Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2349/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı oğlunun, Cavbdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya əmək pensiyasının hakimlik stajı və müvafiq əlavələr nəzərə alınmaqla prokurorluq işçisi kimi yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı iş üzrə 2 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-430/2021 saylı iş üzrə 6 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(112)-1540/2021 saylı iş üzrə 22 sentyabr 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, iddiaçı 1986 – 1988-ci illərdə hərbi xidmətdə olmuş, 1989 – 1994-cü illərdə ali hüquq təhsili almış, 10 iyun 1996-cı il tarixdən 8 fevral 2001-ci il tarixədək Qarabağ hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq, 30 dekabr 2004-cü il tarixədək Sumqayıt hərbi prokurorluğunda prokuror-kriminalist və 6 avqust 2008-ci il tarixədək Respublika Hərbi Prokurorluğunda şöbə prokuroru, 6 avqust 2008-ci il tarixdən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsində və 1 yanvar 2011-ci il tarixdən 6 avqust 2013-cü il tarixədək Tərtər Hərbi Məhkəməsində hakim vəzifələrində işləmişdir. Qarabağ hərbi prokurorluğundakı xidməti güzəştli – “üçqat” sayılmaqla 28 il 7ay 10 gün stajla 8 avqust 2008-ci il tarixdən ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Güzəştli” müddət və son 24 ayın əməkhaqqı əsas götürülüb hakim stajı daxil edilməklə hərbi qulluqçu pensiyasının 25 il qulluq etmiş prokurorluq işçisi pensiyası ilə dəyişdirilməsi barədə 2015-ci ilin avqust ayından etibarən DSMF-in müvafiq qurumlarına və digər inzibati orqana çoxsaylı müraciətlər etmiş, lakin imtina cavabları almışdır. 5 müraciət 1 iyul 2017-ci il tarixədək olan dövrə təsadüf edir. DSMF-nin 20 fevral 2020-ci il tarixli imtina cavabı üzrə Bakı İnzibati Məhkəməsində 19 mart 2020-ci il tarixdə eyni tələblə iddia qaldırsa da, həmin iddia məhkəmənin 2-1(112)- 4223/2020 saylı iş üzrə 2 oktyabr 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-430/2021 saylı iş üzrə 6 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və 2 oktyabr 2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1540/2021 saylı iş üzrə 22 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarında iddianın təmin edilməməsinin əsası kimi “Baş Prokurorluğun komissiyası tərəfindən hər hansı qərarı, aktı qəbul olmadığından hakim stajının prokurorluq orqanlarında qulluq stajı sayılmadığı”, “güzəştli (üçqat) illərin nəzərə alınmasınən faktiki təkrarlanma hesablanması kimi nəticələndiyindən yolverilən hal olmadığı” və “iddiaçıya sabiq hakim kimi əmək pensiyası təyin edilmədiyindən, müvafiq əlavələrin isə bir qismini almadığından və onlardan məcburi dövlət sığorta haqları ödəmədiyindən, onun əmək pensiyasının hesablanmasında fəaliyyətdə olan hakimin əmək haqqına əlavələrin nəzərə alınmasının yolverilən olmadığı” göstərilmişdir. Ali Məhkəmənin 21 sentyabr 2023-cü il tarixli müvafiq qərarında qeyd olunur ki, 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1988/2015 saylı iş üzrə 2015-ci ildə çıxardığı qərarı ilə iddiaçı X2 “məhkəmə hakimi vəzifəsində işlədiyi illərin əmək stajına daxil edilərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddiası təmin edilməklə onun məhkəmə hakimi vəzifəsində işlədiyi illər əmək stajına daxil edilərək 25 il prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi DSMF Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərarla iddiaçıya məhkəmə qərarı əsasında əmək pensiyası təyin edilərkən 21 il prokurorluq orqanlarında işlədiyi müddət, 4 il isə məhkəmə hakimi vəzifəsində işlədiyi müddət nəzərə alınmış, pensiya hesablanarkən prokurluqda xidmətin son 24 ayı üzrə əməkhaqqı, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminə aid əməkhaqqı əsas götürülmüş, onun 2021ci ildə məhkəmə hakimi vəzifəsinin son yaş həddinə çatması ilə bağlı prokurorluq işçisi kimi əmək stajı hakim stajı sayılmaqla cəmi 34 il əmək stajı ilə ona hakimin əmək pensiyası təyin edilmişdir. Sözügedən sübut və hallar mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olsa da, onlar yalnız 21 sentyabr 2023-cü il tarixli məhkəmə qərarında əks olunduğundan, ona (hazırkı iddiaçıya) 30 oktyabr 2023-cü il tarixdə internet resurslarından məlum olmuşdur. Bundan başqa, Ali Məhkəmənin 2-1(102)1660/2020 saylı iş üzrə 6 oktyabr 2020-ci il tarixli qərarına görə cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun mübahisə doğurmayan mövqeyi ondan ibarət olmuşdur ki, Qarabağ qarnizonu hərbi prokurorluğu Azərbaycan Respublikası Baş prokurorunun 17 mart 1994-cü il tarixli 215-L saylı əmrinə əsasən döyüş əməliyyatları aparılan ərazilərdə olan prokurorluq hesab edildiyindən, «Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı qəbul edilənədək həmin əmr qüvvədə olmaqla, 17 mart 1994-cü il tarixdən 31 oktyabr 2002-ci il tarixədək olan müddət ərzində Qarabağ qarnizonu hərbi prokurorluğunun işçilərinin xidmətinin bir ayı üç ay hesab edilmişdir. Həmin qərarın 30-cu bəndinə əsasən Ali Məhkəmənin İnzibati Kollegiyası da eyni mövqedə olmuşdur. Qeyd edilən hallar mübahisənin həll edilməsi zamanı mövcud olsa da, ilkin icraat zamanı ona (iddiaçıya) məlum olmadığından həmin xüsustları ilkin məhkəmə icraatı zamanı təqdim edə bilməmişdir. Həmçinin 701 saylı Hərbi hissə komandirinin 16 may 2000-ci il tarixli 675 nömrəli arayışından görünür ki, Qarabağ qarnizonu hərbi prokurorluğunun fəaliyyət göstərdiyi inzibati ərazidə yerləşən həmin hərbi hissə şəxsi heyəti ilə birlikdə 12 may 1994cü il tarixədək (atəşkəs elan olunanadək) döyüşlərdə iştirak etmişdir. İddiaçı ilə heç bir əlaqəsi olmayan həmin arayışın mövcudluğu 15 noyabr 2023-cü il tarixdə təsadüfən ona məlum olmuşdur. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarlarm aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olubolmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 79-1-ci maddəsində təsbit edilmişdir ki, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Oxşar faktiki hallardan doğan eyni hüquqi məsələ ilə bağlı əsaslandırılmamış ziddiyyətli məhkəmə qərarlarının davamlı mövcudluğu Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarmaqla yanaşı, həm də qanunun aliliyinə əsaslanan dövlətin vacib komponentlərindən biri olan məhkəmə sisteminə inamın azalmasına səbəb ola biləcək hüquqi qeyri-müəyyənlik vəziyyəti yarada bilər. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədənkənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Baxılan iş üzrə vahid məhkəmə təcrübəsi mövcud, aydın və birmənalı olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər. Bu zaman, şikayətin əvvəllər artıq Ali Məhkəmə tərəfindən baxılmaqla həll edilmiş mahiyyətcə eyni faktiki və hüquqi hallara söykənən işlərlə oxşar iş üzrə verildiyinə də diqqət edilməlidir. İşlərin oxşarlığının qiymətləndirilməsi adətən icraatda tərəflərin müqayisəsini, eləcə də istinad olunan müvafiq faktiki və hüquqi halların mahiyyətcə eyniliyini əhatə edir. Şikayətçidən gözlənilən odur ki, o, həqiqətən də mahiyyətcə yeni şikayət irəli sürməli, yəni, daha əvvəllər məhkəmə tərəfindən baxılmamış və qiymətləndirilməmiş yeni məlumatlara və dəlillərə istinad etməlidir. Ali Məhkəmədən əsas gözlənilən hüququn eyni cür tətbiq edilməsini və inkişafını təmin etməyə dair ictimai funksiyanın layiqincə yerinə yetirilməsidir. Bu isə aydındır ki, həm də iş yükünün optimallaşdırılmasına, təkrarlanan işlərə baxılmasının qarşısının alınmasına dair tədbirlərin görülməsini tələb edir. Belə tədbirlərin görülməməsi məhkəmə proseslərinin müddətlərinin uzanmasına, şəxslərin hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq eyni kateqoriya işlərlə yüklənməsinə gətirib çıxarır, ümumilikdə isə məhkəmə sisteminin səmərəli fəaliyyətinə maneə təşkil edir. Lazımi qaydada əsaslandırılmamış kassasiya şikayətlərinin mümkün sayılmamasına dair prosessual tələblərin müəyyənləşdirilməsi optimallaşdırmanın alətlərindən biri kimi çıxış etməklə ümumi maraqlara xidmət edir. Bununla, kassasiya məhkəməsinin həqiqi funksiyalarını təmin etməyə yönəlmiş həm keyfiyyətli, həm də ağlabatan müddətlərdə fəaliyyət göstərməsinə nail olunur. Beləliklə, X6 Kolleiyasının 6 noyabr 2023-cü il tarixli Qərardadı kassasiya şikayətinin mümkünlüyü məsələsinin həllində şikayətin tərtibi zamanı məhkəmə təcrübəsinin nəzərə alınmasını mütləq şərt olaraq irəli sürür. Bu tələb məhkəməyə müraciətlə əlaqədar konstitusion hüququn məhdudlaşdırılması ilə nəticələnə biləcəyindən “tövsiyə xarakterli” deyil, “ümumməcburi” təbiətə malik olub “qayda” müəyyən etdiyindən Avropa Konvensiyasının dəyərləndirməsinə görə “qanun” sayılır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun, «İnzibati icraat haqqında» Qanunun və digər qanunvericilik aktlarının müddəalarına əsaslanaraq məhkəmədən Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixdən sonra qanuni qüvvəyə minmiş 2 oktyabr 2020-ci il tarixli 2-1(112)-4223/2020 nömrəli qərarının qəbulu ilə nəticələnmiş inzibati iş üzrə ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.Həmçinin, bildirmişdir ki, Müdafiə Nazirliyinin 701 saylı Hərbi hissə komandirinin 16 may 2000-ci il tarixli 675 nömrəli arayışı birinci instansiya məhkəməsinin qərardadında “əmr” kimi, qeyd olunmuş, həmçinin xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsi ilə bağlı məhkəmə iclasının protokolunun tarixi “xx.xx.2024-cü il” kimi yazılmışdır. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. 103.1-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 117.1.1-ci maddəsinə icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Məhkəmə ilk növbədə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin mümkünlüyü məsələsinə münasibətdə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı iş üzrə müvafiq qərarı 2 oktyabr 2020-ci il tarixdə qəbul olunmuşdur və 22 sentyabr 2021-ci il tarixdə qüvvəyə minmişdir, ərizəçiyə istinad etdiyi hallar – digər oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı 30 oktyabr 2023-cü il tarixdə, Müdafiə Nazirliyinin 701 saylı Hərbi hissə komandirinin 16 may 2000-ci il tarixli 675 nömrəli arayışı isə 15 noyabr 2023-cü il tarixdə məlum olmuşdur (bu hal da təkzib ounmur). İddiaçının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi isə, Bakı İnzibati Məhkəməsinə 28 noyabr 2023-cü il tarixdə təqdim olunmuşdur. Belə olan halda, İddiaçı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsinə həm İPM-in 101-ci maddəsinin tələblərinə uyğun, həm də 103.1 və 103.2-ci maddələrində müəyyən edilmiş müddət meyarlarına riayət olunmaqla verilmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni mümkün sayır. “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin mahiyyətinə gəldikdə isə, qanunvericiliyin aşağıdakı normalarının qeyd olunması zəruridir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. 106-cı maddəsinə görə icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, ərizədə və apellyasiya şikayətində “digər oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı” və müvafiq hərbi hissə komandirinin arayışı (birinci instansiya məhkəməsinin qərardadında “əmr” qeyd olunmuşdur.) ilə bağlı xüsusatların ilkin icraatda ona – iddiaçıya (ondan asılı olmayan səbəblərdən) məlum olmaması istisna edilmir və bu faktı təkzib edən hallar ərizəyə baxılması üzrə icraatda müəyyən olunmur. Lakin məhkəmə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və vurğulayır ki, ərizəçinin dəlilləri dolayısı ilə onun statusu – prokurorluq əməkdaşı olması ilə əlaqəli olmasına baxmayaraq, bu dəlillər özündə hazırkı iş üzrə iddianın mahiyyətinə mühüm təsir edən xarakterli xüsusatları daşımır. Bundan başqa, oxşar inzibati mübahisə üzrə məhkəmə qərarı yeni sübut və ya hal qismində qiymətləndirilə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə ərizəçinin dəlilləri İPM-in 100-cü maddəsində nəzərdə tutulan kriteriyaları (sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə) ödəsə də, “yeni açılmış hallar” kimi icraatın təzələnməsinə əsas vermir. Belə olan halda, İPM-in 106-cı maddələrinin tələblərinə əsasən ərizə təmin edilə bilməz. Nəzərə almaq lazımdır ki, Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı yuxarıda sadalananlardan əlavə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı həmçinin bildirmişdir ki, Müdafiə Nazirliyinin 701 saylı Hərbi hissə komandirinin 16 may 2000-ci il tarixli 675 nömrəli arayışı birinci instansiya məhkəməsinin qərardadında “əmr” kimi, qeyd olunmuş, həmçinin xx.xx.2024-cü il tarixli qərardadın qəbul edilməsi ilə bağlı məhkəmə iclasının protokolunun tarixi “xx.xx.2024-cü il” kimi yazılmışdır. Bunla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı göstərilən texniki səhvlərin onun hüquqlarının pozulmasına səbəb olması kimi dəlillərə istinad etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Odur ki, məhkəmə Kollegiyası hesab edir ki, şikayətin göstərilən dəlilləri də mübahisələndirilən qərardadın ləğvinə əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4223/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2349/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2349/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver