Məhkəmə qərarları › İş №2-1(103)-2340/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2340/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2340/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X14 və X20 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2845/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsi 23 saylı evin üzərində xüsusi mülkiyyət hüququnun məhrum X4 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, X6 onun nənəsi, yəni anası Rəfiqənin anası olub. Nənəsi 05 iyul 2007-ci ildə ölmüşdür. Onların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsi, 23 saylı ev nənəsi X4 məxsus olub, həmin evə dair 1962-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş, həmin pasporta əsasən qeyd edilən evin ünvanı ünvan 1əsində 1962-ci ildə texniki pasport tərtib edilmiş, həmin texniki pasporta əsasən evin ünvanı ünvan 2ı sovetində saxlanılmışdır. Sonradan isə həmin evin Nərimanov küçəsinə olan tərəfində yerləşən torpaq sahəsi başqa şəxsin istifadəsinə verildiyinə görə həmin evin qapısı 1 May küçəsinə açılmış və evin ünvanı dəyişilərək, 1 May küçəsi 23 olmuşdur. Evin ünvanı dəyişilsə də, həmin ünvan onun texniki pasportunda dəyişdirilməmiş, ünvan yalnız evin ev dəftərində dəyişilmişdir. Bundan sonra evin bütün göstəriciləri, ölçüləri evə dair 1962-ci ildə tərtib edilmiş texniki pasporta əsasən qeyd edilsə də, 1980-ci illərdə həmin evdə müxtəlif tikililər tikilmiş, evin və torpaq sahəsinin forması dəyişilmişdir. Nənəsi həmin evə dair Qeydiyyat vəsiqəsi almaq üçün müraciət etmiş, bununla əlaqədar 2002-ci ildə evə dair “Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən 02 iyun 2002-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”u tərtib edilmişdir. Həmin Texniki pasportdan görünür ki, texniki pasportun reyestr nömrəsi 30/1907, tarixi isə 20 iyun 2002-ci il kimi göstərilmişdir. O, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin evin özəlləşdirilib Dövlət Reyestrində qeydə alınmasını xahiş etmiş, lakin adıçəkilən İdarənin məktubu ilə ona cavab verilərək, müraciətindən imtina edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsində yerləşən 23 saylı evin mərhum X4 məxsusluğu haqqında arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat aşkar edilmədi. Həmçinin təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda X9 və X12 paylı mülkiyyətindədir. Həmçinin həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, texniki inventarlaşdırma işləri aparılan zaman iddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənəd hesab olunur. Texniki inventarlaşdırma işləri aparılan zaman iddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evində rekonstruksiya işləri aparılmışdır. Belə ki, bağlı eyvan bir neçə hissəyə bölünüb və tikiliyə bitişik əlavə köməkçi tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2845/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin mərhum X4 məxsusluğu barədə arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2845/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına 1962-ci ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 məxsus 1958-ci ildə inşa olunmuş Bakı şəhəri, Bül-Bülə qəsəbəsi Nərimanov küçəsi 18 saylı evin ümumi sahəsi 48,3 kv.m., torpaq sahəsi isə 563,0 kv. m. təşkil etmişdir. -Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X7 adına 1974-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 məxsus 1910- cu ildə inşa olunmuş Bakı şəhəri, Bül-Bülə qəsəbəsi Nərimanov küçəsi 18 saylı evin ümumi sahəsi 118,5 kv.m., torpaq sahəsi isə 1762,9 kv. m. təşkil etmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin Aparatı Özəlləşdirmə və Bələdiyyə Əmlakının İdarə olunması Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən özbaşına tikili X7 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.1993-cü ildə 21 №-li reyestr kitabının 3185-ci səhifəsində 30/3185 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. -Suraxanı Rayonu Bül-Bülə qəsəbəsi İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə verilmiş 267 №-li arayışda (2 №-11 Forma) qeyd olunmuşdur ki, X1-Bülə qəsəbəsi 1 May küçəsi, ev 23 -də yaşayır. Həmin ev 38,12 kv.m., 2 yaşayış otağından 42,01 kv.m., köməkçi tikilidən 56,3 kv.m., torpaq sahəsindən ibarətdir. Mənzilin qaz, su, işıq şəraiti vardır və xüsusidir. Ev qeydiyyat vəsiqəsinə və ya texniki pasporta əsasən X4 məxsusdur. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən ünvan 18 evə dair X3 adına tərtib olunmuş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2002-ci il tarixli texniki pasportunun surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 802,7 kv.m, tikinti altındakı sahə 195,4 kv.m, o cümlədən 607,3 kv.m., yaşayış otağının sayı 2, ümumi sahəsi 163,5 kv.m., yaşayış sahəsi 38,9 kv.m., köməkçi sahəsi 124,6 kv.m., qeyd olunmuşdur. - Bakı şəhəri 246 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış X/481 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 05 iyul 2007-ci il tarixdə ünvan 4 (əvvəlki ünvan 7 ünvanında yaşamış X6 vəfat etmişdir. Nəcəf-X15 ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə X3 adına vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixdə X3 vərəsəsi ünvan 8 ünvanında yaşamış qızı X19 qızı vəfat etmişdir. İddiaçı X2 miras qalmış əmlaka dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. İrsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar ünvan 4 (əvvəlki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. - ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən X12 adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №li Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 104,0 kv. metrdən ibarət fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə ¾ hissədə xüsusi mülkiyyət hüququ ilə X12 (1/4 hissə X9) adına qeydə alınmışdır. -DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********83 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 10 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Məktuba əlavə olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında (surəti) qeyd olunmuşdur ki, ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın 20.Vİ.02-ci il tarixli texniki pasportda torpaq sahəsi 0,008027 ha; A fərdi yaşayış evi İ mərtəbəli kürsülü ev 1968- 2 otaq-38,9, köməkçi 57,7 kv.m; kürsü 41,9 kv.m, ümumi -138.5 kv.m, açıq eyvan 25,0 kv.m; Faktiki sahəsi-torpaq sahəsi 0,08537 ha, 2 otaq 38,9 kv.m., köməkçi-57,7 kv.m.,, kürsü 41,9 kv.m., ümumi sahəsi 138.5 kv.m., açıq eyvan-25,0 kv.m,+əlavə köməkçi sahələr inşa edilib. Eyni zamanda torpaq sahəsi mişar daşı ilə hasarlanıb. İdarəyə təqdim olunmuş sənədlər toplusunun sürətlərində iki ədəd fərdi yaşayış evinin texniki pasportları mövcuddur və ikisi də X5 adınadır. İX.1962-ci ilin texniki pasportunda ünvan Bülbülə qəsəbəsi Nərimanov 18 qeyd olunub, digər texniki pasportda 20.Vİ.02 ünvan Bülbülə qəsəbəsi 1 May küçəsi kimi qeyd olunub. Vətəndaşın nümayəndəsi 20.Vİ.02-ci ilin texniki pasportundakı ünvanı göstərmiş və göstərilən sahəyə texniki baxış keçirildikdən sonra məlumat üçün baş plan tərtib edilmişdir. Göstərilən evdə rekonstruksiya işləri aparılıb bağlı eyvan bir neçə hissəyə bölünüb həmçinin tikiliyə bitişik əlavə köməkçi tikililər inşa edilmişdir. Fərdi yaşayış evində təmir tikinti işləri gedir. Sahədə kanalizasiya quyusu mövcuddur və müayinə zamanı məlum oldu ki, kanalizasiya quyusu tamamilə dolub və işlək vəziyyətdə deyil. Digər texniki pasportdakı ünvana baxış keçirtmək istədikdə (Nərimanov 18) nümayəndənin şifahi məlimatına əsasən, o ünvanda digər vətəndaş yaşayır və bunlara aid olmadığı qeyd olunmuşdur. Baxış keçirilən ünvanda hal hazırda digər vətəndaş yaşayır və təmir işləri aparır. - İddiaçının (nümayəndəsi və vəkili Vəkil) sifarişi əsasında X13 tərəfindən tərtib olunmuş 07 №-li, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, X3 adına 1962-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanında yerləşən, 563,0 kv.m-lik həyətyanı sahəyə malik olan fərdi yaşayış evinin X3 adına 02 iyun 2002-ci il tarixdə tərtib edilmiş texniki pasport üzrə ünvan 15 ünvanında yerləşən 802,7 kv.mlik həyətyanı sahəyə malik olan fərdi yaşayış evi olduğu və texniki pasportlar üzrə fərdi yaşayış evlərinin ünvan baxımdan (N.ünvan 16lir. - İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********38 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. Bununla yanaşı, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, özgəninkiləşdirilmişdir. Həmçinin həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, texniki inventarlaşdırma işləri aparılan zaman tərəfləridən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixili texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz*əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqmüəyyənedici sənəd hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”.

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir İlkin olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına 1958-ci ildə inşa olunmuş ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib olunmuş, daha sonra həmin evə dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən ünvan 18 ünvan qeyd olunmaqla X3 adına Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2002-ci il tarixli texniki pasportu tərtib olunmuşdur. İddiaçının mərhum nənəsinə məxsus mübahisəli fərdi yaşayış evi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki: 1) Təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir; 2) Təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. 3) ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, özgəninkiləşdirilmişdir. Hal-hazırda X9 və X12 paylı mülkiyyətindədir. 4) İddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmayaraq aşağıdakıları qeyd edir; -İddiaçı tərəfindən əsli və notarial qaydada təsdiq olunmuş surəti təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat olmaması şəxsin mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. Belə ki, daşınmaz əmlaka dair sənədlərin nüsxəsinin İdarənin arxivində saxlanılmasına nəzarət mülkiyyətçiyə deyil, cavabdeh inzibati orqana aid bir səlahiyyətdir. -“Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin pasport İX ay 1962-ci ildə tərtib olunduğu halda, pasportun ad qeyd edilən hissədə edilmiş düzəliş (İlk öncə “Həmidov Müzəffər”, düzəlişdən sonra isə “Həmidova Böyük-Xanım Müzəffər”) 6.Vİ.66-cı il tarixdə imza edilməklə təsdiqlənmişdir. -Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni ünvanda X11 və X16 paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi ilə iddiaçının iddia etdiyi fərdi yaşayış evi ayrıayrı mülklərdir. -İş üzrə verilmiş mütəxəssis rəyi ilə X3 adına 1962-ci il tarixdə tərtib edilmiş texniki pasportla onun adına 02 iyun 2002-ci il tarixdə tərtib edilmiş texniki pasport üzrə üzrə fərdi yaşayış evlərinin ünvan baxımdan (N.ünvan 16lir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2845/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2845/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar