Məhkəmə qərarları › İş №2-1(103)-2341/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2341/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2341/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5065/2021 saylı, 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 05.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 27.01.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx xxxxxxx 1960-cı il tarixində anadan olmuş, 16.05.1978-12.05.1981-ci illərdə hərbi xidmətdə olmuş, 11.06.1981-ci ildən 04.01.2006-cı ilə qədər dəmir-beton məmulatlarının quraşdırıcısı və qazla kəsici işləmiş, 04.01.2006-cı ildən 23.04.2007-ci il "xxxx" MMC-də çilingər-quraşdırıcı, həmin tarixdən isə hal-hazıradək isə orada qazla kəsici peşəsində çalışır. Təkcə «Bakı Poladkonstruksiya» Quraşdırma İdarəsində qazla kəsici kimi 19 il 10 ay iş stajı var, əmək kitabçası üzrə 21.01.2021-ci il tarixinə kimi 31 il 4 ay 27 gün təşkil edir. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu əsassız olaraq 22.02.2021-ci ildə pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd ounmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabında Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan, minimum pensiya ödənişinə imkan verən pensiya kapitalı mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5065/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 05.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməyən pensiya məbləğinin 27.01.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti,“Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinadən və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun aşağıdakılarla əsaslandırılmışdır: “...İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə çalışmışlarsa, sözündən sonra «və fərdi hesabaın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə» sözləri əlavə edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki. Qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərədə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri zəruri sığorta kapitalının toplanması reallaşmamışdır. Qanunun 1.0.8-ci maddsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin alındığı şübhəsizdir. 1.0.10 maddəsinə görə isə pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyil. Məhkəmə Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərini pozub. Əmək pensiyaları haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti 144 ay təşkil edir. İddiaçı ona pensiya təyin edilməsini tələb etdiyi tarixdə (2017-ci ilin oktyabrında) kişilər üçün pensiya yaşı 63 il 6 ay olmuşdur. Dolayısı ilə iddiaçı baxımından gözlənilən pensiya ödənişi müddəti da 6 il 6 ay (78 ay) artırılır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün ən azı 40.000 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 18.484,05 manat təşkil edir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi D.Novruzov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh hazırkı mübahisəli hüquq münasibətlərinə «Əmək pensiyları haqqında» Qanunun 9.1-ci maddəsinə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla edilən dəyişiliyə istinadən hesab edir ki, hazırkı mübahisəli hüquq münasibətlərinə həmin maddənin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyası tətbiq olunmalıdır. Belə olan halda isə iddiaçya güzəştli şərtlərlə pensiya təyin olunması üçün 3 şərtin: 60 yaşının, 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli pensiya hüququ verən zərərli iş şəraitində iş stajının) və fərdi hesabında minimum pensiya məbləğinin ödənişinin təmin edə bilən pensiya kapitalı mövcudluğu tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri razılaşmır. Belə ki, cavabdehin istinad etdiyi 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına görə “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Lakin həmin Qanunun 9.8-ci maddəsi nəzərədə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun bu normasının tələbi baxımından, hazırkı iş üzrə mübahisəli hüquq münasibətlərinin qanuni əsasını, əvvəllər, yəni 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndi təşkil edir. Qanunun qeyd olunan 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndi isə nəzərdə tutur ki, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixinə qədər 25 ildən çox ümumi iş stajı var və həmin müddətin 12 il 6 aydan da çoxnu güzəştli pensiya hüququ verən peşələrdə çalışmışdır. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «v» bəndinə əsasən hərbi xidmət dövrü, «ğ» bəndinə əsasən texniki peşə məktəbində təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən də bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçının iş materiallarında olan əmək kitabçasının sürətinə əsasən 01.01.2006-cı il tarixinə olan iş stajının aşağıdakı kimi olduğu müəyyən olunur: 01.09.1978 - 15.05.1979 –Sumqayıt Şəhər Texniki Peşə Məktəbində təhsilalma müddəti (8 ay 14 gün); 16.05.1978 - 12.05.1981 – müddətli həqiqi hərbi xidmət (1 il 11 ay 26 gün); 11.06.1981–01.08.1984 - Azərbaycan “Poladkonstruksiya TQİ, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı, çilingər, qazla kəsici (3 il 1 ay 20 gün (o cümlədən həmin müddətin 2 il 4ay 12 günü qazla kəsci)) 01.08.1984 – 20.04.2001 – “Bakı Poladkonstruksiya” Quraşdırma İdarəsində qazla kəsici (16 il 8 ay 19gün); 23.04.2001–01.01.2006 – həmin idarədə dəmir-beton məmulatlarının quraşdırıcısı (4 il 8 ay 8 gün). Qeyd olunan əmək fəaliyyəti ümumiləşdirildikdə, iddiaçının 01.01.2006-cı il tarixinə 27 il 3 ay iş stajı toplanır ki, bunun da 12 il 6 aydan çoxunu qazla kəsici və dəmir-beton konstruksiyların quraşdırıcısı peşələrində işləmişdir. Bu “Bakı Poladkonstruksiya” Quraşdırma İdarəsinin işə əlavə olunmuş 01 saylı 11 yanvar 2021-ci il tarixli izahlı arayışında da iddiaçının 19 il 10 ay güzəştli pensiya hüququ verən peşələrdə işlədiyi təsdiq olunur. Ən azından iddiaçının qazla kəsici kimi həmin zavodda 19 ildən çox xüsusi iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısında “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000a—14612 kodu altında (polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar), eləcə də XXXİİİ (“Ümumi peşələr”) bölməsində, habelə, “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000—11618 kodu altında (qazla kəsicilər) zərərli iş şəraiti olan güzəştli pensiya hüququ verən peşələr sırasına aid edilmişdir. Cavabdeh tərəfindən həmin peşələrin iddia ərizəsinə etirazında, eləcə də apellyasiya şikayətində 2 nömrəli Siyahıda nəzərdə tutulduğu və iddiaçının 01.01.2006-cı il tarixinə 25 ildən çox ümumi, 12 il 6 aydan çoxunu qeyd olunan peşələrdə işlədiyi mübahisələndirilmir. Beləliklə də “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, iddiaçı 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq 25 ildən çox ümumi və 12 il 6 aydan çox 2 nömrəli Siyahıda nəzərdə tutulan peşəşələr üzrə iş stajına malik olduğundan, onun 57 yaşının tamam olduğu 05.10.2017-ci il tarixindən (şəxsiyyət vəsiqəsi:Suraxanı RPİ 02.05.2011) güzəştli şərtlərlə pensiya hüququ yaranır və bu halda artıq onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ildən qüvvədə olan redaksiyasına görə fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olması artıq tələb olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının fərdi hesabınada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq minimum pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olmadığından onun pensiya hüququnun yaranmadığını mübahisələndirən dəlilləri əsassız olduğu sübuta yetirilir. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya təyinatı üçün cavabdehə ünvanlanmış ərizəsinə əsasən müəyyən olunur ki, iddiaçının pensiya təyin olunması barədə ərizə ilə cavabdeh orqana 27.01.2021-ci il tarixində müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən Qanunun qeyd olunan 32.1-1-ci maddəsinin tələbi qaydasında iddianın təmin edilməsi və iddiaçıya 57 yaşından, 27.01.2021-ci il tarixindən hesablanmaqla, güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5065/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5065/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar