Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2344/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(112)-4423/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr – 03 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ehtiyata buraxılarkən xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin mühəndis şöbəsinin əsasında yaradılan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yarandığı gündən 20.06.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmət keçib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X1 20.06.2011-ci il tarixli, 0171 №-li əmri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “mühəndis şöbəsinin rəisi” vəzifəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə ) ehtiyata buraxılıb və ona Dövlət Sərhəd Xidməti tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş barəsində tərtib edilmiş məlumat vərəqində göstərilən ehtiyata buraxılarkən aldığı pul təminatı xərcliyi (aylıq pul təminatı) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ehtiyata buraxıldığı zaman tutduğu vəzifənin vəzifə maaşında 2018-ci ilin avqustunda aparılmış təşkilatı-ştat dəyişiklikləri ilə əlaqədar artım baş vermişdir. Belə ki, ehtiyata buraxılarkən tutduğu vəzifənin adı - “Azərbaycan Respublikasının DSX-nın mühəndis şöbəsi” “Azərbaycan Respublikası DSX-nın mühəndis idarəsi” adına dəyişdirilmişdir. Bununla əlaqədar həmin vəzifənin vəzifə maaşında da artım baş vermişdir. Lakin bu artım onun aldığı pensiyada öz əksini tapmamışdır. Belə ki, ehtiyata buraxıldığı qurum - Dövlət Sərhəd Xidməti ehtiyata buraxılarkən tutduğu vəzifənin vəzifə maaşında baş vermiş artımı nəzərə almaq şərti ilə barəsində yeni məlumat vərəqi tərtib edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməli olduğu halda bunu etməmişdir. Ehtiyata buraxıldığı DSX-nın mühəndis şöbəsinin əsasında yaradılan DSX-nın mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə 11.01.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edib. Lakin ərizəsinə 01.02.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidməti Aparatında aparılmış dəyişikliklərlə bağlı müəyyən edilmiş aylıq vəzifə maaşları ehtiyata buraxılmış hərbi qulluqçulara şamil edilmir. İmtinanı əsassız və qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(112)-4423/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir.(hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində və apelyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, onun ehtiyata buraxılarkən xidmət etdiyi AR DSX-nin aparatının strukturuna daxil olan ştat vahidinin “mühəndis şöbəsinin rəisi” vəzifəsinin adında dəyişiklik olunaraq ''mühəndis idarəsi” adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 №-li Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.10.2021-ci il tarixli 314 №-li Qərarının 8-ci bəndində yazılıb: 8. Bu Qaydaların 1-ci hissəsində göstərilən orqanların strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə adlarında dəyişiklik edildiyi halda, dəyişikliyin aid olduğu vəzifəni xüsusi qeyd etməklə dəyişikliyin edildiyi tarixdən 7 iş günü müddətində Fonda məlumat verir. Bu Qaydaların 7-ci hissəsində nəzərdə tutulmuş orqanlar istisna olmaqla, digər orqanla bu cür məlumatlandırmanı bu Qaydalara 3 №-li əlavə ilə müəyyən edilmiş formada kodlaşdırılmış siyahını yeniləyərək təqdim etməklə həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 №-li Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları 1-ci bəndində yazılıb: Bu Qaydalar "'Əmək pensiyaları haqqında'" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barənə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ehtiyata buraxılarkən xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin mühəndis şöbəsinin əsasında yaradılan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının yeni məlumat vərəqəsinin verilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, müvafiq inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar pensiya təminatı zamanı hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə olan vəzifəsi üzrə təminat xərcliyini nəzərə alır. Bu, hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Ştat strukturunda edilmiş sonrakı dəyişiklik əmək pensiyaçısının pensiya təminatına təsir etmir. İddiaçının həmin tələbi hüquqi müddəaya əsaslanmır. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, iddiaçının Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşı üzrə pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun 2011-ci ildən bəri mütəmadi olaraq yenidən hesablanmış, sonuncu dəfə 2019-cu ildə iddiaçının təminat xərcliyindəki artımlar nəzərə alınaraq pensiyası yenidən hesablanmışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X1 “şəxsi heyət üzrə” 17.06.2011-ci il tarixli 929 ş/h №-li əmrindən çıxarışa əsasən, Polkovnik İddiaçı Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, Polkovnik İddiaçı hərbi geyim forması daşımaq hüququ verilmiş, hərbi qeydiyyata götürülmək üçün Bakı şəhər Nərimanov rayon hərbi komissarlığına göndərilmişdir. Polkovnik İddiaçı 01 iyun 2011-ci il tarixə xidmət illəri: Təqvimi: 27 il, 09 ay, 26 gün; Güzəştli: 08 il, 11 ay, 26 gün; Cəmi: 36 il, 09 ay, 22 gün. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış 22.01.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 04.07.2011-ci il tarixli 000264 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 08.07.2011-ci il tarixində Mərkəzi Filial tərəfindən yaşa görə öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01.03.2018-ci il tarixinədək sonuncu vəzifənizə uyğun olaraq 36 il 10 ay 12 gün (təqvimi xidmət illəri 27 il 10 ay 15 gün, güzəştli xidmət illəri 8 il 11 ay 27 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1588,70) 98 faizi-i 1556,93 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 01.03.2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1665,27 manata artırılmaqla ona ödənilmişdir. 01.09.2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi filiala daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət etdiyi vəzifəsinə uyğun vəzifə maaşı 995.00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-344,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə-348,25 manat, xarici dilə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-99,50 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-99,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2104,95 - saat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1.66 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,66 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 01.03.2018-ci il tarixinədək olan təminat xərcliyinin (1588,70 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2104,95 manat) arasındakı fərq məbləğinin 516,25 manat) 83,66 faizi-431,90 manat 01.03.2018-ci il tarixinədək olan pensiyanın 1556,93 manat) üzərinə əlavə olunmaqla 1988,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərclıyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışa əsasən, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin 135 nömrəli Qərarına əsasən hərbi qulluqçu ehtiyata buraxılarkən onun pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun təyin olunmuşdur. Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşları Nazirlər Kabinetinin 406 nömrəli qərarının İ hissəsinə uyğun olaraq qeyd edilən tarixlər üzrə aşağıdakı kimi olmuşdur. 2011-ci il üzrə 605,00 manat; 2012-ci il üzrə 665,00 manat; 2013-cü il üzrə 730,00 manat; 2019-cu il üzrə 995,00 manat; 2021-ci il üzrə 995,00 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə 2019-cu il sentyabrın 1-dən tətbiq edilməklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 01.03.2018-ci il tarixinədək olan təminat xərcliyinin (1588,70 manat) ilə 01.09.2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2104,95 manat) arasındakı fərq məbləğinin 516,25 manat) 83,66 faizi-431,90 manat 01.03.2018-ci il tarixinədək olan pensiyanın 1556,93 manat) üzərinə əlavə olunmaqla 1988,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İddiaçı ehtiyata buraxılarkən onun pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun təyin olunmuşdur. İddiaçının işlədiyi vəzifədə işləməsinin son müddəti 20.06.2011-ci il tarixdə olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçıya pensiya təyin edilən zamanı onun Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşı üzrə pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun 2011-ci ildən bəri mütəmadi olaraq yenidən hesablanmış, iddiaçının təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanma aparılmışdır. Odur ki, yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(112)-4423/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2344/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2344/2021
03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver