Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2350/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4585/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı - xx.xx.1979-cu il təvəllüdlü Roise Mary DSouza, qızı xx.xx.2001-ci il təvəllüdlü Rochelle Melinda DSouza, oğlu - xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus DSouza və qızı - xx.xx.2014-cü il təvəllüdlü X4) 04 avqust 2022-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-4585/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi İddiaçı ailə üzvlərinə (arvadı-xx.xx.1979-cu il təvəllüdlü Roise Mary DSouza, qızı-xx.xx.2001-ci il təvəllüdlü Rochelle Melinda DSouza, oğlu- xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus DSouza və qızı-xx.xx.2014-cü il təvəllüdlü X4) qaçqın statusunun verilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-4585/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Pakistan İslam Respublikasının Sind vilayətinin Kəraçi şəhərində anadan olmuşdur. Milliyyətcə özünü mohacer hesab edir, dini etiqadına görə xristiandır (katolik). Kəraçi şəhərində orta təhsil almış, peşəsi kuryer olmuşdur. Kəraçi şəhərində 1992-2002-ci illərdə Grammar schoolda və 2003-2008-ci illərdə American Expressde kuryer olaraq çalışmışdır. 2008-2010-cu illərdə Kəraçi Celentary kilsəsində keşişin köməkçisi olaraq işləmişdir. Ərizəçinin atası vəfat etmişdir. Üç qardaş və bir bacısı vardır. Pakistanda yaşayır. Rose Mary DSouza adlı Pakistan vətəndaşı ilə evlidir. Bu nikahdan iki qızı və bir oğlu vardır. Ərizəçi 2005-2012-ci illərdə Pakistanda Təhrikə-Taliban Pakistan üzvlərinin, onlardan müsəlman olmasını tələb etdiyindən, bu səbəbdən 2012-ci ilin dekabr ayrnda Taylanda gedərək sığınacaq üçün BMT QAK-a muraciet etmiş, BMT QAK-ın Taylanddakı Nümayəndəliyi tərəfindən müraciətlərinə imtina cavabı verilmişdir. Ərizəçi 2017-ci ildə Taylanddan deport olunduğundan, 2018-ci ilin mart ayında günorta vaxtı iki nəfər yaxınlaşaraq onu döymüş, lakin polisin gəldiyini görüb qaçmış, həmin şəxslər onu təhqir edən şəxslər olduğundan şübhələnmişdir. Ərizəçi 2018-ci ilin iyun ayında ilk dəfə ailəsi ilə birlikdə gəzinti məqsədi ilə Azərbaycana gəlmişdir. Ərizəçi sığınacaq əldə etmək məqsədi ilə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinə yaxınlaşmış, lakin orada həmyerlisi ilə rastlaşmış, onun tövsiyəsinə əsasən Polşaya getmək üçün onunla sövdələşmiş, Polşada həmyerlisinin tanışları vasitəsi ilə ona iş və ev tapmaqda kömək edəcəyini, bunun üçün həmyerlisinə 3500 ABŞ dolları ödəmişdir. Həmyerlisi onları Belarusa göndərmiş, Belarusdan Polşaya keçmək istəyərkən, geri qaytarılmışdır. Bundan sonra 2022-ci ilin fevral-mart ayında ərizəçinin evinə naməlum şəxslər zənglər etmiş və qızlarına elçilik edilməyə başlamışdır. Bu təhdidlər səbəbindən qorxuya düşən ərizəçi ölkəni tərk edərək, ailə üzvləri ilə birlikdə Şri-Lankaya getmək fikrinə düşmüşdür. Ərizəçi hava limanına gəldikdən sonra Şri- Lankadakı vəziyyətin gərgin olduğunu, ölkədə ixtişaşların baş verdiyini bilmiş, bu səbəbdən Pakistana qayıtmağa məcbur qalmışdır. Ərizəçi Pakistana qayıtdıqdan sonra 29 may 2022-ci il tarixdə bir neçə şəxs zorla evlərinə daxil olaraq, qızını oğurlamağa çəhd etmişlər. Məqsədləri onu zorla müsəlman edərək evləndirmək idi. Həmçinin ərizəçinin arvadı və qızları Pakistanda insanların psixoloji təyziqlərinə məruz qalmışlar. Qonşular onlardan islamı qəbul etməsini istəmişlər. 29 may 2022-ci ildə ərizəçinin evinə tanımadığı 2 kişi və 3 qadın gələrək, zorla qızı Roşeli evləndirmək üçün ondan istəmiş, qonşularının müsəlman olmasına baxmayaraq, bu məsələdə ərizəçiyə dəstək vermişlər. Bu səbəbdən ərizəçi xx.xx.2022-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəlib. 04 avqust 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 72-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Pakistan İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən ölkəsinə geri qayıtmaq istəmir. DMX 02 noyabr 2022-cu ildə DMX İQ-35/5 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaş olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Ərizəçi qeyd edilən qərarla razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı cavabdehin qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirib, Bakı İnzibati Məhkəməsi iddiaçının iddiasını rədd edib. Məhkəmə öz qərarını cavabdehlə eyni əsaslara istinad etməklə əsaslandırıb. Hazırkı mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aiddir. Belə ki, cavabdeh təşkilat dövlət orqanıdır, həmin dövlət orqanının inter alia qaçqın statusunun verilməsi sahəsində səlahiyyəti var və iddiaçının tələbi bununla bağlıdır. Bu baxımdan tərəflər arasında meydana gələn hüquq münasibəti inzibati hüquq münasibətidir. İddiaçı əsassız olaraq qaçqın statusundan məhrum edilib və hazırda Azərbaycan Respublikasında hər hansı bir hüquqi statusu olmadan yaşayır. Bununla da cavabdeh təşkilatın qərarı ilə iddiaçının hüquqlarına müdaxilə olunub və iddiaçı hesab edir ki, bu müdaxilə əsassızdır. Nəticə etibarilə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik-dini mənsubiyyətinə görə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-35/5 nömrəli 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı xx.xx.1979-cu il təvəllüdlü Roise Mary DSouza, qızı xx.xx.2001-ci il təvəllüdlü Rochelle Melinda DSouza, oğlu- xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus DSouza və qızı-xx.xx.2014-cü il təvəllüdlü X4) qaçqın statusu verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 sentyabr 2022-ci il tarixli arayış-müvəqqəti şəhadətnamədən görünür ki, bu Müvəqqəti şəhadətnamə verilir xx.xx.1974-cü ıl təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı D’Souzaya ondan ötrü ki, o və onun ailə üzvləri (arvadı - xx.xx.1979-cu il təvəllüdlü Roise Mary D'Souza, qızı - xx.xx.2001-ci il təvəllüdlü Rochelle Melinda D'Souza, oğlu xx.xx.2008-ci il təvəllüdlü Miles Regulus D’Souza və qızı - xx.xx.2014-cü ıl təvəllüdlü Reine Merna D’Souza) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 04 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, adına 72-2022 saylı şəxsi iş açılmışdır. Bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “’Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasına əsasən xx.xx.2022-ci il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64.0.15-ci maddəsinə əsasən arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 12-ci maddəsinin 1-ci hissəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı o, dini mənsubiyyətinə görə ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. Lakin iddiaçının gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4585/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2350/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2350/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver