Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2348/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizə ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli, 26 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci tarixindən yenidən hesablanmasını və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-603/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-163/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1827/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-163/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı «yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında» ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Emin Abdullayev) 2-1(112)-603/2023 nömrəli, 26 fevral 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılması tələbinə dair ərizəyə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin qərarı ilə 2012-ci ildə qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında ona xx.xx.2012-ci il tarixdən 85 manat baza hissəsi+59.33 manat sığorta hissəsi+27.57 manat yığım hissəsi hesablanmaqla, yaşa görə güzəştli şərtlərlə 171.90 manat əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunandan sonra 2014-cü ildən 2020-ci il fevral ayına qədər işlədiyi dövr üçün qazanılmış və istifadə edilməmiş sığorta kapitalına görə onun müraciəti əsasında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarı ilə 58.65 manat əlavə pensiya hesablanaraq, aldığı 275 manat pensiya məbləğinə əlavə edilərək 333,65 manat pensiya təyin edilmiş, daha sonra pensiyalarin indeksləşdirilməsi ilə əlaqədar bu məbləğ xx.xx.2021-ci il tarixdən 371,69 manata çatdırılmışdır. Pensiyanın yenidən hesablanması ilə əlaqədar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona ünvanlanmış 05 aprel 2021-ci il tarixli məktubundan məlum olmuşdur ki, əlavə pensiya məbləği hesablanarkən əmək fəaliyyətinə xitam verilməsi tarixi xx.xx.2020-ci il tarixi əvəzinə səhvən xx.xx.2019-cu il tarixi hesab edilərək pensiya kapitalı düzgün müəyyən edilməmişdir, üstəlik pensiya kapitalı 2015-2020-ci illər üzrə indeksləşdirilməyib. Bundan başqa, həmin ərəfədə məlum olmuşdur ki, 22 aprel 2012-ci il tarixində pensiya təyin edilərkən onun 1972-1977-ci illər ərzindəki əyani təhsil müddəti 2006-ci ilə qədər dövrdəki umumi iş stajına daxil edilməyib. xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edib, tələb edilən müvafiq sənədləri də təqdim edərək əyani təhsil müddəti nəzərə alınmaqla 2012-ci ildə təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərin nəticəsi olaraq xx.xx.2021ci il tarixdən aldığı 371,69 manat pensiya yenidən hesablanaraq cəmi 20 qəpik artımla 01.12. 2021-ci il tarixdən 371,89 manat pensiya təyin edilmişdir. Pensiyanın yenidən hesablanmasının yuxarıda göstərilən şübhəli nəticələrindən (cəmi 20 qəpik artım) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1972-1977-ci illər ərzindəki əyani təhsil müddətinin 2006-ci ilə qədər dövrdəki umumi iş stajına daxil edilməklə 22 aprel 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının məbləği və 2019-cu il noyabr - 2020-ci il fevral dövrünəki sığorta ödənişləri nəzərə alınmaqla xx.xx.2021-ci tarixindən təyin edilmiş 58,65 manat əlavə pensiyanın məbləğinin yenidən hesablanması və ödənilməmiş fərqin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması“ tələbinə dair xx.xx.2021-ci tarixli iddia ərizə ilə Bakı İnzibatı Məhkəməsinə müraciət olunmuşdur. Aşağı instansiya məhkəmələri işə baxarkən cavabdehə sorğu göndərib 2012-ci ildə əmək pensiyası təyin edilərkən və ididiaçının müraciəti əsasında yenidən təyin ediləndə pensiya məbləğinin kalkulyasıyasının (cədvəl şəklində açıqlamasının) verilməsini tələb etsə də, məhkəməyə yalnız hesablamaların nəticəsini əks etdirən məlumatlar təqdim olunmuşdur. Məhkəmə DSMF-nun Fərdi Ucot üzrə Mərkəzi Fiİialına “2006-2020-ci illərdə İddiaçı xeyrinə faktiki ödənilmiş məcburi dövlət sığorta haqları” barədə rəsmi arayışın verilməsinə dair sorğu göndərsə də buna cavab almamışdır. Belə vəziyyətdə məhkəmə hesablamanın əsasına qoyulmuş göstəricilər (faktiki ödənilmiş sığorta haqları, onların indeksləşdirilməsi, 2014- 2020-ci illərdəki iş stajı və s.) barədə dürüst məlumatları əldə edə bilməmişdir, əlində işin düzgün həll edilməsində zəruri olan kifayət qədər subutlar olmadan yalnız cavabdehin etirazlarında irəli sürülən dəlillər əsasında iddia tələbini rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı elan olunandan dərhal sonra iddiaçı DSMF-nun Fərdi Ucot üzrə Mərkəzi Fiİialına ərizə ilə müraciət edərək “2006-2020-ci illərdə aylar üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sığorta haqları” barədə rəsmi arayışın verilməsini xahiş etmişdir, ona "sığorta olunanın fərdi səxsi hesabı haqqında” xx.xx.2024cü il tarixli, 3-17-1/2-Ə-54382/2024 saylı Arayış verilmişdir. Arayışıa əsasən iddiaçının fərdi şəxsi hesabına 2006-2012-ci il dövrü üçün 5380,11 manat, 2014-2020-ci dövrü üçün 4537,1 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Həmin məbləğlər müvafiq qaydada indekləşdirilməklə sığorta kapitalının yığım hissəsi əmək pensiyası təyin edilən xx.xx.2012-ci il tarixə 8026,24 manat, qazanılmış və istifadə edilməyən pensiya kapitalı isə əlavə pensiya təyin edilən xx.xx.2020-ci tarixə 5392,55 manat təşkil edir. Ancaq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən məlumatlarda həmin məbləğlər 8026,24 manat əvəzinə 4010.40 manat və 5392,55 manat əvəzinə 4012.29 manat göstərilmişdir və həmin göstəricilər əsasında mənə hesablanmış pensiya məbləği məhkəmə qərarı ilə səhvən təsdiq edilmişdir. Əslində, kassasiya mərhələsində əldə edilmiş DSMF-nun Fərdi Ucot üzrə Mərkəzi Fiİialının xx.xx.2024-cü il tarixli arayışında verilən məlumatların, onunla eyni statusa malik olan və iddia ərizəsi ilə birlikdə subut qismində əvvəlcədən məhkəməyə təqdim olunmuş Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemindən onlayn rejimdə çıxarılmış "Sosial arayışdakı” məlumatlarla müqayisəli təhlil göstərir ki, onlar üst-üstə düşür, ancaq aşağı instansiya məhkəmələri qərar qəbul edərkən "Sosial arayış”da verilən məlumatları araşdırıb qiymət verməmişdir. Fərdi Ucot üzrə Mərkəzi Fiİialının xx.xx.2024-cü il tarixli arayışı kassasiya şikayəti ilə birlikdə apellyasiya məhkəməsinə təqdim edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi həll edərkən işin düzgün həll edilməsində mühüm əhəmiyyət kəsb edən, özünün sorğu verdiyi subutları əldə edib araşdıra bilməmış, ciddi prosessual pozuntulara yol verərək iddia tərəfinin təqdim etdiyi mötəbər subutları, o cümlədən Fərdi Ucot üzrə Mərkəzi Fiİialının xx.xx.2024-cü il tarixli arayışı ilə eyni statusa malik olan “Sosial arayışı” nəzərə almayıb, yalnız bir tərəfin, yəni cavabdehin verdiyi natamam məlumatlar əsasında qərar çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1827/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı onunla əsaslandırmışdır ki, “Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilə bilməz”. Azərbaycan Respublikası Ali Məhkəməsi yeni subut kimi kassasiya şikayətinə əlavə edilmiş Fərdi Ucot üzrə Mərkəzi Fiİialının xx.xx.2024-cü il tarixli arayışına dair hissədə kassasiya şikayətinin dəlillərinə ümumiyyətlə münasibət bildirməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı təzələnə bilər. İş materiallarından görünür ki, iddiaçının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas hesab etdiyi sübutlar və hallar hazırki iş üzrə inzibati məhkəmə icraatı başa çatmamış artıq iş materiallarında mövcud olmuşdur. İddiaçının irəli sürdüyü əsaslar yuxarı instansiya məhkəməsi tərəfindən məhkəmə qərarının ləğv edilməsi, dəyişdirilməsi və ya yenidən araşdırmanın davam etdirilməsi üçün işin aşağı instansiya məhkəməsinə göndərilməsi üçün əsas qismində çıxış edə bilər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1827/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-163/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır və bu zaman iddiaçının istinad etdiyi sənədlər iş materiallarında mövcud olmuşdur. Yəni iddiaçının istinad etdiyi sənədlər iş materiallarına əlavə edilən zaman iş hələ məhkəmənin icraatında olmuşdur. Göründüyü kimi, qeyd olunan hal hələ məhkəmə araşdırması yekunlaşmamışdan əvvəl iddiaçıya məlum olmuş, iş kassasiya məhkəməsinin icraatında olan zaman iddiaçı tərəfindən həmin əsaslara istinad olunmuşdur. Bu baxımdan həmin hallar inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən yeni açılmış hallar isə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra aşkar olunmuş və ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmayan yeni sübutlar və ya hallardır. Ərizədə qeyd olunan hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş hər hansı yeni sübutlar və ya halları məhkəməyə təqdim edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94, 100, 103-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli, 26 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.