Məhkəmə qərarları › İş №2-1(103)-2348/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2348/2021

25.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2348/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsinə (üçüncü şəxs “X9” MMC (VÖEN **********)) qarşı “ona məxsus mənzilin hüquqi şəxsin ünvanı kimi qeydiyyatın ləğv edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4670/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mən 12-nin “X9” MMC-nin ünvanı kimi qeydiyyatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin X10 qeydiyyatı idarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mənzil 12 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 020211 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ona məxsusdur. “X9” MMC-nin qeydiyyatı zamanı ona məxsus olan mənzilin ünvanının MMCnin ünvanı kimi göstərilməsinə razılıq verib və qeyd edilən MMC həmin ünvan üzrə qeydiyyata alınıb. Lakin hazırda ona məxsus olan mənzilin “X9" MMC-nin ünvanı kimi qalmasını istəmir, vergi orqanı ilə olan bütün yazışmalar onun ünvanına gəlir ki, bu da onu narahat edir. Qeyd edilən sənədləri isə əlaqəsi olmadığından cavabdeh MMC-yə və ya təsisçilərinə də çaldıra bilmir. Hazırda onun cavabdeh MMC-nin təsisçiləri olan X5 və Türkiyə Respublikasının vətəndaşı olan Emiroğlu Fatih ilə heç bir münasibəti yoxdur. Bununla belə, qeyd edilən MMC-nin təsisçilərinə 2 il ərzində dəfələrlə müraciət etsə də, heç bir faydası olmamışdır, hər dəfəsində ünvan dəyişikliyi ilə bağlı sənədləri toplayıb Milli Gəlirlər İdarəsinə təqdim edəcəklərini bildirsələr də, vədlərinə əməl etməmişlər. MMC-nin ünvan dəyişikliyi üçün təsisçilərinin ümumi yığıncağının qərarı tələb olunur ki, təsisçilər bu sənədi tərtib edib imzalamadan o heç bir sey edə bilmir. MMC-nin təsisçiləri ünvan dəyişikliyi ərizəsi ilə Dövlət Vergi Xidməti Milli Gəlirlər İdarəsinə müraciət etmədikləri üçün məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. “X9" MMC ünvan 3 ünvanında fəaliyyət göstərmir, lakin buna baxmayaraq, qeydiyyat ünvanı həmin mənzildə qalmaqda davam edir. Nəticədə mülkiyyətçi kimi hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Hesab edir ki, məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 33, mənzil 12 "X9" MMC-nin ünvanı kimi qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X10 Qeydiyyatı İdarəsinə müraciət etsə də, 10.02.2021-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 10.02.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, “X10 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, hüquqi şəxslərin təsis sənədlərində edilən hər bir dəyişiklik, eləcə də eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması 12.12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mülki Məcəllənin 47.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Hüquqi şəxsin olduğu yer – hüququ ünvanı cəmiyyətin nizamnaməsində öz əksini tapdığından nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, hüquqi ünvanı təsdiq edən sənəd, VÖEN və nizamnamənin hüquqi ünvan göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi təqdim edilməlidir. Göstərilənləri nəzərə alaraq müvafiq hüquqi şəxslərin hüquqi ünvanlarına dair reyestrdə dəyişikliyin edilməi üçün qeyd olunan sənədlərin hüquqi şəxslər tərəfindən təqdim olunmalı olduğunu nəzərə alaraq bununla bağlı həmin hüquqi şəxsə müraciət etmək tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2-1(112)-4670/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 82-nin “X9” MMC-nin (VÖEN:**********) ünvanı kimi qeydiyyatının ləğvi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin X10 qeydiyyatı idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bununla əlaqədar bildirilmişdir ki, cavabdeh inzibati orqan ona Dövlət Vergi Xidmətinin əsasnaməsi üzrə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Əsasnamə və qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanının hər hansı 3-cü şəxs tərəfindən edilmiş müraciət əsasında hüquqi şəxsin reyestrində dəyişiklik aparmaq səlahiyyəti mövcud deyildir. Belə ki sözügedən məhkəmə işi üzrə hüquqi şəxsin ünvan məlumatlarında dəyişiklik aparılması da qanunvericiliklə tənzimlənmişdir. Hüquqi şəxsin hüquqi ünvanı barədə yazının reyestrdən çıxarılması hüquqi şəxsin (MMC-nin) nizamnaməsində də dəyişikliyin aparılmasını zəruri edir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Hazırki məhkəmə işi üzrə göründüyü kimi, qanunvericilik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin icra mexanizımini müəyyən edib. Hüquqi şəxsin hüquqi ünvanın və nizamnaməsinin dəyişdirilməsi səlahiyyəti, cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Odur ki, İnzibati orqan iş üzrə onun səlahiyyətinə aid ediləməyən və qanunvericiliklə dəyişdirilməsi mexanizmi mövcud olan iş üzrə cavabdehlik daşıya bilməz. Bundan əlavə bildirilmişdir ki, məhkəmə, Qərarının əsaslandırılması zamanı “X10 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1.3-cü maddəsini analogiya üzrə tətbiq edərək MMC-nin sürətli elektron dövlət qeydiyyatını qeyd etmişdir. Kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 3.2.1-ci bəndinin 2-ci hissəsinə əsasən “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli qeydiyyat ərizəsi” hüquqi şəxs bir təsisçi tərəfindən təsis edildikdə aparılır. Mövcud hüquqi şəxsdə isə 2 təsisçi var. Bu halda analogiya üzrə qanunvericiliyin tətbiqi yolverilməzdir. Bu hal Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10-cu maddəsinə uyğun olaraq tənzimlənir. Lakin Məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmaqla “Bu qərar X10 reyestrində “X9” MMC-nin hüquqi ünvanının Azərbaycan Respublikası vətəndaşı olan təsisçi və qanuni təmsilçisi X2 qeydiyyat ünvanı üzrə (Qəbələ rayonu, Xırxatala kəndi) göstərilməsi üçün əsasdır." qərarı qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində qeyd edilirk ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi üzrə isə iddiaçı yalnız ona məxsus ünvanın reyestrdən çıxarılmasını qeyd etmişdir. Məhkəmə, qərarında məhkəmənin mövqeyini ifadə edərkən bir şəxsin mülkiyyət hüququnun qorunmasını qeyd edərkən, inzibati məhkəmə prosesində maraqlarına toxunduğu halda tərəf (maraqlı şəxs) olmayan X4 münasibətdə onun iradəsinin əksinə qeydiyyatda olduğu ünvanının hüquqi şəxsin hüquqi ünvanı kimi müəyyən edilməsi ilə Avropa insan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə zidd qərar qəbul etmişdir. Bununla əlaqədar bildirilmişdir ki, məhkəmə X2 həmin ünvanda qeydiyyatda olduğunu qeyd etsə də, həmin ünvan üzrə mülkiyyət hüququnun kimə məxsus olduğunu müəyyən etməmişdir. Həmin ünvanın sahibi təsisçi olmadıqda, qərar iş üzrə tamamilə aidiyyəti olmayan başqa şəxsin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaqdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətini müdafə etdiyini bildirdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, “X9” MMC-nin təsisçilərini nə qədər çalışsa da tapa bilmir. Həmin hüquqi şəxsin harada fəaliyyət göstərdiyindən xəbərsizdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, - iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 saylı evin 12 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı tərəfindən verilmiş 31.08.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur) . - İddiaçı cavabdeh quruma ünvanladığı 10.10.2018-ci il tarixli ərizədə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanının “X9” MMC-nin hüquqi ünvanı kimi göstərilməsinə etiraz etmədiyini bildirmişdir. - Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli qərardadı ilə “X9” MMC (dövlət qeydiyyat nömrəsi (VÖEN) **********) hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. - Kommersiya hüquqi şəxslərin reyestr məlumatlarına əsasən, “X9” MMC (VÖEN: **********) 15.10.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 82-dir. - Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilən 03.05.2021-ci il tarixli cavabda bildirilir ki, idarədə olan reyestrə əsasən “X9” MMC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 82-dir, faktiki ünvanının olması barədə isə məlumat müəyyən edilməmişdir. Həmçinin bildirilir ki, “X9” MMC-nin təsisçiləri Azərbaycan Respublikası vətəndaşı qeydiyyat ünvanı Qəbələ rayonu, Xırxatala kəndi olan X5 və Türkiyə Respublikası vətəndaşı olan Fatih Emiroğludur. - CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X1 rayonu, Xırxatala kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə X5 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. “X10 qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanununun 9-1.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9-1.2-ci maddəsinə əsasən müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 9-1.3-ci maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Həmin Qanunun 9-1.4-ci maddəsinə əsasən təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 9-1.5-ci maddəsinə əsasən müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. Həmin Qanunun 9-1.6 -ci maddəsinə əsasən təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. Həmin Qanunun 9-1.7-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Qanunun 9-1.8 -ci maddəsinə əsasən təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin (təsisçi dəyişikliyi istisna olmaqla) dövlət qeydiyyatı bu maddəyə uyğun olaraq həyata keçirilir. - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. “X10 qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanununun 14.1.2-ci maddəsinə əsasən, dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) əks etdirilməlidir “X10 qeydiyyatı və dövlət reyestrin haqqında” Azərbaycan Respublikasının qanunundan: 2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanunsuz hesab etmiş, iddia tələbini təmin edərək ünvan 82-nin “X9” MMC-nin (VÖEN:**********) ünvanı kimi qeydiyyatının ləğvi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin X10 qeydiyyatı idarəsinin üzərinə qoyulmuş və qəbul edilən qərarın X10 reyestrində “X9” MMC-nin hüquqi ünvanının Azərbaycan Respublikası vətəndaşı olan təsisçisi və qanuni təmsilçisi X2 qeydiyyat ünvanı üzrə (Qəbələ rayonu, Xırxatala kəndi) göstərilməsi üçün əsas olduğu bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işə baxan məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmaqla “Bu qərar X10 Reyestrində “X12 Nəşriyyatı” MMC-nin hüquqi ünvanının Azərbaycan Respublikası vətəndaşı olan təsisçi və qanuni təmsilçisi X2 qeydiyyat ünvanı üzrə (Qəbələ rayonu, Xirxatala kəndi) göstərilməsi üçün əsasdır” göstərilməklə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırki iddia tələbi üzrə iddiaçı yalnız ona məxsus ünvanın reyestrdən çıxarılması öhdəliyini Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “X10 qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “X10 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi şəxsin olduğu yerin - hüquqi ünvanın Cəmiyyətin nizamnaməsində qeyd olunması qanunla nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin ünvan məlumatlarında dəyişiklik aparılması qanunvericiliklə tənzimlənmişdir. Hüquqi şəxsin hüquqi ünvanı barədə yazının reyestrdən çıxarılması hüquqi şəxsin (MMC-nin) nizamnaməsində də dəyişikliyin aparılmasını zəruri edir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91 3 1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Odur ki, İnzibati orqan iş üzrə onun səlahiyyətinə aid ediləməyən və qanunvericiliklə dəyişdirilməsi mexanizmi mövcud olan iş üzrə cavabdehlik daşıya bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4670/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsinə (üçüncü şəxs “X9” MMC (VÖEN **********)) qarşı “ona məxsus mənzilin hüquqi şəxsin ünvanı kimi qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar