Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2342/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4100/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Milli Məclisin sabiq deputatı X3 “Covid-19” virusuna yoluxduğu xəstəlikdən 25 may 2021-ci il tarixdə vəfat etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısının itirməyə görə əmək pensiyası, bunu hüququ olan şəxsin müraciəti əsasında bu Qanununun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-cı maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir. İddiaçı hal-hazırda yaşa görə pensiyası alır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa bir növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyaası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilər. İddiaçı DSMF-yə ailəsində baş vermiş həmin hadisə (ərinin vəfatı) ilə əlaqədar vaxtında müraciət etməmiş, 5 aydan sonra müraciət etmişdir. DSMF-nin 28 oktyabr 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, onun (iddiaçının) əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Lakin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən təyin edilir. DSMF imtina məktubunda onun əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququnun yaranmasını «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinadən bildirmişdir. Lakin əmək pensiyası təminatına dair normativ hüquqi aktlara uyğun olaraq şəxsin əmək pensiyası növünün dəyişməsinin rəsmiləşdirildiyi tarixdən sonrakı növbəti ayın 1-dən təyin edilməsi hansı normativ hüquqi aktlarına uyğun olmasını göstərməmişdir. İddiaçı hesab edir ki, DSMF-nin imtinası əsassız olduğundan ləğv edilməlidir və ona əmək pensiyasının bir növündən başqa bir növünə keçmə hüququ olduğundan ailə başçısının itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən pensiya ömürlük təyin edilməlidir. Həmçinin həmin Qanunun 31.3-ci maddəsinə əsasən təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. DSMF “təyinat aparılması” “pensiyanın ödənilməsi” anlayışını səhv başa düşür. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəl ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin verdiyi 7 iyun 2021-ci il tarixli AZ-İİ 195167 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən onun (iddiaçının) pensiya almaq hüququ ərinin ölüm günündən, yəni 25 may 2021-ci il tarixdən yaranmışdır. Bununla əlaqədər olaraq, «Əmək pensiyaları haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən əmək pensiyasını almaq hüququ yarandığı gündən təyin edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 12.1, 47.2, 68.2-ci maddələrinə əsaslanaraq, iddiaçıya ailə başçısının itirməyə görə əmək pensiyasının hüququ yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Daha sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 25 may 2021-ci il tarixdən təyin edilməsi və 2021-ci ilin may-iyul ayları üzrə ödənilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati 2-1(112)-4100/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabliyyətini itirdiyinə.işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 32.3-ci maddəsinə əsasən ailə başçısının itirməyə görə əmək pensiyası, bunu hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yaşana çatmış şəxslərə isə ömürlük təyin edilir. Məhkəmə qanunun tələblərini pozaraq qərar qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4100/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının əri Milli Məclisin sabiq deputatı X3 “Covid-19” virusuna yoluxduğu xəstəlikdən 25 may 2021-ci il tarixdə vəfat etmişdir.İddiaçının müraciəti əsasında ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə xx.xx.2021ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin müddətə qədər iddiaçı yaşa görə əmək pensiyası alırdı. İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının hüququ yarandığı gündən 25 may 2021-ci il tarixdən təyin edilməsi və 2021ci ilin may-iyul ayları üzrə ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: - (14.1.2) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən də göründüyü kimi, hazırki iddianın predmetini iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Belə olan halda bu cür iddialara qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialı çıxış edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə X7 Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X7 Filialı ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etməmişdir. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, nə qədərki iş materialları ilə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardım göstərilməsi öz təsdiqini tapmamış, iddiaçı da kollegiyanın iclasında belə bir hüquqi yardımın ona göstərilmədiyini bildirmişdir, belə olan halda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş qeyd edilən və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4100/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2342/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2342/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver