Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2345/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi İskəndərova Günay Oqtay qızının iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5746/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 14.04.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3% miqdarında olmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.03.1992-ci ildən Azərbaycan Dövlət Sərhəd Xidmətində işləyib. 01.06.2020-ci ildə xidmətdə olma müddətinin qurtarması ilə əlaqədar səlahiyyətlərinə xitam verilmişdir. 01.06.2020-ci ildən 1274.38 manat pensiya alır. Pensiya məbləğinin yenidən hesablanması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edib. Cavabdeh qurum onun şikayətini təmin etməmişdir. Hesab edir ki, əmək pensiyası hesablanarkən 01.07.2017-29.08.2019cu il tarixləri arasındakı 11 ay 19 gün müddəti üzrə hesablama aparılmamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 5 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanmasını nəzərdə tutsa da, ona təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı isə 11 ay 19 gün nəzərə alınmamışdır. Hesab edir ki, təyin edilmiş pensiyanın yenidən hesablanması aşağıdakı qaydada müəyyən edilməlidir: i) Təqvim illəri üzrə stajdan (ali təhsil müddəti ilə birlikdə) (26 il 1 ay 11 gün) 01.07.2019-29.08.2019-cu il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 1 ay 28 gün) 26 il 1 ay 11 gün (təqvim ili) - 2 il 1 ay 28 gün =23 il 11 ay 13 gün Deməli, 01.07.2017-ci il tarixinədək güzəştli xidmət müddəti ilə birlikdə staj 24 il 11 ay 19 gün (23 il 11 ay 13 gün +1 il 6 gün =24 il 11 ay 29 gün) təşkil edir. ii) 01.07.2019-cu il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün təminat xərcliyi 55 faiz 4 il üçün (aylar nəzərə alınmadan) hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyi 12 faizi ilə) 01.07.2017-29.08.2019-cu il tarixləri arasındakı 2 il 1 ay 28 gün müddəti üçün isə: - 2 il üçün hər aya hər ilə görə 2 faiz miqdarında olmaqla (2x2) təminat xərcliyinin 4 faizi - 1 aya görə təminat xərcliyinin 0,17 faizi miqdarında 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında. 25.06.2021-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlanaraq 01.07.2017-ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla 30.08.2019-cu il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. 25.06.2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5746/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı 01.07.2017-ci il tarixədək olan xidmət dövrü üzrə nəzərə alınmamış 11 ay 19 gün üçün təminat xərcliyinin 3 % miqdarında olmaqla 30.08.2019-cu il tarixdə təyin olunmuş pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, cavabdehin imtinası qanunsuz hesab edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5746/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan müddəalarına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faiz, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hussəsi nəzərə alınmaqla) hər il üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla hesablanır. Göründüyü kimi, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun haqqında bəhs edilən maddəsinin 01.07.2017-ci il tarixinədək olan müddəalarında natamam ildəki iş stajı aylarına görə təminat xərcliyinin hər hansı miqdarında əlavənin hesablanması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)- 5746/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən əvvəlki redaksiyasında natamam ildəki iş stajı aylarının nəzərə alınmasını istisna edən norma müəyyən etmir. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların pensiya təminatı zamanı natamam ildəki iş stajı aylarının nəzərə alınmaması qanunun məqsədinə uyğun hesab edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçının cəmi xidmət müddəti 27 il 1 ay 17 gündür. İddiaçıya 30.08.2019-cu il tarixdə 1038,65 manat məbləğində pensiya təyin olunmuş, 10.01.2020-ci il tarixdə pensiyasının yenidən hesablanması haqqında qərarla 01.09.2019-cu il tarixdən yenidən hesablanaraq 1274,38 manat təşkil etmişdir. 01.07.2017-ci il tarixədək güzəştli xidmətilə birlikdə stajı 24 il 11 ay 19 gündür. İddiaçının 01.07.2017-ci il tarixinədək stajı 24 il 11 ay 19 gün olmasına baxmayaraq, həmin tarixədək qazanılmış pensiya hüququna münasibətdə 24 il nəzərə alınmaqla (20 il üçün təminat xərcliyinin 55 faizi və 4 il üçün hər ilə görə 3 faiz miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 fazi) pensiya təyin edilmiş, 11 ay 19 gün nəzərə alınmamışdır (bax 3-cü bənddə hesablama hissəsi). Odur ki, 11 ay 19 günə münasibətdə 2,9 faiz əlavə olaraq nəzərə alınmış olmalıdır (12 ay 3% olduğu təqdirdə, 11 ay 19 gün X%. X=11 ay 19 gün (354 gün)*3/12; X=2,9%). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının ümumi məbləği tərxis olunduğu günə müəyyən olunmuş təminat xərcliyinin (1459,40 manat) 71,17% həcmində (20 il üçün təminat xərcliyinin 55%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; 01.07.2017-29.08.2019-cu il tarixləri arasındakı (2 il 1 ay 28 gün) üçün 2 il üçün hər ilə görə 2% miqdarında olmaqla (2x2) təminat xərcləyinin 4%-i, 1 aya görə təminat xərcliyinin 0,17%), yəni 1038,65 manat deyil, 74,07% (71,17%+2,9%) olmaqla 1080,97 manat həcmində olmaqla hesablanmalı idi. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması qaydası”nın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, 01 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyinin (1459,40 manat) və 01 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1800,20 manat) arasındakı fərq məbləğinin (340,80 manat) 69,17 faizi (27 il 1 ay 17 gün xidmət müddətində 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi+20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi+natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi, cəmi 69,17 faiz) – 235,73 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (1038,65 manat olmaqla deyil, 1080,97 manat olmaqla) üzərinə əlavə edilməli (1274,38 manat olmaqla deyil, 1316,7 manat olmaqla) və pensiyası yenidən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5746/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-5746/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2345/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2345/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver