Məhkəmə qərarları › İş №2-1(103)-2347/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2347/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2347/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (kameral vergi qərarının ləğvi, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinin pozulması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2- 1(112)-1532/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarından görünür ki, təqdim edilmiş bəyannamədə 151115,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi ilə əlaqədar vergi ödəyicisinə 2021-ci ilin hesabat dövrü üzrə 35.058,90 manat əlavə vergi məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və həmin qərar əsasında “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 15043,48 manat məbləğin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********006500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2021-ci ilin gəlir vergisi üzrə 35058,90 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qanunsuz olaraq 15043,48 manat əks olunmuşdur. Hesablamanın əsası kimi, xərclərin bir hissəsinin (151 min 115 manat) qəbul edilməməsi olmuşdur. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir və onun 2021-ci il üzrə də əsas fəaliyyəti elektrik-məişət mallarının satışından ibarət olmuşdur. 2021-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumulikdə 210.272,71 (210 min 272 manat) məbləğində mal təqdim etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını “Sədərək” Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan bu tipli yerlərdən həyata keçirmiş, bu səbəbdən də alınmış mal-materialların bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. Belə ki, iddiaçının qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi 177102 (177 min 102 manat) xərclərin (şərti rentabellik norması tətbiq olunmaqla müəyyən edilmiş) 151.115 manat olan hissəsi (malların dəyəri üzrə) sənədlərlə təsdiq olunmadığından vergi orqanı tərəfindən qəbul edilməmişdir. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsi mümkün olmasa da, faktiki olaraq həmin mallar alınmışdır və onların alınmasına xərc çəkilmişdir. Vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı halda, cavabdeh gəlir (mənfəət) vergisini müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablamalı idi. Lakin vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vasitələrindən istifadə etməmişdir. Vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı hallarda gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququnu təmin etməmişdir. Vergi orqanı iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2021-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Vahid məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmənin 26 aprel 2023-cü il tarixli 2-1(102)- 586/2023 nömrəli qərarın 8-ci bəndində göstərilmişdir ki, “qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir”. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. Təsdiqlənməmiş azalma ilə bağlı bildirilmişdir ki, şəxsi hesab vərəqəsinin aşağı hissəsində qanunsuz olaraq mövcud olan “təsdiqlənməmiş azalmalar” xanasında 15043,48 manat məbləği əks olunmuşdur. Vergi qanunvericiliyində “təsdiqlənməmiş azalma” ifadəsi yoxdur və vergi orqanınına təqdim olunan bəyannamələri qəbul etməmək kimi bir hüquq yalnız Vergi Məcəlləsinin 72.6-cı maddəsində sadalanan hallarda mümkündür. Həmin normanın ilk cümləsi isə digər hallarda vergi orqanı əməkdaşlarına hətta məsuliyyət müəyyən edir: Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəycisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndə-vəkili məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin həcmini artırmış və Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********891900 “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının da ləğv edilərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə qeyd olunan ərizə icraata qəbul edilmişdir. İddianın dəyişdirilməsinə dair ərizədə göstərilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixli, **********891900 “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsinin əsası kimi qeyd olunan Meyarların 3.1.1-ci yarımbəndi qeyd olunmuşdur. Meyarların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Vergi orqanı bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, vergi orqanı vergi ödəyicisinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 311 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “plastik boru, led lampa" satışında qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Göründüyü kimi, hazırkı işdə normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaiməfakturalarda satışında “plastik boru, led lampa " göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “plastik boru, led lampa " deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur (aldığı mallar kənd təsərrüfatı malları olduğundan əksər hallarda həmin malların sənədlə alınması qeyri-mümkün olmuşdur.) İddiaçı hesab edir ki, bu əsasla vergi ödəycisinin fəaliyyətinin riskli hesab edilməsi əsassızdır. Həmin meyarların 2.1.3-cü maddəsinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Bununla bağlı bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) Səməd Vurğun küçəsi ev 73 ünvanında yerləşən (Təzə bazar) təsərrüfat subyekti (mağazası) **********-14001 kod ilə vergi orqanında qeydiyyata alınmışdır. Daha sonra Təzə bazarın sökülməsi nəticəsində bir müddət yeni ünvana daşınma ilə bağlı yeni mağazanın ucota qoyulması 6-7 ay yubanmışdır. Həmin müddət aralığında da İddiaçı riskli vergi ödəyici hesab edilmiş və fəaliyyət göstərməsi qeyri-mümkün hala gəlmişdir. Buna görə də 2023-cü ilin dekabr ayında fəaliyyətini dayandırmış və bununla bağlı vergi orqanına arayış təqdim etmişdir. Göründüyü kimi vergi ödəyicisinin riskli hesab edilməsinə əsas olan hallar əsassız olmuşdur. Həmçinin vergi orqanının qərarı imzasız və möhürsüz olmaqla yanaşı, qərar elektron imza ilə təsdiq edilməmişdir. Buna görə də iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə-inzibati aktın təqdim və ya elan olunması baş verməmişdir. Qeyd olunan mövqe Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1223/2022 nömrəli qərardadında əks olunmuşdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 175294,5 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********124100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 35058,9 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin, fərdi sahibkar İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə ümumi dəyəri 311.759,79 manat olan plastik boru, led lampa və digər mallar təqdim edildiyinə baxmayaraq, həmin malların alışı baza məlumatları (elektron qaimə-fakturalar, idxal, alış aktı) ilə müəyyən edilməmişdir. Həmçinin, araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat subyekti olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin fəaliyyəti riskli hesab olunmuş və müvafiq olaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15 043,48 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixində, 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin isə xx.xx.2024-cü il tarixində ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən dəqiqləşdirilmiş iddia tələbinə dair məhkəməyə təqdim olunan əlavə yazılı münasibətdə (etirazda) iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə mübahisələndirilən qərarla bağlı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmin Meyarların müddəalarına əsasən, İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş qaimə-fakturalar üzrə satışında 311.759,8 manat dəyərində "plastik boru, led lampa" və digər adlı malların qeyd olunduğu müəyyən edilmişdir (qaiməfakturalar barədə məlumat ilkin etiraza əlavə edilmişdir). Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********616200 “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Meyarların 2.1.1- ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********891900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, riskli hesab edilən elektron qaiməfakturalarn ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Qeyd edilir ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2-1(112)-1532/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, iddiaçının şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15.043,48 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 1532/2025 nömrəli qərarının təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, fərdi sahibkar İddiaçı (VÖEN: **********) tərəfindənxx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə ümumi dəyəri 311.759,79 manat olan plastik boru, led lampa və digər mallar təqdim edildiyinə baxmayaraq, həmin malların alışı baza məlumatları (elektron qaiməfakturalar, idxal, alış aktı) ilə müəyyən edilməmişdir. Həmçinin, araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat subyekti olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin fəaliyyəti riskli hesab olunmuş və müvafiq olaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli qərar çıxarılmışdır. Araşdırma zamanı, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, riskli hesab edilən elektron qaimə-fakturalarn ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15043,48 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixində, 2021-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin isə xx.xx.2024-cü il tarixində ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Vergi orqanı təqdim edilmiş bəyannamə üzrə yaranmış uyğunsuzluqla bağlı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərmiş, qanunvericiliklə müəyyən olunmuş müddətdə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.4-1-ci və 16.1.7-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 14-1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququnu vergi orqanının üzərinə vəzifə kimi qoymuşdur. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.1-cimaddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq hüququna malikdir. Lakin vergi orqanının üzərinə bu norma vəzifə kimi qoyulmamışdır. Araşdırma zamanı, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, riskli hesab edilən elektron qaimə-fakturaların ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15043,48 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixində, 2021-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin isə xx.xx.2024-cü il tarixində ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli Qərarla riskli vergi ödəyicisi qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. İddiaçı barəsində risk meyarı aradan qalxacağı və riskli vergi ödəyicisi qrupundan çıxarılacağı təqdirdə şəxsi hesab vərəqəsində mövcud olan kameral yoxlanılmalı məbləğlərin aradan qaldırılması barədə qanunamüvafiq tədbirlər görüləcəkdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)- 1532/2025 nömrəli qərarının təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya, eyni zamanda onun nümayəndəsinə (vəklinə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən onların iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. -3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.6. (01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiya) vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). -14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. -16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. - 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli və xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarların ləğv edilməsi, eyni zamanda şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15.043,48 manat məbləğin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı elektrik-məişət mallarının satışı ilə məşğul olan fərdi sahibkardır. İddiaçı tərəfindən 2020- 2022-ci illərdə 311759,8 manat məbləğində malların təqdim edildiyi işin mübahisəsiz hallarındandır. Lakin işin araşdırılan halları ilə iddiaçının müvafiq dövrdə vergi orqanında qeydiyyatda olan, yaxud icarəyə götürdüyü anbarı, təsərrüfat subyekti olmadığı təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə, **********-14001 kodu ilə İddiaçı adına ünvan 1 ünvanında yerləşən “Təzə Bazar”da təsərrüfat subyekti (mağaza) uçota alınmış, sonradan “Təzə Bazar”ın sökülməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə təsərrüfat subyektinin ləğvi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının adına başqa təsərrüfat subyektinin uçota alınmamışdır. Yuxarıda istinad olunan Meyarların 2.1.3-cü bəndində əsasən isə ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti olmadıqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmçinin iddiaçı satdığı malların sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar olmadığını etiraf etdiyindən və bu halın əksini təsdiq edən hər hansı sübut əldə edilmədyindən həmin əməliyyatlar 2.1.3-cü yarımbənddəki istisnaedici şərtin təsirinə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş meyarlardan ən azı birinə (2.1.3) cavab verən şəxs olduğundan cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsaslı olmuşdur. Məhkəmə cavabdehin Meyarların 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə istinad etməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının aldığı malların alışını təsdiq edən sənədlər olmadığı halda, satdığı mallarla arasındakı çeşid fərqinin hansı qaydada müəyyən edildiyi və nədə ifadə olunduğu əsaslandırılmadığından iddiaçı Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunurdu ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VMin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Birinci instansiya məhkəməsi iddia tələbinin “təsdiqlənməmiş azalma”nın silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Belə ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı tərəfindən mübahisələndirilnə qərarlarından xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarı ləğv edilməsi və iddiaçının şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15.043,48 manat məbləğin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı qərardan şikayət verməmiş, cavabdeh isə ləğv edilən qərara və “kameral yoxlanılmalı məbləğ”in silinməsinə münasibətdə apellyasiya şikayəti vermişdir. Bu səbəbdən də məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qərarına qeyd olunan hissələrdə qiymət verir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq hüququna malikdir. Lakin vergi orqanının üzərinə bu norma vəzifə kimi qoyulmamışdır. Araşdırma zamanı, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, riskli hesab edilən elektron qaimə-fakturaların ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15043,48 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixində, 2021-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin isə xx.xx.2024-cü il tarixində ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli Qərarla riskli vergi ödəyicisi qrupunda olduğu müəyyən edildiyi üçün, kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da, mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini həm də malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. İstinad olunan norma baxımından belə hesablama qaydasının tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən gəlirini müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2643/2024 nömrəli qərarı). Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə, gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Bu baxımdan, cavabdeh iddiaçının apardığı əməliyyatlar üzrə müəyyən məbləği xərc olaraq nəzərə almadıqda, həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın da tələbinə əməl etməmiş, ümumiyyətlə xərc nəzərə alınmadan həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət (gəlir) vergisi hesablamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 64/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-92/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1203/2024 nömrəli qərarları). Məhkəmə tərkibi qeyd edir ki, xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati aktdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır (“İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsi). Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh tərəfindən mübahisləndirilən qərar qəbul edilərkən qanunverciliyin tələbləri pozulmuşdur. Bu baxımdan, birinci instansiya məhkəməsi həmin qərarı bütövlükdə ləğv etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Bundan başqa, iddia tələbinin təsdiqlənməmiş azalmanın silinməsinə aid hissəsində də məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşdığından qeyd olunan hissədə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2-1(112)-1532/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar