Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2350/2022 30.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X3 qızının katibliyi, İddiaçı, Cavabdehin və 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2017-ci il tarixində 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan bu günədək ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində 57 yaşının 2012-ci ildə tamam olduğunu, texniki yanlışlıq olaraq, iddia ərizəsində 2017-ci il kimi qeyd edildiyini, iş fəaliyyətinin 1973cü il sentyabr ayından başladığını, 1973-1974-cü illərdə Sabunçu Neft-Qaz çıxarma İdarəsində, Neft-Qaz Buruqlarında qazmaçı köməkçisi vəzifəsində işlədiyini göstərərək, qeyd olunanlara əsasən onun zərərli iş stajının 14 il 09 ay olmasının nəzərə alınaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona, yəni xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə əmək pensiyasının, təyin olunma vaxtının dəyişdirilməklə, ona 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və təyin olunduğu tarixdən xx.xx.2020-ci il tarixədək yaranmış pensiya fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 iyun 2021-ci il) əvvəlki illər üçün, yəni 10 iyun 2018-ci ildən xx.xx.2020-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, iddia tələbinin qismən deyil, tam olaraq təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. O, Binəqədi rayon pensiya fonduna 2016-2017-ci illərdə müraciət etmiş, lakin bu fakt sona qədər araşdırılmadan, sonuncu , 2018-ci il tarixində etdiyi müraciət nəzərə alınmaqla yaranmış pensiya fərqinin hesablanması 2016-2017-ci ildən deyil, 2018-ci ildən müəyyən edilmişdir. Digər tərəfdən, X2 nəzdində təcrübə sınaq zavodunun tərkibində “Arzu-2” firması təsis edilmiş (təsisçisi o olmuşdur) və xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci ilə kimi fəaliyyət göstərmişdir. AR Nazirlər Kabinetinin 216.1993-cü il tarixli, 320 saylı qərarının 2 nömrəli siyahının 1 və 2-ci bəndində nəzərdə tutulmuş işdə bina, qurğu və digər obyektlərin təmiri texniki təhcizatı rəhbər və digər mütəxəssislər, çalışanları 57 yaşının tamam olduğu 2016-cı il 19 may tarixində güzəştli yaşa görə əmək pensiyası hüququ verən şərtin ödənilməsi qəbul edilmişdir Bu halında fakt kimi qəbul edib güzəştli şərtlərlə hüquq verən staj siyahısına daxil edilməli olduğunu hesab edərək Məhkəmədən apelyasiya şikayətinin təmin olunması xahiş olunmuşdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin qismən deyil, tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: İddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1955-ci ildə doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayounda qeydiyyatdadır. Azərbaycan SSR Nazirlər Sovetinin X5 Təhsili Komitəsi tərəfindən xx.xx.1974-cü ildə verilmiş 4057 №-li atestatın notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1973-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin X5 Təhsili Komitəsinin Bakı şəhəri texniki məktəbinə daxil olmuş və 15 may 1974-cü ildə texniki məktəbin Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi sənəti üzrə tam kursunu bitirmişdir. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1974cü ildən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.1974-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı “Leninneft” neft-qazçıxarma idarəsinə işə girənədək xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək X5 Təhsili Komitəsinin Bakı şəhəri texniki məktəbində təhsil almışdır. xx.xx.1974-cü ildə “Leninneft” neft-qazçıxarma idarəsinin 11 saylı rayon mühəndistexnoloji xidmətində üçüncü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilmişdir (Əmr № 413/k, xx.xx.1974); xx.xx.1974-cü ildə Sovet ordu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir (Əmr № 1043/k, xx.xx.1974); xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur; xx.xx.1977-ci ildə “Bakıbaştikinti” Trestinin 12 nömrəli Təmir Tikinti İdarəsində 3-cü dərəcəli çilingər-santexnik vəzifəsinə qəbul edilmişdir (Əmr № 23/s, xx.xx.1977); xx.xx.1980-cı ildə maddi məsuliyyət müəyyən edilməklə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr № 28/k, xx.xx.1980); xx.xx.1980-ci ildə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (Əmr № 46/k, xx.xx.1980); xx.xx.1981-ci ildə maddi məsuliyyət müəyyən edilməklə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr № 34/k, xx.xx.1981); xx.xx.1984-cü ildə Tikinti ustası vəzifəsinə keçirilmişdir (Əmr № 34, xx.xx.1984); xx.xx.1985-ci ildə 4-cü dərəcəli çilingərsantexnik vəzifəsinə keçirilmişdir (Əmr № 38/k, xx.xx.1985); xx.xx.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilmişdir (Əmr № 56, xx.xx.1986); xx.xx.1987-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 22/s, xx.xx.1987); xx.xx.1987-ci ildə Bakı “Ulduz” zavoduna mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 274/k, xx.xx.1987); xx.xx.1988-ci ildə Quraşdırma məhsulları və geri qaytarma materialları ferritlər bürosunun müdiri vəzifəsinə keçirilmişdir (Əmr № 260/k, xx.xx.1988); xx.xx.1989-cu ildə keçirülmə qaydasında işdən azad edilmişdir (Əmr № 313/k, xx.xx.1989); xx.xx.1989-cu ildə “Ulduz” zavodundan keçirilməklə ETTİ “Neftqazçıxarma” Təcrübə Eksperimental zavoduna müdir müavini vəzifəsinə qəbul edilmişdir (Əmr № 45/, xx.xx.1989); xx.xx.1990-cı ildə “Arzu-2” kooperativinə keçrilməklə işdən azad edilmişdir (Əmr № 97/k, xx.xx.1990); xx.xx.1990-cı ildə “Arzu-2” kooperativinin sədri vəzifəsinə təyin edilmişdir (Əmr № 1, xx.xx.1990); xx.xx.1995-ci ildə işdən azad olunmuşdur. (Əmr № b/n, xx.xx.1995); xx.xx.1995-ci ildə “Gate East” Holdinq Beynəlxalq SC-də menecer-dekloraçıyaçı vəzifəsinə təyin olunmuş (Əmr № 3006/3-1, xx.xx.1995); xx.xx.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 1305/3-1, xx.xx.1996); xx.xx.1996-cı ildə AR DGK-nin “Azərterminalkompleks” Xarici iqtisadi birliyində Bəyanetmə üzrə Bakı şöbəsinin Xocahəsən bölməsinə bölmə rəisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 35, xx.xx.1996); xx.xx.2000-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 203, xx.xx.2000); xx.xx.2001-ci ildə “Azərtrans-1” Holdinq şirkətində Deklorasiya şöbəsinə şöbə müdirinin müavini vəzifəsinə qəbul edilmişdir (Əmr № 1207/1, xx.xx.2001); xx.xx.2002-ci ildə “Azərtrans-1” HŞ "xxxx" QSC adlandırılmışdır (Əmr № 2008/1, xx.xx.2002); xx.xx.2011-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 1001/01, xx.xx.2011); xx.xx.2011-ci ildə "xxxx" MMC-yə bölmə müdiri vəzifəsinə qəbul edilmişdir (Əmr № 03, xx.xx.2011); xx.xx.2014-cü ildə MMC-nin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisi vəzifəsinə keçirilmişdir (Əmr № 23/k, xx.xx.2014); xx.xx.2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 17k, xx.xx.2016); xx.xx.2016-cı ildə "xxxx" MMC-yə kompyuter operatoru vəzifəsinə qəbul edilmişdir (Əmr № 09k, xx.xx.2016); xx.xx.2016-cı ildə MMCdə Bəyannamə tərtibatı üzrə müətəxəssis vəzifəsinə keçirilmişdir (Əmr № 23c, xx.xx.2016); xx.xx.2018-ci ildə "xxxx" MMC-dən öz xahişi ilə azad olunmuşdur (Əmr № 03k, xx.xx.2018); xx.xx.2018-ci ildə "xxxx" MMC-yə Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir (Əmr № 03, xx.xx.2018); xx.xx.2020-ci ildə "xxxx" MMC-dən öz xahişi ilə vəzifəsindən azad edilmişdir; xx.xx.2020-ci ildə "xxxx" MMC-yə direktor vəzifəsinə qəbul olunmuşdur (Qərar, xx.xx.2020). Azərbaycan Respublikası 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “ünvan ixtisaslaşdırılmış Tikinti idarəsi bu fəaliyyət sahəsi olan Az. Res. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2№-li əlavə “Əmək Şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 2290000b-24441 iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA-02019-2021 №-li məktubda qeyd olunmuşdur ki, BBTİ 12 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1955-ci il təvəllüdlü İddiaçı oğunun xx.xx.1977-ci il tarixli 23/s saylı əmrlə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunması, xx.xx.1987-ci il tarixli 22/s saylı əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişi ilə idən azad olması barədə məlumatlar mövcuddur. Əsas: Fond-BBTİ 12 saylı Tikinti İdarəsi, siy. 3s. iş 19, v.42. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubla məhkəməyə təqdim olunmuş İddiaçı aid 010761 №li pensiya işinin surətindən müəyyən olunur ki, ona 65 yaşının tamam olması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “Arzu-2” kiçik müəssisəsindəki və xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Gate East” Holdinqindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra onun əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Daha sonra iddiaçı cavabdehin imtinasından sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı apelyasiya şikayətində məhkəmənin qərarı ilə qismən razı olmadığını qeyd edərək, ona ödəniləcək pensiya məbləğinin fərqinin 12 mart 2017-ci il tarixdən 2020-ci il tarixinə kimi ödənilməli olduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Apelyasiya şikayətində iddiacı cavabdeh inzibati orqana 2016-2017-ci ildə müraciət etdiyini bildirmişdir. Lakin, iddiaçı 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməsinə dair nə birinci instansiya məhkəməsinə nə də ki apellyasiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da belə halın mövcudluğu öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 sentyabr 2021-ci il tarixli **********5 №li məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2021-ci ildə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə əmək pensiyasının, təyin olunma vaxtını dəyişdirilməklə, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 iyun 2021-ci il) əvvəlki illər üçün, yəni 10 iyun 2018-ci ildən xx.xx.2020-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Həmçinin iddiaçı apelyasiya şikayətində xx.xx.1990-cı il tarixindən xx.xx.1995-ci il tarixə kimi olan dövlərdə işlədiyi müddətində güzəştli şərtlərlə hüquq verən staj kimi qəbul edilərək xüsusi stajına əlavə edilməli olduğunu bildirmişdir. Kollegiya göstərilənlərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının xüsusi stajının 12 il 6 aydan artıq olduğunu göstərmiş və digər şərt olan ümumi stajıda toplandığı üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. İddiaçı tərəfindən qeyd edilən dövlərin nəzərə alınması mübahisənin həllinə təsir etmədiyindən məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3005/2022 saylı iş üzrə qəbul etdiyi 22 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2350/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2350/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver