Məhkəmə qərarları › İş №2-1(103)-2344/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2344/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2344/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1955/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı, 12 il 06 aydan artıq xüsusi stajı vardır. Belə ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1980-cı ildə başlamış, əmək fəaliyyətinə başlamamışdan əvvəl 1978-1980-cı illərdə hərbi xidmət keçmişdir. xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər “Azərtunelmetrotikinti” SC-nin Mexanikləşdirilmiş İdarəsində çilingər, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə qədər drezin sürücüsünün köməkçisi (yeraltı ş şəraiti), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər sürücü, xx.xx.1999-cu ildən xx.xx.2014-cü ilə qədər Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü peşəsində, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər "xxxx" QSC-nin Avtonəqliyyat distansiyasında xüsusi kran sürücüsü, xx.xx.2016-cı ildən bu günə qədər avtokran maşinisti peşəsində işləyir. İddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçıya imtina məktubu verilmişdir, imtinanın əsası kimi iddiaçının xx.xx.1999-xx.xx.2014cü illər arasındakı dövrdə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabunetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş kran maşinisti (krançı) vəzifəsinə aid olmaması göstərilmişdir. İddiaçı həmin imtinanı qanunsuz hesab edir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 45 il 2 ay 25 gün (xx.xx.2006-cı il tarixədək 27 il 2 ay 25 gün (xx.xx.1978xx.xx.1980-cı il hərbi xidmət dövrü), xx.xx.1980-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 6 ay), pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 60947,17 manat təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) fəhlələr yarımbəndində (a) kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, A/059 saylı arayışda xx.xx.1999-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü və xx.xx.2016-cı il tarixdən bu günədək Avtonəqliyyat distansiyasında avtokran maşinisti peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd edilən qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə aid deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1985- xx.xx.1991-ci il tarixləri arasındakı dövr) təşkil edir. Odur ki, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1955/2025 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşdan (xx.xx.2016-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1955/2025 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1 (112)-1955/2025 nömrəli məhkəmə qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçının Bakı Metropolitenində Avtonəqliyyat xidmətində avtonəqliyyat distansiyasında xx.xx.1999-cu il tarixdən xx.xx.2016-cı ilə tarixədək çalışması nəzərə alınmaqla iddiaçının xx.xx.2016-cü il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Bakı İnzibati Məhkəməsinin qərarında cavabdeh orqan tərəfindən mübahisələndirilən məsələlər tam və düzgün şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyi) müəyyən etməmişdir. Buna görə də, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən də, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2024 tarixli 3-17-1/2-R-151016/2024 nömrəli imtina məktubu əsaslıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda kran maşinistəri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının işlədiyi vəzifələr isə avtokran sürücüsü və avtokran maşinisti vəzifələridir. Yəni sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilən vəzifə ilə üst-üstə düşmür. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğundan (5 il 11 ay 25 gün) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, iddiaçının iş yerindən verilən arayışa əsasən onun işlədiyi müvafiq vəzifələr qeyd edilmişdir. İddiaçı kran sürücüsü kimi fəaliyyət göstərmişdir. İddiaçı biləvasitə olaraq qarşı tərəfin istinad etmiş olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan vəzifəni icra etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı “Bakıtuneltikinti” Mexanikləşdirmə İdarəsində xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər çilingər, xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər drezina sürücüsü köməkçisi, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər sürücü işləmişdir, xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilə qədər Bakı Metropolitenində Avtonəqliyyat xidmətində avtonəqliyyat distansiyasında avtokran sürücüsü, xx.xx.2016-cı ildən halhazıra qədər avtokran maşinisti işləyir. - İddiaçı dair H3 seriyalı, ******* saylı hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. - "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, A/059 saylı arayışa əsasən, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər “Azərtunelmetrotikinti” SC-nin Mexanikləşdirmə İdarəsində çilingər, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə qədər drezin sürücüsünün köməkçisi (yeraltı iş şəraiti), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər çilingər, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilə qədər sürücü işləmişdir, xx.xx.1999-cu ildən xx.xx.2014-cü ilə qədər Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü peşəsində çalışmışdır. Azarbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək İddiaçı "xxxx" QSC-nin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasına xüsusi kran sürücüşu peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixindən Avtonəqliyyat va Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmışdır. İddiaçı xx.xx.2016-cı il tarixindən Nəqliyyat va Xüsusi Texnika Departamentinin Avtomotonəqliyyat kolonunun Avtonəqliyyat distansiyasına avtokran maşinisti peşəsinə keçirilmişdir va hal-hazıradək həmin peşədə çalışır. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 13 il 05 ay 14 gün (on üç il beş ay on dörd gün) (xx.xx.2024-cü il tarixinə) təşkil edir. Onun çalışdığı drezin sürücüsünün köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ila təsdiq edilmiş “Güzəştlı şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, 451 nömrəli Qərarın 1.4-cü (21.5.Metropolitenlər bəndi üzrə), 1.4.1-ci (21.5.1-ci yarımbəndi (yalnız gecə vaxtlarında tunellərdə va yeraltı qurğularda daimi məşğuİ olan fəhlələr), 1.4.2-ci yarımbəndində yer alan drezin sürücüsünün köməkçisi sətrinə, avtokran sürücüsü peşəsi isə Azarbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösəricilərin siyahısı”nın 1.Dağ mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər a) fəhlələr bəndində yer alan kran maşinistləri (krançılar) sətirinə aiddir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-R-151016/2024 saylı məktubda bildirilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli, A/059 saylı arayışında xx.xx.1999-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Bakı Metropoliteninin Avtomotonəqliyyat xidmətinin Avtonəqliyyat distansiyasında avtokran sürücüsü və xx.xx.2016-cı il tarixindən bu günədək Avtonəqliyyat distansiyasında avtokran maşinisti peşələrində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz peşələr sözü gedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kran maşinistləri (krançılar) vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə müvafiq olaraq, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixə qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilir ki, “ ... 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işləra) fəhlələr: kran maşinistləri (krançılar), 21.5.1. tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: drezinaların sürücüləri, dresin sürücüsünün köməkçisi” güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçının 57 yaşı xx.xx.2016-cü ildə tamam olmuş və ümumi iş stajı 25 ildən çoxdur, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə 12 il 6 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Bununla yanaşı birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2024-cü ildə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu tarixdən yaransa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2021-ci ildən təyin edilərək ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının çalışdığı drezin sürücüsünün köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ila təsdiq edilmiş “Güzəştlı şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli, 451 nömrəli Qərarın 1.4-cü (21.5.Metropolitenlər bəndi üzrə), 1.4.1-ci (21.5.1-ci yarımbəndi (yalnız gecə vaxtlarında tunellərdə va yeraltı qurğularda daimi məşğuİ olan fəhlələr), 1.4.2-ci yarımbəndində yer alan drezin sürücüsünün köməkçisi sətrinə, avtokran sürücüsü peşəsinin isə Azarbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gösəricilərin siyahısı”nın 1.Dağ mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s.yeraltı qurğularda yeraltı işlər a) fəhlələr bəndində yer alan kran maşinistləri (krançılar) sətirinə aid olması güzəştli iş arayışı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “… kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Əlövsət Verdiyevin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-116/2024 nömrəli, X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-90/2024 nömrəli, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-1844/2023 nömrəli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-945/2023 nömrəli və X2 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-954/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır”. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1955/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar