Məhkəmə qərarları › İş №2-1(103)-2350/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2350/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2350/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi) “avtomobilin müvəqqəti duracaqdan buraxılması və kompensasiya” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)- 6387/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 05.05.2021-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes Benz VİTO CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqdan buraxılması və qanunsuz saxladığı müddətdə vurduğu ziyana görə 10000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6602/2018 saylı, 12.10.2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı (iddiaçıdan) 10000 manat pul və 30 manat dövlət rüsumunun tutulub tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Bundan sonra, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən həmin icra sənədinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan “Mercedes Benz VİTO CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2019-cu il tarixli, 8(008)-285/2019 saylı qərardadı ilə, Sabunçu Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, mülkiyyətində olan “Mercedes Benz VİTO CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmənin qərardadından sonra iddiaçı icra sənədində göstərilən 10000 manat borcu və 30 manat dövlət rüsumunu Sabunçu Rayon İcra və Probasiya şöbəsinə ödəmişdir. İcra sənədi üzrə borc ödənildikdən sonra icra işinə xitam verilmiş və rəsmi məktubla cavabdeh orqana müraciət edilərək avtomobilin ona verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh orqan avtomobili vermədiyi üçün icra məmuru həbsin götürülməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadı ilə təqdimatı təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan “MERCEDES BENZ VİTO CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, 25.02.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası DİN-in BDYPİ-yə həvalə edilmişdir. Həmin qərardad məhkəmə tərəfindən icraya yönəldilmişdir. Lakin cavabdeh orqan məhkəmənin həmin qərardadına da məhəl qoymamış və müvəqqəti duracaqda saxlanılan avtomobili əsassız olaraq ona verməmişdir. Bu barədə müxtəlif orqanlara şikayət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh orqanın bu hərəkəti ilə avtomobil üzərində mülkiyyət hüquqlarını pozulur. Cavabdeh orqanın avtomobilini duracaqda qanunsuz saxlaması nəticəsində ona 10000 manat maddi ziyan vurulmuşdur. 14 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kompensasiyası ilə bağlı tələbini artıraraq 15.000 manat məbləğində pulun ödənilməsi barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə vəzifə qoyulmasını xahiş etmiş, məhkəmənin protokol qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-6387/2021 nömrəli qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır. 10.08.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-6387/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının avtomobilin duracaqdan buraxılmasını tələb etməsi ilə bağlı iddiası yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə uyğun olaraq inzibati icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kompensasiya tələbi ilə bağlı qeyd edir ki, iddiaçının vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında tələbi olsa da, onun müvafiq inzibati orqana müraciəti barədə ərizəsi və bu müraciətə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu iş materiallarında mövcud deyildir. Göründüyü kimi iddiaçı kompensasiyanın ödənilməsi tələbi ilə bağlı mümkünlük şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-6387/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar