Məhkəmə qərarları › İş №2-1(103)-2343/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2343/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2343/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1079/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda sadalanan hallarına əsasən iddia tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Bununla bağlı dekabr 2016-cı il tarixində DSMF-nin Səbail rayon şöbəsinə müraciət etmiş və 01 yanvar 2017-ci il tarixindən etibarən ona ayda 840,0 manat olmaqla əmək pensiyası təyin edilmişdir. Lakin həmin pensiya 3 ay müddətində ödənildikdən sonra ona xəbərdarlıq olunmadan dayandırılmışdır. Bunun nə səbəbdən baş verdiyi və bununla bağlı inzibati orqan tərəfindən hər hansı qərarın qəbul edilib-edilməməsi barədə ona heç bir məlumat verilməmişdir. Təyin edilmiş əmək pensiyasının ödənilməsinin bərpa edilməsi və pensiya təyin edilməsi üçün təqdim etdiyi əmək kitabçasının qaytarılması məqsədilə DSMF-yə (həm Səbail rayon şöbəsinə, həm də Mərkəzi Ofisə) dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi heç bir nəticə əldə olunmamışdır. Hesab edir ki, ona təyin edilmiş əmək pensiyası bərpa edilməli və ödənilməmiş pensiya haqqı məbləği hesablanaraq ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1079/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin olunması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci maddəsinə əsasən ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, o olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışı, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.) Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. İddiaçının Mərkəzi Filiala müraciətinə aidiyyəti üzrə baxılmış, müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğularına cavab verildikdən sonra iddiaçıya əmək pensiyası təyin edilməsi məsələsinə baxılacaqdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu, ləğv edilərək iddianın mümkün sayılmamasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Tətbiq edilən hüquq normaları: “İnzibati icraat haqqında” Qanun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan redaksiyada): 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə-orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu: 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər (6 mart 2018-ci il tarixə qədər qüvvədə olan redksaiyaya görə). 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İş materiallarında olan iddiaçının əmək kitabçasından müəyyən edilir ki, İddiaçı 1.09.1979-cu il tarixdən 1.07.1985-ci il tarixdən Azərbaycan Dövlət Universitetində təhsil almışdır (5 il 10 ay 1 gün). xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Azərbaycan SSR Ədliyyə Nazirliyində kadrlar şöbəsinin inspektoru vəzifəsində (4 ay 19 gün), xx.xx.1986-cı il tarixdən 2.04.1987-ci il tarixədək həmin şöbədə hüquq məsləhətçisi vəzifəsində (1 il 2 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək SSRİ Nazirlər Sovetinin 29 sentyabr 1989-cu il tarixli 803 №-li qərarın 9 və 24-cü cədvəlinə və Azərbaycan SSR Nazirlər Sovetinin “Dövlət idarəçilik orqanları aparatı işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” 409 №-li 9 oktyabr 1989-cu il tarixli qərarın icrası ilə əlaqədar kadrlar şöbəsinə İ dərəcəli mütəxəssis (8 ay 29 gün), xx.xx.1990-cı il tarixdən 2.09.2000-ci il tarixədək Sumqayıt şəhər xalq məhkəməsində hakim (10 il 4 gün), 5.09.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri İcra Hakimiyyətinin 45 saylı MTK-də hüquq məsləhətçisi vəzifəsində (1 il 9 ay 20 gün), xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı şəhəri Nəsimi Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin rəisi vəzifəsində (4 il 1 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2017ci il tarixinədək Bakı şəhəri Binəqədi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin icraçısı vəzifəsində (11 il 1 ay, 16 gün, xx.xx.2017-ci il tarixədək 35 il 3 ay, 6 gün) xx.xx.2017-ci il tarixdən 7.12.2020-ci il tarixinədək Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru və böyük icra məmuru vəzifələrində işləmiş, (3 il 3 gün), xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar 1.02.2021-ci il tarixdən ixtisar edilmiş böyük icra məmuru (probasiya üzrə) vəzifəsindən azad edilərək sərəncama götürülmüş, 1.02.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bakı şəhər probasiya idarəsində böyük icra məmuru vəzifəsində işləmiş (1 il 8 ay 27 gün), xx.xx.2023-cü il tarixdən Xızı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) vəzifəsində işləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq onun ədliyyə orqanlarında qulluq illəri yenidən hesablanmış və xx.xx.2012-ci il tarixə (hakim vəzifəsində və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) 25 il təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Səbail filialında xx.xx.2017-ci il tarixdə pensiya hesabı açılmış və həmin hesab 2021-ci ilin aprel ayında bağlanmışdır. Həmin pensiyanın açılmasına əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı isə bildiririk ki, sözügedən tarixlərdə pensiya hesablarının açılması müvafiq sifarişçi struktur (Dövlət Sosial Müdafiə Fondu) tərəfindən elektron sifarişlər əsasında aparılmış Bank bu sifarişlər əsasında vətəndaşlara pensiya hesablarının açılması və plastik kartların verilməsini təmin etmişdir. Həmin məktuba qoşma kimi əlavə edilmiş bank hesabından çıxarışlardan müəyyən edilir ki, iddiaçının 2017-ci ilin fevral, aprel, mart aylarında kart hesabına pul vəsaitləri köçmüş, növbəti aylarda isə hər hansı köçürmə olmamışdır. Beləliklə, işin hallarından müəyyən edilir ki, iddiaçının yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, 2017-ci ildə 25 il xidmət etmiş ədliyyə işçisi kimi pensiya hüququ yaranmışdır. İddiaçı ona xx.xx.2017-ci ildən pensiya təyin edildiyini və 4 ay ödəniş həyata keçirildiyini iddia etmiş və yuxarda qeyd edilən məhkəməyə ünvanlanmış sorğuya cavab əsasında iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun sifarisi əsasında pensiya hesabının açıldığı və müəyyən dövr ödənişlər edildiyi təsdiqlənmişdir. Cavabdeh isə həmin ödənişlərin hansı səbəbdən dayandırılması ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz məktubunda iddiaçının 01 dekabr 2022-ci il tarixli müraciəti əsasında sorğu verərək araşdırma apardıqlarını iddia etsədə, həmin müraciətin üzərindən işin hazırkı mərhələsinə qədər 1 il 7 aydan çox müddət keçməsinə baxmayaraq nə iddiaçıya, nədə məhkəmələrə iddiaçıya ödənilən pensiya məbləğin hansı səbəbdən dayandırılması barədə hər hansı məlumat verməmiş, təkrarən eyni əsasla çıxış edərək apellyasiya şikayətində də etirazda sadalananlar təkrarlanmışdır. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması və ya ləğv edilməsinin səbəblərini əsaslandıra bilməmiş, bu barədə hər hansı inzibati icraat aparmamış və ya inzibati akt qəbul etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçıya 01 yanvar 2017-ci il tarixində təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. İnzibati icraat haqqında” AR Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1079/2024 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar