Məhkəmə qərarları › İş №2-1(103)-2345/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2345/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2345/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil Aftandil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2418/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının Saratov X4 tərəfindən iddiaçının adına 02 iyul 2019-cu il tarixdə verilmiş, 106405 ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Rusiya Federasiyasının Saratov X3 bitirmiş və “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini əldə etmişdir. Xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı bildirilərək, aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Cavabdeh tərəfindən ixtisasının ölkə ərazisində tanınmaması əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2418/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, işdən də göründüyü kimi, iddiaçı uzun müddət ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, əyani şəkildə təhsil almış və ali təhsili “Tərcüməçi” ixtisası üzrə deyil, “Hüquqşunaslıq” ixtisası üzrə bitirmişdir. İş materiallarında olan videomateriallardan və hətta Bakı İnzibati Məhkəməsinin 21(112)- 10323/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qərardadında əks edilmiş cavabdehin nümayəndəsinin izahatından da görünür ki, o Rus dilini bilir və aksentsiz danışır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10323/2021 saylı, 03 dekabr 2021-ci il tarixli Qərardadında cavabdehin üzərinə iddiaçının məhz təhsil aldığı dildə, yəni Rus dilində ixtisası üzrə müsahibə aparılması vəzifəsi qoyulsa da, videomateriallardan da göründüyü kimi müsahibə zamanı ona Rus-Azərbaycan və Azərbaycan-Rus dillərindən tərcümələr edilməsi təklif olunmuşdur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda yalnız cavabdeh orqanın rəylərinə istinad edərək, iddiaçının təhsil aldığı dili bilməməsi qənaətinə gəlmişdir. Halbuki, bu halı məhkəmə ən azından iş üzrə ekspertiza təyin etməklə yoxlamalı və işdə hər hansı bir marağı olmayan qurum tərəfindən verilmiş rəy əsasında qərar qəbul etməli idi. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərar qəbul etdiyini və bu səbəbdən də qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı nostrifikasiya üçün cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq onun nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə əsasən müraciətinin təmin olunmasından imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə məhkəmə tərəfindən iddianın təmin edilməməsilə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətindən imtina edərkən Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya AR Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsini rəhbər tutmuş və imtina əsası qeyd edilən hal olmuşdur. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərardadı ilə, Rusiya Federasiyasının “Saratov X4” tərəfindən iddiaçının adına 02 iyul 2019-cu il tarixdə verilmiş, 106405 ******* nömrəli bakalavr diplomunun tanınması haqqında şəhadətnamənin verilməsi ilə bağlı ekspert qrupu tərəfindən təhsil aldığı dildə ixtisası üzrə müsahibə aparılması ilə bağlı öhdəlik qoyulmuş, 21 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tədris dilini bilməsi reseptiv səviyyəyə uyğun olmuş, bu da ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə dair tələblərə cavab vermir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi bağlı qərarını əsasıandırarkən qeyd etmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris olunan dili bilməsi zəruri şərtdir. Xarici ölkədə tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. İddiaçı tərəf isə apelyasiya şikayətində müsahibə nəticəsindən razı olmadığını, rus dilini sərbəst bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi vəkilin sualına cavab olaraq ekspertlər tərəfindən ixtisas deyil, məişət səviyyəsində suallar verildiyini, bununda səbəbinin dil biliyinin mənimsənilməsinin yoxlamaqdan ibarət olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında rus dili bilmə səviyyəsinin müəyyən edilməsi ilə bağlı ünvanlanmış sualların iddiacı tərəfindən cavablandırılmasından sonra Kollegiya onun rus dili bilmə səviyyəsinin, Rusiya Federasiyasının Saratov X2 “Hüquqşünaslıq” ixtisası üzrə təhsilin mənimsəməsi üçün yetərli olub-olmaması barədə məhkəmə kollegiyasının 2-1(103)-2345/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı rus dili biliyinin Rusiya Federasiyasının Saratov X2 “Hüquqşünaslıq” ixtisasını mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin alınmasını qərara almışdır. Bakı Dövlət Universiteti tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə ) kafedrasında İddiaçı rus dili üzrə bilik səviyyəsinin yoxlanılması məqsədilə komissiya təşkil edilmiş, komissiya üzvləri sonuncuya yazılı və şifahi tapşırıqlar vermiş, onunla müsahibə aparmışlar və komissiyanın qərarına əsasən iddiaçı rus dilində oxuyub, yaza bilir, peşəsi ilə bağlı mətnləri Azərbaycan dilinə tərcümə etməyi bacarır, peşəsinin terminologiyasından xəbərdardır. İddiaçının rus dili üzrə bilik səviyyəsi qənaətbəxş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativhüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"-ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər;c) notarial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuş və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, diplomun qanuniliyini tanımışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra Qaydalar) 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir.Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq şəhadətnamə-nin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizə) aşağıdakılar əlavə edilir: ali təhsil haqqında sənəd; tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə. Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 2.4 və 2.5-ci bəndlərinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ №li Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. İşin şərh olunan hallarını müzakirə edən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının rus dili üzrə bilik səviyyəsi Rusiya Federasiyasının Saratov X2 “Hüquqşünaslıq” ixtisası üzrə təhsilin mənimsənilməsi üçün yetərli olduğundan cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2418/2022 saylı iş üzrə qəbul etdiyi 14 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. Rusiya Federasiyasının Saratov X4 tərəfindən iddiaçının adına 02 iyul 2019-cu il tarixdə verilmiş, 106405 ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Cəmilova Xəyalə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar