Məhkəmə qərarları › İş №2-1(103)-2340/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2340/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2340/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və müvafiq faizin ödənilməsi” tələbinə dair iş üzrə məhkəmə qərarının icra edilməsi ilə bağlı iddiaçının ərizəsinə dair Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(112)-79/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli 2-1(112)-2085/2023 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklərin icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək X3 tərəfindən ödənilmiş 97009,17 manat məbləğində artıq ödəmə məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarı ilə iddia qismən təmin edilmiş və artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 79/2023 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra 17 may 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 nömrəli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 500 manat miqdarında cərimə edilmişdir. Qərardaddan vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-4082/2023 nömrəli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 79/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Son olaraq cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti də Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 785/2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin qərarı öz qüvvəsini saxlamışdır. İddiaçı tərəfindən cavabdeh vergi orqanına qərarın icrası barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərarlar vergi orqanı tərəfindən icra olunmamışdır. Vergi orqanının vəzifəli şəxsləri qərəzli mövqe nümayiş etdirərək, həmin qərarın icrasına maneçilik törədirlər. Lakin edilmiş müraciətlərə və şikayət ərizələrinə baxılmamış və qanunamüvafiq qaydada cavab verilməmişdir. Bu günə qədər məhkəmə qərarının icra olunması barədə heç bir müsbət cavab almamışdılar. Yəni, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış məhkəmə qərarları icra edilməmiş və müəssisənin bank hesablarına sərəncam qoyulması davam etmişdir. Göstərilən işin hallarından da aydın olur ki, iddiaçı tərəfindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri qaytarılması barədə müraciətdən 45 gün sonra vergi orqanı tərəfindən tələbi təmin edilməli olmasına baxmayaraq uzun bir müddət ötmüş və bu barədə Bakı İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Buradan da aydın olur ki, həmin müddətdən sonra rəyin verildiyi xx.xx.2023-cü il tarixədək vergi orqanı tərəfindən rəyin verilməsi gecikdirilmişdir. Həmin rəyin verilməsində uzun bir müddət ötmüş, lakin vergi orqanı tərəfindən artıq ödəmənin gecikdirilməsi barədə faizlərin ödənilməsi barədə rəy ona təqdim edilməmişdir. Bu barədə ətraflı olaraq qeyd edir ki, iddiaçı tərəfindən vergi orqanına artıq ödəmənin geri qaytanlması barədə ərizə ilə müraciət xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. Həmin zamandan uzun bir müddət ötdükdən sonra əsas məbləğ olan 97009 manatın geri qaytanlması barədə rəy ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Yəni, ərizə ilə müraciət edilən tarixdən 1186 gün ötdükdən sonra ona artıq ödənilmiş məbləğin qaytarılması barədə rəy təqdim edilmişdir. 1186 gün isə gecikdirlən günlərin sayı hesab edilir. Bu səbəbdən gecikdirlən günlərə əsas məbləğin 0.1 faiz nisbəti tapılaraq ödənilməsi barədə rəy verilməli idi. Yəni, həmin ödənilməli məbləğ aşağıda göstərilən düstura əsasən həyata keçirilməli idi. Gecikdirlən günlər 0.1% artıq ödənilmiş məbləğ = gecikdirlən günlərə əsasən ödənilməli olan məbləğ 1186* 0.1% * 97009.17=115052,88. Göstərilənlərdən də müəyyən etmək olur ki, vergi orqanı tərəfindən gecikdirlən hər bir gün üçün hesablanmalı və rəy verilməli faiz məbləği 7690.49 manat olmasına baxmayaraq bu barədə rəy verilməmişdir. Qərar qismən icra edilmiş 97009.17 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy verilmiş, lakin, qalan faiz məbləğinin, yəni 115052,88 manat faizin geri qaytarılması barədə rəyin verilməsi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X2 cərimənin tətbiq edilməsinə dair ərizəsi təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədilə icra vərəqəsi verilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti mahiyyətcə ərizə ilə oxşar məzmunlu tərtib edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək əsassız olduğunu, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ərizəçinin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərardadın qanuniliyini tam yoxlayır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı X3 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məhkəmə qərarının icra edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, X2 şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərar alınmışdır. Cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarının qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından verilən apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilmiş, apellyasiya şikayəti geri qaytarılmış, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-79/2023 saylı qərarından cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətlə bağlı icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və 17 may 2023-cü il tarixli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının icra edilməməsindən narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə qərarı icra edilmədiyi üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi 500 manata miqdarında cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Həmin apelyasiya şikayətinə baxılması üçün işlə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-785/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-4082/2023 saylı xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla yenidən cavabdehə müraciət edilmiş və məhkəmə qərarının icrası üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı sonradan da bir neçə dəfə cavabdehə müraciət edilmiş və məhkəmə qərarının icrası üçün müddət təyin edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2025-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” A**********892300 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir.” Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023 tarixli 2-1(112)-2085/2023 saylı məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onun üzərinə qoyulmuş öhdəliklərin icra olunmadığı üçün cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini xahiş etmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cərimə edilmiş, məhkəmə tərəfindən sonradan icra üçün bir neçə dəfə yenidən müddət təyin edilmiş, buna baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilməmiş, nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı tam şəkildə icra edilməmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cavabdeh tərəfindən icra edilmədiyindən və cərimənin təyin edilməsinə baxmayaraq, cavabdeh yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər etmədiyindən, təkrar cərimənin tətbiq edilməsi məqsədəmüvafiq hesab edimir. Məhkəmə hesab etmişdir ki, bu halda “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verilməklə icraya yönəldilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından da görünür ki, məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı cərimənin təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən yenə də icra edilmədiyindən, birinci instansiya məhkəməsi təkrar cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab etməyərək “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, ərizəçinin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərardadının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-79/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar