Məhkəmə qərarları › İş №2-1(103)-2342/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2342/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2342/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X7 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “bağ sahəsinə dair çıxarışın və plan ölçüsünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2- 1(112)-822/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Sabunçu rayonu Ləhiş ərazisindəki 2035B nömrəli bağ sahəsinə dair plan-ölçüsünün verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(112)-4051/2020 saylı qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki, 2035b nömrəli bağ sahəsinə dair bölgü sxeminin, plan ölçüsünün və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, X5, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sərəncamı ilə “Müharibə Veteranları haqqında” Qanuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının bağ sahəsinin ayrılması barədə 10 noyabr 2005-ci il tarixli 289 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən ona Sabunçu rayonu, Ləhiş bağları ərazisində 2035B nömrəli bağın 0,12 ha (25m x 48m) istifadəyə verilməsi haqqında, 36449 saylı Müqavilə 06 fevral 2006-cı il tarixində rəsmi qaydada təqdim edilmişdir. 2035В nömrəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə köməklik edilməsinə dair 21.02.2020-ci il tarixində müraciət etmişdir. Əlavə olaraq 02.03.2020-ci il tarixli, **********51 saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavab sənədində 06.02.2006-cı il tarixli, 36449 saylı Müqavilə idarənin arxivində mövcuddur, lakin torpaq sahəsinin plan-ölçüsü sənədi aşkar olunmaması göstərilmişdir. Ona təqdim olunmuş digər sənədlərdə də cavab sənədində yoxlama-ölçü işlərinin aparılması və ərizənin icrası mümkün olunmaması göstərilmişdir. Məhkəmə qaydasında həll edilməsi bildirilmişdir. Buna səbəb isə ona qanuni yolla verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən tutulmasıdır. Həmin sahə X6 üçün ayrılmış Dövlət Mülkiyyəti torpağıdır. X3 torpaq sahəsi ona ayrıldığı gündən 06 fevral 2006-cı il tarixindən hər dəfə etdiyi müraciətlərə baxmayaraq, cavabdeh şəxslər torpaq sahəsinin plan-ölçüsü, bölgü sxeminin ona təqdim edilməsinə təşəbbüs göstərməmişdir. Hər dəfə etdiyi müraciətlər nəticəsiz qalırdı. Həmin torpaq sahəsini ölçüb ona təqdim edən mühəndislər fərqli cavablar verirmişlər. X2 ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə birləşdirilməsindən sonra da o, dəfələrlə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 2035B nömrəli bağ haqqında rəsmi qaydada müraciət etmişdir. X8 Əliyevin Sərəncamı əsasında X1 üçün qanuni yolla torpaq sahəsinin verildiyini söyləmişdir. Təəssüf ki, cavabdeh tərəflər Sərəncamı nəzərə almamış və mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilə edərək maneə olmuşlar. 2035B nömrəli torpaq sahəsinin plan-ölçüsü və sxeminin ona verilməməsi, ona ayrılmış torpaq sahəsinin digər şəxsə verilməsində qanunsuzluğa yol vermiş Maştağa Bələdiyyəsinin və Bakı şəhər Ərazi İdarəsinin bəzi məsul şəxslərinin iş fəaliyyətinin mənfi nəticəsidir. Odur ki, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-822/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.(hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki, 2035b nömrəli bağ sahəsinə dair bölgü sxeminin, plan ölçüsünün və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və müəyyən etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 36449 nömrəli müqaviləyə əsasən ayrılmış 2035B saylı, 0,12 ha bağ torpaq sahəsinə dair qaldırılmış iddia ilə bağlı məhkəmə qərarı olmuş, həmin qarardan verilmiş apelyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti təmin edilməmiş və həmin məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İddiaçı isə hazırda da eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. Məhkəmə iclaslarında iddiaçı verdiyi izahatlarında əsasın bir qədər dəyişdiyini qeyd edərək, tələbinə mahiyyəti üzrə araşdırma aparılaraq baxılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, faktiki olaraq qeyd edilən torpaq sahəsindən istifadə etməsə də, həmin torpaq sahəsinin X4 ayrılmasına dair bələdiyyə qərarı ləğv edilmişdir. Məhkəmə isə diqqətə çatdırmışdır ki, əvvəlki tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli qərarında qeyd edilir ki, “iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin 06.02.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır.” Hazırki halda 3-cü şəxs X4 torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı ləğv olunsa da, tələb üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.01.2020-ci il tarixli Qərarında qeyd edilən hal aradan qalxmamış, nəticə olaraq iddiaçı eyni əsasla, eyni predmetlə eyni tərəflər arasında baxılmış iddia ilə yenidən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında sözügedən bağ sahəsinə dair çıxarışın verilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, iddiaçının iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona 06 fevral 2006-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar ərazisində 36449 nömrəli müqaviləyə əsasən ayrılmış 2035B saylı, 0,12 ha bağ torpaq sahəsinin planı və ölçüsünün işlənib hazırlanmasının cavabdehin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3191/2013 saylı 19 dekabr 2013-cü il tarixli qərardadı ilə cavabdeh orqanın belə bir səlahiyyətə (plan-cizginin verilməsi) malik olmaması əsası ilə iddia mümkün sayılmamışdır. Daha sonra İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini göstərmişdir. Həmin iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 231/2019 saylı 14 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2-1(103)-1475/2019 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2019-cu il tarixli 2-1(82)-231/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15.01.2020-ci il tarixli 2-1(102)-35/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1475/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxarkən məhkəmələr gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, iddiaçının 06.02.2006-cı il tarixli müqavilə əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının iddia etdiyi sahənin 06.02.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğu müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə işin mübahisəsiz halıdır ki, iddia olunan torpaq sahəsi hazırda iddiaçının sahibliyində və istifadəsində deyil. Həmin sahədə bağ evi inşa etmiş X7 ilə iddiaçı arasında olan mülki mübahisə kifayət qədər sübutların olmaması əsası ilə iddiaçının xeyrinə həll edilməmişdir. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən, bağ sahəsinə dair bölgü sxeminin, plan ölçüsünün və çıxarışın verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə hazırkı tələbi təmin edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2-1(112)-822/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar