Məhkəmə qərarları › İş №2-1(103)-2351/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2351/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2351/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-4049/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. 1 mart 1976-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 5 yanvar 1982-ci il tarixdən əmək fəaliyyətini davam etdirməklə “Azneft” (“Xəzərqazmaneftqazsənaye”) İstehsalat Birliyinin N.Nərimanov adına X4 İdarəsində dəniz şəraitində buruqlara xidmət üzrə çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər (operator) peşəsində işləmişdir. 7 sentyabr 1983-cü il tarixdə həbs olunmağı ilə əlaqədar olaraq, işdən azad edilmişdir. 31 avqust 1983-cü il tarixdən 26 aprel 1985-ci il tarixədək Azərbaycan SSR DİN-in İƏMİ-nin UA-38/3 saylı X2 (3 saylı X2) cəza çəkərkən fəhlə işləmiş, həbsdən azad olunandan sonra 13 iyun 1985-ci il tarixdə yenidən işə bərpa olunmuş və əmək fəailyyətini hal-hazıra kimi də davam etdirir. Onun əmək pensiyası güzəştli şərtlərlə 52 yaşdan deyil, 50 yaşdan təyin edilməli idi. Lakin ona pensiya 52 yaşda təyin olunmuşdur. Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda göstərilən işlərdə işləmiş kişilər 50 yaşına çatdıqda və azı 20 il stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda pensiya təminatı yaranır. 1997-ci ilin avqustun 1-dək 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğundan, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 1997-ci ilin avqustun 1dək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan yaranmışdır. Ona görə də sözügedən Qanuna istinad edərək, yanvar 2010-cu ildən ümumi staja görə pensiya təyin olunması və yanvar 2010-cu ildən aprel 2012-ci ilə qədər hesablanmamış pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsini cavabdeh DSMF Qaradağ rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Onun iddiası təmin olunmuşdur. Məhkəmə bu barədə 2- 1(81)-1912/2016 saylı iş üzrə 14 iyul 2016-ci il tarixdə qərar qəbul etmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Hal-hazırda isə, ona yanvar 2010-cu ildən bu günə kimi verilən pensiya düzgün hesablanmamışdır. Belə ki, onun pensiya hüququ 1997ci ilin avqustun 1-dək yarandığından, yəni həmin dövrdə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğundan, güzəştli şərtlərlə pensiya hüququ Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 1997-ci ilin avqustun 1-dək qüvvədə olan 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan yaranmışdır və pensiya əmək haqqına uyğun təyin edilməli idi. Ona görə də iddiaçı hesab edir ki, orta aylıq əmək haqqının 85 faiz məbləğində pensiya almalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş qaydada təyin edilir. Məhz bu səbəbdən hesab edilir ki, ona pensiya orta aylıq əmək haqqının 85 faizi ilə təyin olunmalı idi. Bununla əlaqədar iş üzrə cavabdeh təşkilata müraciət etsə də, qurum məsələnin həllindən rəsmi qaydada imtina etmişdir. Əmək pensiyasının məbləği 1 yanvar 2006-ci il tarixədək olan sosial sığorta stajına, 1 yanvar 2006-ci il tarixdən sonrakı dövr üzrə isə ödənilmiş məcburi dövlət sığorta haqlarına əsasən hesablanmalıdır. 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş qanunveriçiliyə əsasən əmək pensiyaları hazırki Qanun qüvvəyə mindiyi tarixə qədər (1 aynvar 2006-ci il tarixədək) olan dövr üzrə orta aylıq əmək haqqına 1 yanvar 2006-ci il tarixdən sonrakı dövr üzrə isə, ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarına əsasən hesablanmalıdır. Göründüyü kimi, iddiaçı 50 yaşında 20 ildən artıq ümumi əmək stajına (yəni, 1976-ci ildən əmək fəaliyyətinə başlayıb fasiləsiz işlədiyi üçün), 10 ildən yuxarı xüsusi stajı olduğuna görə (yəni, 1987-ci ildən fasiləsiz zərərli işlərdə işlədiyi üçün) ona pensiya 85 faizlə (yəni orta aylıq əmək haqqına əsasən) ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-4049/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-4049/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-4049/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur və 2006-cı ilin yanvar ayının 1-nə 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan, müvafiq məhkəmə qərarı əsasında ona DSMF orqanı tərəfindən 50 yaşdan, yəni 29 yanvar 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı ona təyin olunmuş əmək pensiyasının hesablanma qaydası ilə razılaşmır və tələb edir ki, pensiyanın məbləği onun işlədiyi dövrdə müvafiq əmək haqqı nəzərə alınmaqla hesablanmalı idi. İddiaçı cavabdeh orqana bununla bağlı müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1, 9.1, 9.8-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndini, 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» AR Qanununun 10.2, 27.1, 32.1- 1, 37.7-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələrinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələbləri hazırkı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən tətbiq edilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulduğundan, onun 50 yaşı 29 yanvar 2010-cu il tarixdə, yəni «Əmək pensiyaları haqqında» AR Qanununa edilmiş müvafiq dəyişiliklər qüvvəyə mindikdən sonra tamam olmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da elə həmin gün yaranmışdır. Diqqət yetirilməlidir ki, pensiya qanunvericiliyinin müddəaları, o cümlədən «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsi əvvəlki dövrdə bu Qanunda göstərilən müvafiq işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların “yaşa” və “staja” görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilməsini müəyyən etsə də, “pensiyanın hesablanma qaydası”nın da əvvəlki qanunvericiliyə uyğun aparılmasını nəzərdə tutmur. Ona görə də pensiyanın hesablanması qanunvericiliyin pensiya hüququnun yarandığı vaxt qüvvədə olan tələblərinə uyğun qaydada həyata keçirilməlidir. Hazırkı iddiaçının əmək pensiyası hüququ isə, 2010-cu ilin yanvar ayının 29-da, yəni «Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələrinə edilmiş müvafiq dəyişikliklər qüvvəyə mindikdən sonra yaranmışdır. Odur ki, iddiaçının “pensiyanın yenidən hesablanması” barədə tələbi əsaslı sayıla bilməz. İddiaçının ikinci tələbi – “keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi” tələbi ikin tələbdən asılı və törəmədir. Ona görə də ilkin tələb əsaslı olunmadığı halda, pensiyanın hesablanmasında fərq məbləği də yaranmır və bu səbəbdən həmin tələb də təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi iddiaçının 50 yaşı 01.01.2010-cu il tarixdən sonra, yəni 29.01.2010cu il tarixdən sonra tamam olduğu üçün «Əmək pensiyaları haqqında» AR Qanununun 10 və 27-ci maddələrinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş tələbləri hazırkı iş üzrə iddiaçı barəsində tətbiq edilə bilməz. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-4049/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar