Məhkəmə qərarları › İş №2-1(103)-2347/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2347/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2347/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs: X1) “əmrdən çıxarışların verilməsi və hərbi biletdə qeydlər aparılması” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-7477/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23.09.2020-ci il tarixindən 10.10.2020-ci il tarixinədək N saylı hərbi hissənin Qubadlı və Zəngilan istiqamətinə Vətən Müharibəsində iştirak etməsi barədə əmrdən çıxarışın verilməsi və hərbi biletində qeydlər aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-7477/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-7477/2021 saylı qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsibə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2- 1(112)-7477/2021 saylı qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsibə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs iş materiallarına uyğun izahat verərəl şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2- 1(112)-7477/2021 saylı qərardadının ləğv olunmasını, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsibə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-7477/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi tələblə cavabdehə müraciət etməmişdir. Eyni zamanda cavabdehin də həmin tələblə bağlı imtinası olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış hüquqi yardım haqqında məktubda cavabdeh orqana müraciətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı həmin sənədləri nə birinci instansiya məhkəməsinə, nə də ki, Bakı Apellyasiya Məhkəməsinə təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərara gəlmişdir. Eyni zamanda iddiaçı apellyasiya inansiyasında məhkəmə baxışı zamanı iddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı 30 iyun 2021-ci il tarixli ərizəni göstərdi. İddiaçıya izah olundu ki, həmin ərizəsnin mövcudluğu 1-ci instansiya məhkəməsinin 24.06.2021-ci il tarixli qərardanının ləğv edilməsinə hər hansı təsir göstərə bilməz, lakin yeni iddia ərizəsinin verilməsi üçün o vaxt əsas ola bilər ki, Müdafiə Nazirliyi həmin ərizəyə cavab verməsin. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2-1(112)-7477/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar