Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2336/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9ə qarşı Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən 900 kv.m. torpaq sahəsinə dair plan və ölçü sxeminin tərtib edilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2- 1(112)-1736/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlisalam oğlu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 138/b saylı qərarı ilə, Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 511 saylı qərarı ilə adına rəsmiləşdirilməsi qərara alınmış, Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən 900.0 kv.m. torpaq sahəsinə dair plan və ölçü sxeminin tərtib edilməsi və onun adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 138/b saylı qərarı ilə, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 511 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan vətəndaş X1 adına Biləcəri Bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş 2900.0 kv.metr torpaq sahəsindən əlavə olunmuş cizgi əsasında 1000,0 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən vətəndaş X1 adından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 2 ünvanında yaşayan vətəndaş X2 adlna, digər əlavə olunmuş cizgi əsasında 900.0 kv metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşma əsasən vətəndaş X1 adından sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün ünvan 3 ünvanında yaşayan vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı hazırkı tələb ilə bağlı cavabehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin qərarı xx.xx.2008-ci il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, qanunvericiliklə müəyyən edilmiş bəzi hallar istisna olmaqla, açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilir. Eyni zamanda, müvafiq torpaq sahəsinin coğrafi mövqeyini müəyyən edən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. O cümlədən, sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Binəqədi Oyl) yerləşir. Həmçinin, yol tərəfdən hasarboyu 108 və 159 mm-lik orta təzyiqli yerüstü və 219 mm-lik orta təzyiqli yeraltı qaz xətləri keçir. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin üzərində bir ədəd transformator yerləşməklə daxilindən 6-10 kv-luq yüksək gərginlikli elektrik xəttinin keçdiyi məlum olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-1(112)-1736/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia ərizəsi təmin edilmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-1(112)- 1736/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etiraz ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, mübahisəli torpaq sahəsi bazada bələdiyyə torpağı kimi deyil, dövlət torpağı kimi görünür. Ekspert rəyinin qərardadın birinci sualına cavabından narazı deyillər. Belə ki, İddiaçı iddia etdiyi torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 511 saylı qərarına əsasən X3 ayrılmış 2900 kv.m. torpaq sahəsi ilə üst-üstə düşür. Lakin bələdiyyə torpağı olmasına dair olan hissə ilə razılaşmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, məhkəmə tərəfindən cavabdehə sorğu da verilmiş və həmin sorğuya cavabdan görünür ki, mübahisəli torpaq sahəsinə qonşu olan torpaq sahələri üzrə də çıxarışlar mövcuddur. Həmin torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə verilmişdir. Torpaq sahəsi daş hasarın içində yerləşir, uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Başqa şəxslərin həmin torpaq sahəsinə dair iddiaları yoxdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 54 saylı qərarına əsasən Biləcəri bələdiyyəsi hüdudları daxilində uzun müddətdən bəri istifadə etdiyi və daş hasara aldığı 2900 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ünvan 4 ünvanında yaşayan vətəndaş X4 ayrılmışdır. - “Torpaqların alqı-satqısına dair akt”da qeyd edilmişdir ki, Biləcəri bələdiyyə ərazisində 2900,0 kv.m torpaq sahəsinin satılması barədə 07 iyul 2006-cı il tarixli, 511 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində Binəqədi rayon kapital bankının hesabına əvvəlcədən 6496, manat haqq ödənilmişdir. - Biləcəri bələdiyyəsinin 07 mart 2008-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 511 saylı qərarı X1 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə sənədləşdirilmiş əlavə olunmuş cizgi əsasında 2900 kv.m. torpaq sahəsindən əlavə olunmuş cizgi əsasında 1000 kv.m. torpaq sahəsi öz adında qalmaqla, əlavə olunmuş cizgi əsasında 1000 kv.m. torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən vətəndaş X1 adından sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün X2 adına, digər əlavə olunmuş cizgi əsasında 900,0 kv.m. torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasında vətəndaş X1 adından sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün İddiaçı adına sənədləşdirilmişdir. - Biləcəri bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, A-1216 saylı arayışında qeyd edilmişdir ki, Biləcəri bələdiyyəsinin hüdudları daxilində bələdiyyənin xx.xx.2006-cı il tarixli, 511 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2900,0 kv.m torpaq sahəsi onun adına sənədləşdirilmişdir. - Milli Arxiv İdarəsinin 29 iyun 2022-ci il tarixli, BA-03917-2022 saylı məktubunda qeyd edilmişdir ki, vət.X5 barəsində Binəqədi rayon Biləcəri bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 511 saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. - Cavabdehin 03 iyun 2024-cü il tarixli, 3-21-3-30/2-70625-8/2024 **********75 saylı imtina məktubu onunla əsaslandırılmışdır ki, “…tərəfinizdən təqdim edilmiş Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin qərarı xx.xx.2008-ci il tarixlidir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər”. - Biləcəri bələdiyyəsinin 02 avqust 2024-cü il tarixli, 01/232 saylı məktubunda qeyd edilmişdir ki, “…Binəqədi rayon Biləcəri bələdiyyəsinin 138/b saylı, xx.xx.2008-ci il tarixli və 511 saylı, xx.xx.2008-ci il tarixli qərarları və həmin qərarların verilməsinə əsas olan sənədlər Milli Arxiv İdarəsinə təhvil verilmişdir”. - Birinci instansiyası məhkəməsində işə baxılarkən məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 sentyabr 2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin sərhədləri, dörd tərəfdən mişar daş hasarla sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd köhnə tikili mövcuddur. Faktiki torpaq sahəsi, Bakı-Sumqayıt şossesinin kənarı ərazidə sağ tərəfində yerləışməklə, üzərində bir ədəd transformator yerləşir və ona daxil olan 6-10 kv-lıq elektrik xətti keçir. - Milli Arxiv İdarəsinin 21 may 2025-ci il tarixli, 3-48-2F/2-1062/2025 saylı məktubunda qeyd edilmişdir ki, “… vət. İddiaçı İslam oğlu barəsində Binəqədi rayonu Biləcəri bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2008-cı il tarixli, 138b, vət.X5 barəsində xx.xx.2006-cı il tarixli, 511 saylı qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur”. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə müvafiq olaraq, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarına əsasən Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yerləşən 2900 kv.m torpaq sahəsinin X4 ayrılması barədə Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli, 54 nömrəli qərarı mövcuddur. Daha sonra X4 ayrılmış torpaq sahəsinin 900,0 kv.m hissəsinin İddiaçı adına sənədləşdirilməsi barədə Bakı şəhəri Biləcəri bələdiyyəsinin inzibati aktı da mövcuddur. Biləcəri bələdiyyəsinin sözügedən qərarları (inzibati aktlar) hal-hazırda da qüvvədədir. Torpağın ayrılmasına dair inzibati aktlar qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə ki, cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr tarixli, 10/3470 saylı ekspert rəyindən isə görünür ki, Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 511 saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 ayrılmış 2900 kv.metr torpaq sahəsindən İddiaçı istifadəsinə ayrılmış torpaq 1000 kv.metr torpaq sahəsinin koordinatları aşağıdakı kimidir … Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 511 saylı Qərarına əsasən Biləcəri qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 ayrılmış 2900 kv.metr torpaq sahəsinin Biləcəri bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. … Biləcən bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 511 saylı Qərarına əsasən Biləcəri qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 ayrılmış 2900 kv.metr torpaq sahəsinin Biləcəri bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdehin şikayətində qeyd etdiyi torpaq sahəsində transformatorun olması, həmin transformatorun daxilində yüksək gərginlikli elektrik xəttinin keçməsi, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas deyildir. Belə ki, etirazda göstərilən hallar texniki məsələlərdir və onların aradan qaldırılması mümkündür. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərizələrdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”inə əsasən (1.4-cü bənd), bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər...(1.7.-ci bənd) Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, e-2-1(112)-1736/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2336/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2336/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver