Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2349/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1816/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Ləğv prosesində olan X5 Cəmiyyətinin Bakı şəhəri Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinə ünvanladığı 04/A-5445, 09 dekabr 2016-cı il tarixli məktubunda bildirilmişdir ki, Bankın müştərisi İddiaçı (VÖEN: **********) LPO "xxxx" ASCdə olan **********0000 saylı hesab nömrələri xx.xx.2016-cı il tarixdən etibarən bağlanmış hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********104700 saylı uçota dair arayışa əsasən İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılmışdır. Hazırda onun fəaliyyəti dayandırılmış vəziyyətdədir. 23 fevral 2022-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2016-cı il tarixdən ona yaşa görə müavinət təyin edilmişdir. Bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 iyun 2022-ci il tarixli **********0 saylı məktubda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. xx.xx.2020-ci il tarixədək qüvvədə olan “sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Bu səbəbdən təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırıldığından xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 12025 saylı qərarına əsasən təyin edilmiş sosial müavinətin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4598,00 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş 4598,00 manat məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə ödəniləcək 690,97 manat məbləğlə əvəzləşdirildikdən sonra qalıq borc 3907,03 manat təşkil edir ki, bu məbləğ aylıq 36 manat olmaqla sosial müavinətdən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. Cavabdehin sosial müavinət təyinatı üzrə 12025 saylı, 25 aprel 2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli, 3274 saylı qərar ləğv edilmişdir. İddiaçıya yaşa görə 180 manat məbləğində müavinət təyin edilmişdir. Vətəndaşa rəsmi məlumat verildikdən sonra xx.xx.2018 – xx.xx.2021-ci il tarixədək aktiv VÖEN olduğuna görə ödənilən artıqvermə sosial müavinətdən tutulma qeyd edilmişdir. Cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın ünvanladığı **********0 saylı, xx.xx.2022-ci il tarixli sosial müavinətdən tutulma barədə məktubda bildirilmişdir ki, yaşa görə sosial müavinət alan İddiaçı (Suraxanı rayonu, iş № 623931) aktiv VÖEN-i aşkarlandığı üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021ci il tarixədək dövr üzrə ödəniləcək 690,97 manat məbləğlə əvəzləşdirildikdən sonra qalıq 3907,03 manat məbləğ 2022-ci ilin may ayından 20% olmaqla 36,00 manat tutularaq bərpa ediləcəkdir. Beləliklə, İddiaçı xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmiş və müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı yaşa görə sosial müavinətinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina olunmuşdur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müavinətin dayandırıldığı- xx.xx.2021ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi, yaranmış fərq məbləğinin geri ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. 2021-ci ilin 30 noyabr tarixədək həmin sosial müavinəti almışdır. 2021-ci ilin 30 noyabr tarixdən isə sosial müavinət dayandırılmışdır. Cavabdehin 23 fevral 2022-ci il tarixli məktubunda dayandırılmanın səbəbi kimi qeyd edilmişdir ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir, bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Bu həqiqətə uyğun deyildir. Belə ki, o, xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınmış xx.xx.2016-cı il tarixədək fəaliyyət göstərmişdir. İşlətdiyi ərzaq dükanı ilə bağlı onun VÖEN-i olmuşdur. xx.xx.2016-cı il tarixdən isə həmin ərzaq dükanının fəaliyyətinin dayandırılması ilə əlaqədar VÖEN-i bağlamışdır. Lakin xx.xx.2018- ci il tarixdə onun heç bir müraciəti olmadan, eləcə də məlumatı olmadan VÖEN-i yenidən açılmışdır. Bu açılma sistem xətasıdır və 125300 kodlu VÖEN-ə olan 0,96 qəpik və 0,44 qəpik qalıq borcdan qaynaqlanır: VÖEN-i bu səbəblə avtomatik açılmışdır, lakin bu barədə ona heç bir məlumat verilməmişdir. 2016-cı ilin 01 oktyabr tarixdən heç bir sahibkarlıq, həmçinin hər hansı əmək fəaliyyəti ilə məşğul olmamışdır. O, bundan yalnız cavabdeh tərəfindən göndərilmiş məktub vasitəsilə xəbər tutmuşdur. "xxxx" ASC tərəfindən verilmiş arayışdan aydın olur ki, onun (VÖEN: 1901 1756.12) LPO "xxxx" ASC-də olan **********0000 saylı hesab nömrələri xx.xx.2016-cı il tarixdən bağlanmış hesab edilir. Ona ödənilən yaşa görə sosial müavinətin verilməsinin dayandırılmasından sonra cavabdeh inzibati orqana müavinətin bərpa olunması ilə bağlı müraciət etmişdir. Müraciətinə mənfi cavab verilmişdir. 2022-ci ilin 05 yanvar tarixdən xx.xx.2052-ci il tarixədək VÖEN-i yenidən bağladıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bir daha yaşa görə sosial müavinətin verilməsini xahiş etməyə məcbur olmuşdur. 22 iyun 2022-ci il tarixli məktubda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı qeyd edir ki, ona yaşa görə sosial müavinət xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12025 qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə aktiv VÖEN-i olduğu üçün 4598,00 (dörd min beş yüz doxsan səkkiz) manat artıqalma yaranmışdır və bu artıq alınmış vəsait ona yaşa görə sosial müavinət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 690,97 (altı yüz doxsan manat doxsan yeddi qəpik) manat vəsait ilə əvəzləşdirildikdən sonra qalıq 3907,03 (üç min doqquz yüz yeddi manat 03 qəpik) manat 2022-ci ilin may ayından 20% olmaqla 36,00 (otuz altı) manat tutularaq fondun hesabına bərpa edilir. Bu qanunazidd qəbul edilmiş qərardan irəli gələn hərəkətlər onun sosial təminat hüququnu ciddi şəkildə pozur və bu hüquqazidd hərəkətlərin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı təqdim edilmiş məlumatdan da aydın olduğu kimi, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı göstərilmişdir. Həmçinin həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli verilmiş məlumatda aydın şəkildə göstərilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, daha sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılmışdır. Həmin məlumatda iddiaçının xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək VÖEN-nin dayandırıldığı göstərilmişdir. Yəni ki, iddiaçı yaşa görə müavinət aldığı zaman, eyni zamanda aktiv VÖEN-i də olmuşdur. Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarına əsasən VÖEN - Azərbaycan Respublikasında vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Deməli, İddiaçı yaşa görə müavinət aldığı dövrdə (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) aktiv VÖEN-i olan şəxs, yəni vergitutma obyektinə malik olmaqla, həmin obyektdən vergi ödəməli olan şəxs olmuşdur. Məhz, bu əsasla da ona təyin edilmiş yaşa görə müavinət dayandırılmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə 4598 manat artıq ödəmə yaranmışdır. Göründüyü kimi, iddiaçının yaşa görə müavinət aldığı dövrdə aktiv VÖEN-i olmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1816/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin edilmiş yaşa görə müavinətin dayandırılmasının və tutulmaların aparılmasının qanunsuz hesab edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən dayandırılmış sosial müavinətin bərpa edilərək ödənilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi fəaliyyətini müvafiq orqana müraciət edərək xx.xx.2022-ci tarixdə dayandırmışdır. Bundan sonra 10. 03.2022-ci il tarixdə cavabdehə müraciət etmiş və iddiaçıya xx.xx.2022-ci il tarixli 12025 nömrəli qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək üç və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə edən şəxslərə yaşa görə verilən sosial müavinətin ödənişi bərpa edilmişdir. Həmçinin, cavabdehin sosial müavinətin təyin olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli 3274 nömrəli qərarı ləğv edilmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq cavbdeh inzibati orqan iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “müavinətin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi, dayandırmanın və tutulmanın qanunsuz hesab edilməsi və yaranmış fərq məbləğinin geri ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “xx.xx.2018-ci il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğundan iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 3274 nömrəli qərarına əsasən İddiaçı təyin edilmiş sosial müavinətin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 6090,48 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Təqdim etdiyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********104700 saylı arayışına əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2022-ci il tarixində dondurulmasına baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 6090,48 manat məbləği 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödəməyi tələb olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin 251 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 66 manat, xx.xx.2018-ci il tarixdən ömürlük 73 manat yaşa görə müavinət təyin edilmişdir. 103 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 7, mənzil 64 ünvanında yaşayır və qeydiyyatdadır. Akta əsasən heç bir yerdə işləməyib və hal-hazırda işləmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli 18102954 saylı arayışa əsasən İddiaçı həqiqətən kompüter bazasının məlumatına əsasən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsindən pensiya, sosial birdəfəlik müavinət və təqaüd alır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya təqdim olunmuş **********655200 saylı, 02 mart 2022-ci il tarixli məktubda bildirilmişdir ki, Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********500800 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X6 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdə bərpa olunması, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018- ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Cavabdehin 3274 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə xx.xx.1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, ünvan 4 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək müavinət üzrə artıq ödənilmiş 6090,48 manat məbləğ tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı **********8 saylı, 22 iyun 2022-ci il tarixli sosial müavinətdən tutulma haqqında məktubda bildirilmişdir ki, yaşa görə sosial müavinət üzrə (Suraxanı rayonu, iş № 623931) xx.xx.2022-ci il tarixdən təyinat aparılmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12025 saylı qərara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üzrə aktiv VÖEN-i olduğu üçün 4598,00 (dörd min beş yüz doxsan səkkizi manat) artıqalma yaranmışdır. Artıq alınmış vəsait yaşa görə sosial müavinət üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödəniləcək 690,97 (altı yüz doxsan manat 97 qəpik) manat vəsait ilə əvəzləşdirildikdən sonra qalıq 3907,03 (üç min doqquz yüz yeddi manat 03 qəpik) manat 2022-ci ilin may ayından 20% olmaqla 36,00 (otuz altı) manat tutularaq fondun hesabına bərpa edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi” ərizəyə əsasən İddiaçı cavabdehə yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********438400 saylı, 16 avqust 2022-ci il tarixli müraciətə baxılması barədə məktubda bildirilmişdir ki, X1 (VÖEN: **********) xx.xx.2011-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu, həmçinin uçot-baza məlumatlarına əsasən X3 tərəfindən təqdim edilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizə”lərinə əsasən fəaliyyətinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2022- ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırıldığı müəyyən edilmişdir. X3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir. X3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022- ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən X1 dövriyyəsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına göndərilmiş xx.xx.2022-ci il tarixli **********703400 saylı məktubda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2011-ci il tarixdə uçota alınması, fəaliyyətin xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması və hazırda dayandırılmış vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi orqanında İddiaçı (VÖEN: **********) xx.xx.2016-cı il tarixli **********023800 saylı fiziki şəxsin vergi uçotunun ləğv edilməsinə dair ərizə ilə müraciət etməsi barədə məlumat mövcuddur. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən müvafiq dövrlər üzrə dövriyyə, habelə həmin dövr üzrə büdcəsinə vergi ödənilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi İddiaçı tərəfindən cavabdehə ünvanladığı şikayət ərizəsində bildirilmişdir ki, 3 uşağa görə aldığı sosial müavinatın Dekabr 2021-ci il dayandırılması səbəbi ilə müraciət etmişdir. Gərəkli məlumatları və sənədləri vermişdir. May ayından etibarən müavinət kartına yatırılsa da 36 manat əksik yatırılmışdır. 142 çağrı mərkəzi ilə əlaqə saxladıqda bildirmişlər ki, hər ay müavinətdən 20 faiz tutulma olacaqdır. Baş verən tutulmalarla bağlı olaraq ona yazılı şəkildə məlumat göndərmələri və bu tutulmaların əsaslandığı mənbələri ona yazılı şəkildə göndərmələri üçün göstəriş verilsin. Bu barədə araşdırılması üçün məhkəməyə müraciət etmək istəyir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli “03 saylı Bakı DOST Mərkəzi”-nə iddiaçının ünvanladığı ərizəyə əsasən X3 cavabdehə yaşa görə sosial müavinətin bərpa edilərək ödənilməsi barədə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında 3274 saylı, xx.xx.2022-ci il tarixli qərarında İddiaçı barədə xx.xx.2016 - xx.xx.2021-ci il tarixədək olan dövrdə artıqvermə müəyyən edildiyi qeyd olunmuşdur. Hazırki vəziyyətdə iddiaçının dinlənilmə hüququ təmin edilmədən və inzibati icraat aparılmadan xx.xx.2021-ci il tarixdə yaşa görə sosial müavinətin ödənişi dayandırılmış, cavabdeh tərəfindən bu barədə hər hansı bir qərar qəbul edilməmişdir. Həmçinin iddiaçıya müxtəlif məbləğlərdə artıq ödəmə müəyyən edilmiş, iddiaçı inzibati icraata cəlb edilmədən və onun bu barədə razılığı olmadan müavinətdən tutmalar aparılmışdır. Cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin ödənişinin faktiki olaraq dayandırılmasından sonra xx.xx.2022-ci il tarixdə artıqvermənin müəyyən edilməsi barədə, xx.xx.2022-ci il tarixdə isə yenidən sosial müavinətin təyinatı və tutulma aparılması barədə məlumatlar verilmişdir. Beləliklə, işin materiallarından aydın olur ki, cavabdeh iddiaçıya təyin edilmiş müavinəti inzibati icraat aparmadan və bu barədə qərar qəbul etmədən faktiki hərəkətlə dayandırmış, yenidən xx.xx.2022-ci il tarixdə təyin edilmiş müavinətdən isə iddiaçının bu barədə razılığı olmadan tutmalar aparmışdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat-fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. “Sosial müavinətlər haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur (1.0.2-ci maddə). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra və sonradan tutmalar apara bilməzdi. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinə başlaması ilə bağlı araşdırılma aparılmamış, nəticədə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövlət büdcəsinə ödənilmiş vergi, həmçinin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə borcu müəyyən edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün vergi orqanına bəyannamə təqdim edilmədiyindən X1 dövriyyəsi barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. İddiaçının fəaliyyət dövrü ərzində dövlət büdcəsinə hər hansı vergi ödənilməməsi və nəticə etibarı ilə iddiaçının işləməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya təyin edilmiş sosial müavinətin dayandırılması qanunsuz hesab edilməli və dayandırılmış sosial müavinət bərpa edilməlidir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş müavinət dayandırılarkən iddiaçının həqiqətən əmək fəaliyyəti ilə məşğul olub-olmaması araşdırılmalı və bu barədə sübutlar toplanmalı, inzibati icraat aparılmalı, iddiaçının özü də həmin inzibati icraata cəlb edilməli idi. Yalnız bundan sonra müavinətin dayandırılması barədə qərar qəbul edilə bilər və müvafiq qərar qəbul edildikdən sonra müavinətin ödənilməsi dayandırıla bilərdi. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də hazırki qərardakı kimi əsaslandırılmışdır (2-1(102)-445/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1816/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1816/2023 saylı 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2349/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2349/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver