Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2350/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ona qarşı etdiyi qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsini; 2) Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar əldən çıxmış gündəlik qazancı və ailəsinə onun durumu ilə bağlı dəymiş 10000 manat maddi ziyanın; 3) Qanunsuz hərbi xidmətə məcbur edildiyi üçün 30000 manat; 4) Ümumilikdə, ona və ailəsinə dəymiş 50000 manat məbləğində maddi-mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il yanvar ayında Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göndərildiyi N saylı hərbi hissənin Tibbi xidməti tərəfindən N saylı hərbi hissəyə yeni hospitala təkrar müayinəyə göndərilmişdir. 2023-cü il yanvar ayının 19-da hərbi xidmətə uyğunsuzluğu ilə əlaqədar Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə geri qaytarılmışdır. Yanvar ayının 20-də Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinə gəlmiş və idarə tərəfindən hərbi xidmətdən azad olunmasını istəmişdir. Ancaq sağlam və hərbi xidmətə yararlı olmağını sübut etmək üçün onu təkrar müayinəyə cəlb etmişlər. Onun təkrar müayinə üçün aparıldığı heç bir yerdə sağlam olduğu təsdiqlənməmişdir. Ancaq 3 saylı klinik xəstəxanadan saxta bir arayış alaraq, yanvar ayının 30-da onu təkrar hərbi xidmətə göndərmişlər. Beləliklə, onun yaramadığı halda qanunsuz hərbi xidmət dövrü başlamış və may ayının 25-dək davam etmişdir. Yalnız atası X1 müxtəlif instansiyalara davamlı şikayətlərinə baxıldıqdan sonra tərxis olunaraq buraxılmışdır. Hərbi xidmətə qanunsuz aparıldığı dövrə qədər Balaxanı qəsəbəsi ərazisində plastik tullantıların yığılması ilə məşğul olur və gündəlik pul qazanaraq ailəsinə kömək edirdi. Qanunsuz hərbi xidmətə aparılmağı ilə əlaqədar həmin qazancını da itirmiş, qanunsuz hərbi xidmət zamanı ağır xəstəlik keçirmişdir. Onurğa sütununun deformasiyası daha da pisləşərək dözülməz ağrılara səbəb olur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilmiş, 984 manat maddi ziyan, 1500 manat mənəvi ziyan, ümumilikdə 2484 manat pulun Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsindən tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində təyin olunmuş təzminat məbləğinin 50000 manat civarında təyin olunmasına qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası SHXŞDXnin Sabunçu rayon idarəsi tərəfindən xx.xx.2023-cü ildə qanunsuz hərbi xidmətə göndərilmişdir. xx.xx.2023-cü ildə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi qospitalında təkrar müayinə edilərək geriyə, Sabunçu hərbi komissarlığının sərəncamına tərxis üçün qaytarılmışdır. Sabunçu hərbi komissarlığı onun hərbi xidmətə yararsız olmasını əsas götürərək hərbi qulluqdan azad etməli olduğu halda, onu xx.xx.2023-cü ildə təkrar hərbi xidmətə göndərmişdir. Atasının müxtəlif instansiyalara etdiyi şikayətlərin nəticəsində xx.xx.2023-cü ildə hərbi xidmətə yararsızlığı təsdiq edilərək, hərbi xidmətdən azad olunmuşdur. Qanunsuz hərbi xidmətə çağırılıb, 4 ay qanunsuz hərbi xidmətə cəlb edilməsi ilə əlaqədar Bakı İnzibati məhkəməsinə müraciət edərək 50000 manat məbləğində dəymiş ziyanın ödənilməsini tələb etmiş, hakim təzminatın ödənilməsi barədə şikayətini qismən təmin edərək simvolik bir məbləğ təyin edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətində qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 10 000 (on min) manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. İddiaçı qanunvericiliyin tələblərinə uyğun məcburi diaqnostik müayinələrdən keçmiş, onurğasında olan şikayətlə bağlı Tibbi Ərazi İdarəetmə Birliyi “X11”nə əlavə tibbi müayinədən keçmiş və həmin Mərkəzin 25 yanvar 2023-cü il tarixli, 226 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” nə əsasən, ona “Onurğanın sağ tərəfli yuxarı döş tipli birinci dərəcəli skoliozu, döş tipli ikinci dərəcəli kifozu, funksiyanın pozulması qeyd olunmur” diaqnozu qoyulmuşdur (sənəd əlavə olunur). Həmin akta (tibbi rəyə) əsasən, Şükürov X3 rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 66-cı maddəsinin “ç” bəndilə “Hərbi xidmətə A-3 yararlı” hesab edilmiş və o, ümimi əsaslarla müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, hərbi xidmət zamanı birinci dərəcəli skoliozun ikinci dərəcə skolioza keçməsi hərbi xidmətin çətinliklərin nəzərə alaraq fizioloji hal kimi qiymətləndirilməlidir və tibb elminə bellə hallar məlumdur. Göründüyü kimi Cavabdeh üzərinə düşən vəzifəni tam yerinə yetirmiş və müvafiq tibb müəssisənin tibbi rəyinə əsasən İddiaçı müddətli həqiqi hərbi xidmətə yararlı hesab etmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məsuliyyətinin yaranmamasını göstərir. İddiaçı mənəvi ziyana görə 30 000 manat tələb etsə də, habelə Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. (...) Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. (...) Maddə 10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; (...) çağırışçıların tibbi müayinəsini təşkil etmək; (...) Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; ... Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər-cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaqburunboğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma “Xəstəliklər cədvəli”nin bənd 66 - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): C bəndi - funksiyaların cüzi dərəcədə pozulması ilə; 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin mübahisələndirilməyən hallarına görə İddiaçı xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmətə göndərilmişdir, N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 788 nömrəli göndərişi ilə iddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilmişdir. Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasında və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqına Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçı ona dəymiş maddi və mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, “ərizənizdə iddia etdiyiniz məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən hər hansı bir təzminatların ödənilməsi nəzərdə tutulmamışdır. İddianız məhkəmə predmetidir və məhkəmə orqanlarına müraciətiniz əsasında araşdırıla bilər”. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək, 984 manat maddi ziyan, 1500 manat mənəvi ziyan, ümumilikdə 2484 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirərək iddianın tam rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının sağlamlıq vəziyyəti şəhadətləndirilərkən mövcud olan xəstəliyin onda anadangəlmə olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli T 12/2024 №-li ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən “Th7, Th8 fəqərələrinin cüzi pazvari deformasiyası, L1-L5 fəqərəsinin rotasiyası ilə müşayiət olunan onurğa sütununun bel nahiyəsinin ikinci mərhələ 14 dərəcə təsbit olunmuş skoliozu, hər iki gözün sadə miopik astiqmatizmi, sağda Em və M 2,OD, solda Em və M 1,25D nəticəsində görmə itiliyinin 0,4- ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, zəif qidalanma, BÇİ-16,8, çoxsaylı kariyes” diaqnozu ilə Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər cədvəli”nin 66c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Komissiyası haqqında Əsasnamə”yə qoşma) əsasən düzgün olaraq Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Onun adına “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışa əsasən müəyyən edilmiş “Onurğanın anadangəlmə sağ tərəfli döş-bel tipli üçüncü dərəcəli (təx. 26 dərəcə) skoliozu Q76.3” diaqnoz (adından da göründüyü kimi) anadangəlmədir. İddiaçı məhz onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa) diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Həmçinin, iddiaçı tərəfin apellyasiya instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi və iddiaçının 16 may 2023-cü il tarixli 5430 №-li “Xəstəlik haqqında şəhadətnamə” ilə şəhadətləndirilməsindən təxminən 4 ay öncə tərtib edilmiş X8 iddiaçıya aid 28 yanvar 2023-cü il tarixli rentgenində qeyd edilmişdir ki, onurğa sütununun boylama oxu aşağı torakal və lubal fəqərələr səviyyəsində açıqlığı sola-sağa baxan təqribən Cobb bucağının ölçüsü 17-21 dərəcəyə bərabər olan əyriliyi (əyilməyə meyilli olması) skoliozu qeyd edilir. Fəqərələrarası disklərin, həmçinin cisimlərinin hündürlüyü azalmayıb və deformasiyasızdır, fəqərələrdə rotasiya dəyişikliklər qeyd edilir. Fizioloji kifoz dərinləşib, bel oma lardozu artıb. Nəticə: S-vari kifozskolioz. Qeyd edilən rentgenin nəticəsi iddiaçının nümayəndəsi X2 tərəfindən iddiaçının hərbi xidmətə aparılması ərəfəsində cavabdeh inzibati orqana təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən X9 226 saylı, xx.xx.2023-cü il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı ilə 28 yanvar 2023-cü il tarixli X8 iddiaçıya aid rentgenində olan ziddiyyətlər araşdırılmamış, nəticədə iddiaçı xidmətə yararsız olduğu halda yararlı hesab edilmiş və xidmətə göndərilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin ilkin çağırış zamanı düzgün qiymətləndirilməməsi, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilməsi və nəticədə iddiaçıya maddi ziyan vurulması işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan qeyd edilən hala görə məsuliyyəti daşımadığını, məhz tibb mərkəzinin arayışına əsasən iddiaçının hərbi xidmətə göndərildiyini əsas gətirir ki, bununla bağlı da məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi çağrışçıların tibbi müayinəsini təşkil etmək və nəticəyə uyğun qərar qəbul etmək rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələrinə aid edilmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşsa da, iddiaçıya dəymiş maddi ziyanın 984 manat həcmində müəyyən edilməsini kollegiya əsaslı hesab edir. Belə ki, iddiaçı tələbində 10000 manat maddi ziyan tələb etmiş və bunu plastik tullantıların yığımı ilə məşğul olması və gündəlik 50-60 manat qazanc əldə etməsi ilə əsaslandırsa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Maddi ziyanın məbləği müəyyən edilərkən əsaslı olaraq iddiaçının 2023-cü ilin yanvar ayının 30-dan hərbi xidmətə aparılması və may ayının 25-dək hərbi xidmətdə olması (4 ay) nəzərə alınmış, iddiaçı maddi ziyanla bağlı hər hansı sübut təqdim etmədiyinə görə, maddi ziyanın məbləğinə münasibətdə 2023-cü il üçün qüvvədə olan yaşayış minimumu əsas götürülmüşdür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən həmin ildə ölkə üzrə yaşayış minimumu 246 manat olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materialları ilə müəyyən olundu ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyətinin ilkin çağırış zamanı düzgün qiymətləndirilməməsi, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilməsi zamanı mənəvi sarsıntı və iztirablara məruz qalması və bunun cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halı kimi qəbul edilməlidir, lakin iddiaçı 40000 manat məbləğində mənəvi ziyan tələb etsə də, mənəvi sarsıntı və iztirablara məruz qalması nəticəsində 40000 manat məbləğində mənəvi ziyana məruz qalması ilə bağlı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Odur ki, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində də qismən əsaslı olmaqla, cavabdehdən iddiaçının xeyrinə tələb edilən məbləğdə deyil, 1500 manat manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması ağlabatan və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1945/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2350/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2350/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver