Məhkəmə qərarları › İş №2-1(103)-2337/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2337/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2337/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “fərq məbləğinin hesablanıb birdəfəlik ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 2006-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Xidmət Nümayəndəliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30 iyun 2021-ci il tarixli iddia tələbinə dəqiqləşdirilmə barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinin əsl cavabdeh DSMF Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2001-ci ildən Müharibə veteranıdır, lakin 2006-cı il tarixdən Müharibə veteranlarına ödənilən müavinətlə təmin edilməmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyindən Müharibə veteranı kimi müavinat alır, lakin qanunla Müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququnun yarandığı gündən yəni 2006-cı ildən müavinət almır. İddiaçı hesab edir ki, ona ödənilməyən 2006-cı ildən 01.04.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, iddiaçı qeyd edir ki, bir çox onun kimi olan hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon xidmət nümayəndəliyinə müraciət etmiş, lakin cavabdeh müraciətinə cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)- 6385/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı daha əvvəl də Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 06.04.2021-ci il tarixli 2-1(112)-2611/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının hazırki tələbdə qeyd etdiyi dövrün 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək olan hissəsinə məhkəmə qərarı ilə münasibət bildirilmiş, iddiaçı həmin qərardan şikayət verməmiş, məhkəmənin qərarı qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırda qaldırdığı iddianın 01.04.2017-ci ildən 01.04.2019-cu ilədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı hissəsinə dair predmeti və əsasları ilə eyni tərəflər arasında eyni olan iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəlki mövcud olan əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. İddiaçının tələb etdiyi 2006-ci ildən 01.04.2017-ci ilədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə də birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin hissədə də iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən inzibati orqana yalnız 01.04.2017-ci il tarixdən 01.04.2020-cu il tarixədək olan dövr üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı müraciətin olduğu, lakin 2006-cı ildən 01.04.2017-ci il tarixədək olan dövr üzrə isə inzibati orqana hər hansı bir müraciətinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu zaman, hakim icraata xitam verilmə barədə qərardad qəbul edir. Lakin inzibati prosessual məcəlləsində qanunverici qeyd edilən halı tənzimləyən norma nəzərdə tutmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianın bir hissəsinə əvvəllər məhkəmə qərarı ilə qiymət verildiyindən, digər hissəsi ilə bağlı isə cavabdehə müraciət olmadığından məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərar qəbul etmişdir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2-1(112)-6385/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar