Məhkəmə qərarları › İş №2-1(103)-2352/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2352/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2352/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/2021 saylı 23.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 29.12.2020-ci il tarixli **********143231 nömrəli qərarın ləğv edilməsini və həmin işə baxılanadək növbədənkənar səyyar yoxlamasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehin qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərinə əsasən müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növdənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Cavabdehə Məcəllənin 38.3.5-ci maddəsi əsasında “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” halın cavabdeh tərəfindən onlara təqdim edilmədiyi bildirilmiş, 12 mart 2021-ci il tarixində bu hal onlara izah edilmiş, lakin eyni zamanda, vergi orqanı 15 mart 2021- ci il tarixdə sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə aktı tərtib edilmişdir. Cavabdeh həmin qərarı qəbul edərkən 2017-ci ilin mənfəət bəyannaməsinə əsaslanmışdır. Halbuki, heç bir açıqlama tələb etmədən və ya sənəd mübadiləsi olmadan təqdim edilmiş və kameral yoxlama tərəfindən izlənilmiş 2017-ci ilin mənfəət bəyannaməsində açıq göstərilmiş məbləğlərin növbədənkənar səyyar vergi yoxlaması üçün əsas ola bilməzdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/2021 saylı 23.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergilər Məcəlləsini və növbədənkənar səyyar yoxlamanın başlanılması hüquqi mexanizmini müqayisə olunduqda, növbəti səyyar yoxlamasının keçirilməsini bildirişlə və növbədənkənar səyyar yoxlamanın keçirilməsi qərar əsasında həyata keçirilir. Növbədənkənar səyyar yoxlamanın başlanılması üçün hal və onun əsasları olmalıdır ki, növbədənkənar yoxlama keçirilsin. Hüquqi mexanizmə riayət olunmaması bir başa şikayət üçün əsasdır və bu cür qərarlar ləğv olunmalıdır. 2017-ci ilin mənfəət bəyannaməsinin kameral yoxlamasında Vergilər Məcəlləsinin 38.5-ci hal aşkarlandığı fakt mövcud deyil. Məhkəmən qərardadında qeyd edir ki, vergi orqanının istənilən halda növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər, vergi ödəyicisi isə həmin yoxlamanın keçirilmə mexanizmini şikayətləndirə bilməz. Halbuki, ləğv edilməli qərarın hüquqi nəticəsi növbədənkənar səyyar yoxlamasının başlanılmasıdır. Bundan əlavə yoxlamada hirkətin maliyyə mütəxəssisi və hesabatı təqdim etmiş şəxslər iştirak etməli və «Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları»nda göstərilmiş vəzifələri yerinə yetirməlidir ki, bunlar da həmin qərarın hüquqi nəticəsidir. Cavabdehin qərarında növbədənkənar səyyar yoxlamanın keçirilməsi halı qərarda göstərilsə də həmin hal üçün qeyd olunan Qaydaların 13.6-cı bəndi tətbiq edilməmişdir. Vergilər Məcəlləsinin 38.3.5-ci bəndi ilə «növbədən kənar səyyar yoxlamanın keçirilməsi həmin qərarın hüquqi nəticəsidir və icra olunmaması 57.3-cü bəndi ilə məsuliyyət yaradır. 30.12.2021-ci il tarixli növbəti səyyar yoxlamanın keçirilməsi ilə bağlı qərar 4 mart 2021-ci il tarixində həmin qərara etiraz edilməklə imzalanmışdır. Halbuki, Qaydaların 14.9-cu bəndinə əsasən növbədənkənar yoxlama zamanı bildiriş təqdim edilmir və yoxlamaya qərar imzalandığı tarixdən sonrakı gündən etibarən başlanılmalıdır. Yoxlama barədə «yoxlama.qov az» saytında məlumat olsa da, şirkətə heç bir bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, növbədəkənar səyyar vergi yoxlamasının qanunverijiliyə uyğun təyin edildiyini bildirərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh vergi orqanının növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında» 29.12.2020-ci il tarixli № **********143231 saylı qərarının ləğvi edilməsi tələb edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsi nəzərədə tutur ki, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. vergi ödəyicisində aparılan sonuncu vergi yoxlaması vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qəbul edilmiş qaydalara uyğun olaraq aparılmaması, qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması hallarını aşkar etdikdə; 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, Məcəllənin 38.3.1- 3.9-cu və növbədənkənar səyyar vergi yoxlaması keçirmək vergi orqanının hüququdur. İddiaçı tərəfindən ləğvi tələb olunan cavabdeh vergi orqanının 29.12.2020-ci il tarixli **********143231№-li qərarında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan əsas göstərilmişdir. Məcəllənin qeyd olunan 38.3.5-ci maddəsinin tələbindən isə göründüyü kimi, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda növbədən kənəar vergi yoxlaması keçirilə bilər. Cavabdehin iddia ərizəsinə etirazına və işdə olan sair sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının vergi orqanına təqdim etdiyi vergi bəyannamələri araşdırılarkən, 2017-ci ilin kassa metodu ilə fəaliyyət göstərən iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsində 19.094.001,54 manat pul vəsaiti olduğu halda, bəyannamənin 200-203-cü sətirlərinin cəmi üzrə, hesabat dövrü üçün, 10.228.255,26 manat məbləğində gəlir bəyan edildiyi aşkar edilmişdir. Göründüyü kimi, bəyənnaməsində müəssisəyə 19.094.001,54 manat pul vəsaiti daxil olsa da, gəlirini 10.228.255,26 manat məbləğində bəyan etməsi vergi orqanında iddiaçının gəlirlərini gizlətməsi şübhəsini yaratması labüddür. Vergi orqanı da, məhz, mənbəyi iddiaçının təqdim etdiyi bəyannaməyə əsasən bəlli olan həmin əlaqəli məlumata əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsiedə nəzərədə tutulan hüquqndan istifadə edərək, 29.12.2020-ci il tarixli qərarı ilə müəssisənin noyabr 2017-ci il tarixdən oktyabr 2020-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin etmiş və həmin tarixdə də yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların Vahid məlumat reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt -inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Konkret halda, cavabdehin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə 29.12.2020-ci il tarixli **********143231№-li qərarı, subyektiv baxımdan, vergi qanunverciliyinin tələbləri qaydasında, vergi orqanının hüquqları çərçivəsində qəbul edilən inzibati akt olmaqla, iddiaçını hər hansı bir vergi məsuliyyətinə cəlb edən və onun hüquqlarını məhdudlaşdıran əlverişsiz inzibati akt deyildir. Başqa sözlə, cavabdehin həmin qərarının iddiaçının hüquqlarını pozan inzibati akt kimi qiymətləndirilməsi istisna olunur. Göründüyü kimi, iddiaçının cavabdeh vergi orqanının 29.12.2020-ci il tarixli **********143231№-li qərarının ləğv edilməsini haqqında iddiasının məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, onun hazırkı iddiası əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Bu baxımdan, iddiaçının apellyasiya şikayətinin vergi orqanı tərəfindən növbədənkənar yoxlamanın keçirilməsi üçün əsaslar olmadığını, həmin qərarın onun hüquqlarını pozan hüquqi nəticələrə səbəb olduğunu mübahisələndirən dəlilləri əsassızdır. İPM-in 35.1-ci maddəsinin tələbindən isə nəzərdə tutulur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən inzibati və prosessual hüquq normalarının pozulması ilə əsassız qərar qəbul etdiyini vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/2021 saylı 23.06.2021-ci il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6189/2021 saylı 23.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar