddiaçı X13 doğulmuş, xx.xx.2015-ci il tarixdə nikahları pozulmuşdur. Həmçinin sözügedən sənədlərə, habelə iddiaçının izahatına əsasən müəyyən olunur ki, iddiaçının atasın X8 məcburi köçkünlərə verilən müavinət bu günədək ödənilir, iddiaçıya isə əvvəllər həmin müvinət ödənilsə də, valideynləri arsında nikah pozulduqdan sonra ödəniş dayandırılmışdır. Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” nəzərədə tuturdu ki, yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda isə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Beləliklə də, cavabdehin apellyasiya şikayətinin iddiaçının atasının məcburi köçkün statusuna malik olmadığını mübahisələndirərək onun övladı olan iddiaçıya məcburi köçkün statsunun verilməsinin səbəblərindən biri kimi istinad olunan dəlilinin əsasız olduğu öz təsdiqini tapır. Onun şikayətinin iddiaçının anasının qeydiyyatının və yaşayış yeri ünvanı Bakı şəhəri olmasına istinad olunan dəlili ilə əlaqədar isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçıya məcburi köçkün statsunun verilməsindən imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, birincisi, iddiaçının atası məcburi köçkün kimi, vahid aylıq müavinət alır. İkicisi, iddiaçının doğulduğu vaxt (2006-cı il) qüvvədə olmuş Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatda uşaqların hər iki valideyninin məcburi köçkün olması şərti də nəzərdə tutulmamışdır. Üçüncüsü, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: “İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir...” Birinci instansiya məhkəməsi qərarında da məhz, əsaslı olaraq qeyd olunanları nəzərə almaqla, hesab etmişdir ki, iddiaçıya münasibətdə “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndi tətbiq edilməklə, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayona (şəhərə) olmadığı əsas gətirilməklə, müavinətdən məhrum olması onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməli, cavabdehin imtinası qanunazidd sayılmalı və iddia tələbi təmin edilərək iddiaçı X10 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, etibarlı sübutla öz təsdiqini tapmadığını mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3144/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM, m. 87.6.) Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3144/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar