Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2340/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1739/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1975 – 1977ci illərdə hərbi xidmətdə olduğu 2 il müddəti, iddiaçının Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda işlədiyi 1974, 1978, 1979 və 1980-cı illər üzrə minimum əmək iştirak normasından az işlədiyi faktik müddəti 2 il 9 ay, 1981 – 1997-ci illər üzrə 17 il iş müddəti, 1998 – 2001-ci illər üzrə 4 il müddəti olmaqla, ümumi sığorta stajının 25 il 9 ay olduğunu nəzərə alaraq əmək pensiyasının təyin edilməsi və iddiaçının pensiya hüququnun yarandığı 14 fevral 2021-ci il tarixdən etibarən ona əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illərlə bağlı 3 iyun 2020-ci il tarixli 201 saylı arxiv arayışı əldə edilmişdir. Qeyd olunan arxiv arayışından müəyyən edilir ki, iddiaçı Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illərə əsasən 21 il tam sığorta stajı vardır (1981-ci il tarixdən 2001-ci il də daxil olmaqla). Həmin arayışa əsasən iddiaçı Zaqatala rayonu, Yuxarı Tala kəndi “Sabir” adına kolxozda 200 adam günü normasının 1974-cü ildə 127 gününü, 1978-ci ildə 116 gününü, 1979-cu ildə 143 gününü, 1980-cı ildə 193 gününü yerinə yetirmişdir. Belə olduğu təqdirdə, qeyd edilən illər üzrə minimum əmək iştirak normasının faktiki müddəti müəyyən edilərək ümumi sığorta stajına əlavə edilməlidir. Belə ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 may 2021-ci il tarixli 21(102)-704/2021 saylı qərarının 37-ci paraqrafına əsasən kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Yenə həmin Ali Məhkəmə qərarında qeyd edilir ki, faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu halda, iddiaçının nəzərə alınmayan illər üzrə sığorta stajı aşağıdakı şəkildə olacaqdır: 1) 1974-cü il üzrə – 127 x 12 / 200 = 7,62 ay; 2) 1978-ci il üzrə 116 x 12 / 200 = 6,96 ay; 3) 1979-cu il üzrə 145 x 12 / 200 = 8,58 ay; 4) 1980-ci il üzrə – 193 x 12 / 200 = 11,58 ay. Ümumilikdə həmin illər üzrə sığorta stajına daxil edilməli olan müddət 34,74 ay, yəni 2 il 9 ay təşkil edir. Bundan əlavə, iddiaçının hərbi xidmətdə olduğu illər (1975 – 1977-ci illər) də nəzərə alındığı təqdirdə pensiya təminatı üçün nəzərdə tutulan 25 illik staj tələbinə tam cavab verən sığorta stajı olsa da, ona pensiya təyin olunmasından əsassız olaraq imtina edilmişdir. Belə ki, ümumi sığorta stajı yuxarıda qeyd edilənlərə əsasən 25 il 9 ay olaraq müəyyən olunmaqdadır. Əlavə olaraq qeyd edilməlidir ki, «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddənin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədən düşmüş 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları»nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin birinci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin üçüncü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı cavabdehə yaşa görə pensiya təyin olunması üçün müraciət etmiş, lakin sonuncu ona 26 may 2021-ci il tarixdə **********2 saylı məktubu ilə imtina etmiş, narazı qalan iddiaçı qeyd hazırkı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (İPM 33.1). Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda, onun tələb olunan 25 il sığrta stajına və ya pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1739/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı onun 1974, 1978 – 2001-ci illərdə Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda işlədiyi və 1975 – 1977-ci illərdə hərbi xidmətdə olduğu dövrlər sığorta stajı kimi nəzərə alınmaqla 14 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin Dövlət Sosial Müdafisə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol vermiş, qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçının Zaqatala rayonu Yuxarı Tala kəndi “Sabir” adına kolxozda və YAİK-da çalışdığı illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə onun “Sabir adına kolxoz”da və X5 Komissiyasında (“YAİK”-də) işlədiyi dövrlər üzrə işə daxil olma və işdən azad edilmə barədə əmrləri də mövcud olmamışdır. Eyni zamanda məhkəmənin qərarı ilə 1974-cü il və 1978-ci il tarixdən 2001-ci il tarixinədək Sabir adına kolxoz”da işlədiyi dövlətin sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Lakin işdə Zaqatala rayon Dövlət Arxivi tərəfindən təqdim edilən arxiv arayışında İddiaçı “Sabir adına kolxoz”da 1974-cü il və 1978-ci il tarixdən 1997-ci il tarixədək işlədiyi qeyd olunmuşdur. Həmin arxiv arayışında iddiaçının 1998-ci il tarixdən 2001-ci il tarixədək isə X5 Komissiyasında işlədiyi öz əksini tapmışdır. Cavabdeh qeyd olunanlara əsasən hesab edir ki, qərar ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili H.Məmmədov apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (No:********, Zaqatala RPŞ) surətinə əsasən müəyyən olunur ki, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Belə olan halda, onun Qanunun qeyd olunan 7-ci maddəsinin birinci şərtində nəzərdə tutulan pensiya yaş həddi 63 yaşı xx.xx.2019-cu il tarixində tamam olur. Həmin tarixdə isə Qanunun sözügedən qeydinə müvafiq olaraq yaş hddi 64 təşkil edirdi. Növbəti 2020-c ildə isə iddiaçının 64 yaşı tamam olduqda, qanunla müəyyən olunan yaş həddi artıq 64 yaş yarım təşkil edirdi, həmin ilin iyul ayının 1-dən isə pensiya yaş həddi artıq 65-yə yüksəlmişdir. İddiaçının 65 yaşı isə xx.xx.2021-ci il tarixində tamamlanmış, həmin yaşdan pensiya almaq hüququna malik olmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının həmin tarixə olan sığorta stajı 25 ildən də çoxdur. Belə ki,“Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının 2021-ci ildə cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Bundan əlavə, hazırda qüvvədə olan və iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, 2006-cı ilə qədər sığorta stajı əmək kitabçasına, bu olmadıqda və ya əmək kitabçasında lazımi olan qeydlər olmadıqda, işəgötürənin və ya arxiv arayışlarına əsasən hesablanır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Zaqatala rayon Dövlət Arxivinin 201 No-li xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən isə iddiaçının Zaqatala rayonu Yuxarı Tala kənd “Sabir” adına kolxozda aşağıdakı kimi iş stajı müəyyən olunur: 1974 – 1981-ci illərdə kolxozçu (minimum adam/günü norması 200 gün): 1974 əmək/günləri –127; 1978 ----------------- -116” 1979 ----------------- -143; 1980 --------------- -193; 1981 --------------- -239. 1982 - 2001-ci illərdə sürücü və YAİK-də maddi /məsul şəxs (minimum adam/günü norması 220 gün): 1982 əmək günləri-366 1983 ------------- -387 1984 ------------ -367 1985 ------------- -365 1986 ------------- -365 1987 ---------- - 360 1988 ----------- - 360 1989 ----------- - 300 1990 ----------- - 320 1991 ----------- -300 1992 ----------- -368 1993 ----------- - 343 1994 ----------- - 341 1995 ---------- - 339 1996 ----------- - 305 1997 ---------- - 312 1998 ----------- - 304 1999 ----------- - 308 2000 ---------- - 311 2001 --------- - 311 Qeyd olunmalıdır ki, arxiv arayışda iddiaıya işlədiyi əmək günləri üzrə müvafq pulla və ya naturada ödənişlər verildiyi təsbit olunmuşdur. İddiaçının qeyd olunan əmək günlərinin adam/günü iş norması nəzərə alınmaqla ilə çevrilməsi aparıldıqda onun 1974-1981-ci illərdə 200 minimum adam/günü norması üzrə faktiki olaraq işlədiyi 818 (127+116+143+193+239) əmək günlərindən hesablanan kolxoz stajı 49 ay 8 gün (818x12/200), yəni, 4 il 1 ay 8 gün; 1982-2001-ci illərdə 220 minimum adam/günü norması isə illər üzrə tam yerinə yetirildiyi nəzərə alınmaqla, 20 il iş stajı vardır. Bununla da iddiaçının kolxozda işlədiyi dövr üzrə stajı 24 il 1 ay 8 gün möcuddur. Bundan əlavə, onun işdə olan xx.xx.1975-ci il tarixli ******* saylı hərbi biletinin surətinə əsasən xx.xx.1977-xx.xx.1977-ci illərdə 2 il 2 gün müddətli həqiqi hərbi xidməti də mövcuddur ki, həmin müddətin özü də ,“Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sığorta stajına daxil edilir. Beləliklə də, ümumiləşdirildikdə iddiaçının 26 il 1 a 10 gün iş stajının mövcudluğu öz təsdiqini tapır. Belə olan halda da, Qanunun 7-ci maddəsinin tələbləri baxımından iddiaçının müvafiq pensiya kapitalı yığmasına lüzum qalmır. Cavabdeh orqan isə iddiaçının xeyrinə olan halları araşdırıb nəzərə alınmasından əsassız olaraq imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehin hüquqi əsası olmayan formal xarakterli səbəblərlə iddiaçıya yaşa görə pensiya təyin ediləsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə işin hallarına, madi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən hüququn tətbiqində və təfsirində səhvə yol verildiyini, düzgün olmayan qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1739/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1739/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2340/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2340/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver