Məhkəmə qərarları › İş №2-1(103)-2345/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2345/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2345/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iş üzrə icraata xitam, mübahisənin artıq mövcud olmaması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X4 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanaraq bərpa edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş, İddiaçı 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-964/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1218/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına izah verilməsini, 2007-2008-ci illər üçün iddiaçının fərdi şəxsi hesabına əlavə edilməli məcburi dövlət sosial sığorta haqlarının aylar üzrə məbləğinin qərarda qeyd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına bu qərarı iddiaçının 2007-2008-ci illər üçün fərdi şəxsi hesabına əlavə edilməli məcburi dövlət sosial sığorta haqlarının aylar üzrə məbləği "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 06 №-li arayışında göstərilən məbləğlər nəzərə alınaraq icra edilməsi kimi izah veirlmişdir.

8. Cavabdehin 23 noyabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, 20 noyabr 2024- cü il tarixli 3-17-1/3-1-93186/2024 nömrəli məktubla Nazirliyin tabeliyində "DOST X2” MMC-yə müraciət olunaraq tərəfinizdən tələb olunan məlumatlara baxış imkanının yaradılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Baxış imkanı yaradıldıqdan sonra tələb olunan məlumatlar Fonda təqdim edildiyi təqdirdə məhkəmə qərarının icrası mümkün olacaqdır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir.

10. Cavabdehin "Aztelekom” MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar olaraq Fondun 9 sentyabr 2024-cü il tarixli 3-17-1/2-215176/2024 nömrəli məktubu ilə sizə müraciət olunmuş, səhv nəticəsində fərdi şəxsi hesabına artıq məcburi dövlət sosial sığorta haqqı ödənilmiş əməkdaşlar və həmin əməkdaşların xeyrinə ayrı-ayrılıqda hansı məbləğdə artıq məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə konkret məlumatların mümkün qısa müddətdə Fonda təqdim edilməsi xahiş edilmişdir. Bundan sonra tərəfinizdən 16 noyabr 2024-cü il tarixdə 3- 17-1/1-274776/2024 nömrə ilə qeydiyyata alınmış məktubla Fonda müraciət edilmiş, hüquqi varisi olduğunuz sığortaedən "Aztelekom İB X3 Qovşağı” tərəfindən 1 yanvar 2006-cı il tarixindən 1 yanvar 2017-ci il tarixinədək olan dövr üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatların "Bölüşdürülməmiş” və "FİN- ləşməmiş” hesablar bölmələrində qalan sığortaolunanların məlumatlarına baxış imkanı ilə təmin edilmək üçün (səlahiyyətli şəxs - X7; FİN:1DRTJAA; asan imza nömrəsi: ***-***-**-**) funksionallıq verilməsi xahiş edilmişdir. Bildiririk ki, 20 noyabr 2024-cü il tarixli 3-17-1/3-1- 93186/2024 nömrəli məktubla Nazirliyin tabeliyində "DOST X2” MMC-yə müraciət olunaraq tərəfinizdən tələb olunan məlumatlara baxış imkanının yaradılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Məlumat üçün qeyd edirik ki, "DOST X2” MMC-nin 26 dekabr 2024-cü il tarixli 3-17-7/3-1-28513/2024 nömrəli məktubuna əsasən tələb olunan məlumatlara baxış imkanı ilə bağlı sizə funksionallıq verilmişdir.

11. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, qərarın tərəfimizdən icra edilməsi üçün qərarda qeyd edilən 2007-2008-ci illər üzrə olan dövrlərin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində əks olunması zərurəti yaranmış, bu səbəbdən tərəfimizdən Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmışdır. Sözügedən sorğunun cavabı olaraq Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-22545/2025 nömrəli xidməti məktubuna əsasən sözügedən məhkəmə qərarında qeyd olunan 2007-ci il üzrə İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks etdirilməsi sığortaedən, "xxxx" MMC (SUN: **********0; VÖEN: **********) tərəfindən təmin edilmişdir.

13. Məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmək pensiyasının yenidən hesablanmasına dair qərardan görünür ki, iddiaçının pensiyası yenidən hesablanmış və 449,89 manatdan, 456,61 manata artırılmışdır.

14. Ərizə ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair məhkəmə iclası təyin edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.

APELLYASİYA İNSTANSİYASİNDA İCRAAT

16. İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir.

17. Ərizəsində, barəsində olan qərar tam icra edildiyi üçün heç bir şikayəti olmadığını və ərizəsini geri götürdüyünü bildirmiş, işə xitaç verilməsini xahiş etmişdir..

18. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə mübahisəsi olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

PROSSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının iddiasının məhkəmədən kənar qaydada təmin edildiyini və bu barədə qərar qəbul edildiyini bildirmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarla razı olduğunu bildirmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21.“X6 İşlər Üzrə Məhkəmə Qərarlarının İcrasının Təmin Edilməsi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları, cavabdehin vəsatətini və iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

24. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı 2007-2008ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması olmuşdur.

25. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

26. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.

27. İPM-in 121.1-ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir.

28. İddiaçının tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiа tələbi təmin edilmiş, İddiaçı 2007-2008-ci illər ərzində olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-964/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1218/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmasına baxmayaraq, qərar inzibati orqan tərəfindən icra edilməmiş və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir.

30. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir.

31. “X6 işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.

32. Hazırda işin məhkəmə araşdırması zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4882/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icra edildiyi müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərardadın 15-ci bəndində istinad olunan normanın məzmununa görə, iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin tam təmin olunduğu, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı və yuxarıda istinad olunan normalara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş üzrə məhkəmə icraatına xitam verilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

qərara aldı:

Ərizə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4882/2022 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar