Məhkəmə qərarları › İş №2-1(103)-2352/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2352/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2352/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «üçüncü dərəcə əlilliyin təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 2021-ci il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür (i.v 113). İddianın əsaslarına görə xx.xx.1990-cı ildə anadan olub, uşaq ikən ağır travmatik sınıq xəsarəti alıb. Dəfələrlə ixtisaslaşmış dövlət tibb müəssisələrində müainə və müalicə olunub. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2008-ci və xx.xx.2021-ci il tarixdə konservativ müayinə olunub. Müayinə zamanı ona «Ayağın, açıqbaldır oynağı sınığı istisna olmaqla sınığı, sağ pəncənin İİ-İİİ-İV daraq sümüklərinin bitişmiş sınıqları” klinik diaqnoz təyin edilmişdir. TSEK-in qərarı əsasında ona İİİ dərəcəli əlillik təyin edilmişdir. 2000-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi DSMF-nun Sabirabad rayon şöbəsindən İİİ dərəcəli əlilliyə görə hər ay 110 manat sosial müavinat alıb.Ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlillik müddətinin müəyyən edilməisnə dair” Əsasnamənin 4.2-ci maddəsinə əsasən İİİ (üçüncü) dərəcəli əlillik müddəti fasiləsiz olaraq 15 il ərzində müəyyən edilmişdir. O, Sabirabad Rayon Xəstəxanasının göndərişi ilə Bakı şəhərində yerləşən X2 Ordopetiya İnstitutuna əyani müainəyə göndərilib. İxtisaslaşmış tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 1441/1648 saylı arayışını həmin xəstəxananı Həkim- Məsləhət Komissiyasına təqdim etmişdir. Komissiyasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı elektron göndəriş əsasında (Forma 088) TSEK-ə müraciət edilmiş lakin cavabdeh orqanın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı bildirişlə ona növbəti müddətə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir:Səbəb kimi: “Dövlət Səhiyyə müəssisəsi təərfındən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması” göstərilmişdir. Halbuki, həkim-Məsləhət Komissiyası tərəfindən göndərilən elektron göndəriş tam olaraq doldurulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia əriəzsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olmadığı halda, əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazını bildirərək, lazımi müalicələri keçməsinə dair sənədləri təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq əlillik dərəcəsi verilməsindən imtina etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişi (Forma 088) əsasında iddiaçının xəsətəliyinin sonuncu qiymətləndirilməsi aparılımış və aşağıda göstərilən səbəblə əlillik təyin edilməsindən imtina olunmuşdur: “X1: Xİİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95- M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros..; Diaqnozun mətni: Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Sağ zəncənin varus vəziyyəti. Ağrı sindromu. Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik dərəcəsi təyin etmir. Bərpa müalicələri davam etdirilsin.” Birinci instansiya məhkəməsi araşdırma nəticəsində belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyi tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, məhkəmənin həmin qərarı ilə razılaşmayaraq mübahisələndirir ki, Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qanunvericiliyə uyğun qiymətləndirmə aparmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə nəzərdə tutulur ki: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər...” İş materiallarından görünür ki, ilkin olaraq iddiaçıya Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli 4110003AADTF saylı göndərişi əsasında Ümumi xəstəlik; : X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın : gər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros...; Diaqnozun mətni: sağ çaldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma zastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ baldırın ön iç sağ pəncənin alt üst iç səthində travmadan sonrakı və autoderma plastikadan s/vəz. sağ pəncənin inkişafdan qalması y/çət-si” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra, həmin Xəstəxananın xx.xx.2014-cü il tarixli göndərişi əsasında eyni diaqnozla yenidən bir il müddətinə əlillik dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixində elektron təyinatla da eyni xəstəlik səbəbi ilə beş il müddətinə iddiaçıya 3-cü dərəcə əlillin təyin olunmuşdur. Qeyd olunan beş əlillik müddəti bitdikdən sonra isə həmin Xəstəxananın xx.xx.2021-ci il tarixli 0311003AAQ86 saylı göndərişi əsasında qiymətləndirmə aparılmaqla, cavabdeh tərəfindən iddiaçıya aşağıdakı səbəblə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur: “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 – Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı, Sağ pəncənin ll-lll-İV daraq sümüklərinin bitişmiş sınıqları. Ağırlaşma R52.2 Digər daimi ağrı, Ağrı sindromu. Ağırlaşma L91.0 Hipertrofik çapıq, Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.” Qeyd olunanlardan göründüyü kimi, iddiaçının sonuncu müayinəsi zamanı da onun “ayaq-pəncə nahiyyəsində olan travmalları və ağırlaşmaları öz təsdiqini tapmış, lakin “göndərişin natamam doldurulması, o cümlədən əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi” kimi formal səbəblərlə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Halbuki, Xəstəxananın xx.xx.2021-ci il tarixli 0311003AARHU saylı göndərişində ətraflı və izahlı şəkildə iddiaçının xəstəliyinə bütün ağırlaşmaları ilə tam təfsilatı ilə aydınlıq gətirilərək aşağıdakılar qeyd olunmuşdur: “ - göndəriş verən müəssisədə xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır; -status localis qrafasına əsasən, 1998-ci ildə avtoqəzada xəsarət alıb, Minsk şəhərində müalicə alıb. Sağ pəncənin alt səthində Kobud Kellıd ağrılı çapıq toxumalar izlənilir. Sağ pəncədə varus deformasiya izlənilir. İİ-İİİ-İV daraq sümüklərində bitişmiş sınıq izlənilir, hərəkət ağrılıdır.(Xəstəyə TSEK-dən imtina verilib,xəstə 04.0302021-ci ildə DTSERX-də şikayətdə olub,yenidən forma 088 verildiyi təqdirdə qrup təyin ediləcəyi bildirilmişdir); - ümumi cərrah tərəfindən müayinənin nəticəsinə əsasən, S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı 1998-ci ildə avloqəzada xəsarət alıb, Minsk şəhərindəmüalicə atıb.Sağ pəncənin alt səthində kobud kellid ağrılıçapıq toxumalar izlənilir. Sağ pəncədə varus deformasiyaizlənilir, İl-lll-lVdaraq sümüklərində bitişmiş sınıq izlən ilir, hərəkət ağrılıdır. - Sümük/s rentgenoqrafıyasına əsasən Sağ pəncənin İİ, İİİ, İV daraq sümüklərində bitişmiş sınığa məxsus döyənək izlənilir, sağ pəncədə varus deformasiya izlənilir. Əsas diqanoz: S92 Ayağın, aşıq-baldır oynağı sınığı istisna olmaqla sınığı Sağ pəncənin İİ-İ1İ-İV daraq sümüklərinin bitişmiş sınıqları Ağırlaşması: M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti. R52.2 Digər daimi ağrı Ağrı sindromu L91.0 Hipertrofık çapıq Sağ pəncənin alt səthinin kelloid ağrılı dartıcı çapıq toxumaları.” Göstərilənlərin nəticəsi olaraq göndərişdə qeyd olunur ki, iddiaçının “XBT 10-a əsasən göstərilmiş “M21 Ətrafların digər qazınılma deformasiyaları. Sağ pəncənin varus vəziyyəti” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.5ci bəndində göstərilən “pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə” xəstəliyinə (XBT-10-a əsasən M21.6 Pəncənin və topuqların digər qazanılma deformasiyaları) uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Forma 88 arayışına əsasən həmin xəstəlik diaqnostik müayinələrlə (ümumi cərrah tərəfindən obyektiv müayinənin nəticəsi və Sümük/s rentgenoqrafıyasına əsasən) təsdiq olunmuşdur.” Göründüyü kimi, cavabdehin qeyd olunan əsaslarla iddiaçıya əlillik dərəcəsi verilməsindən imtina etməsi tamamilə əsassız olmuşdur. Onun apellyasiya şikayətinin dəlillərində iddiaçının xəstəliyinə olan müasibətində sonucunun müvafiq müalicələr alması və göstərişdə qeyd olunan xəstəliyinin qanuvericiliklə müəyən olunan əlillik meyarlarına uyğun gəldiyi mübahisələndirilmir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə apardığını vurğulamaqla, birinci instansiya məhkəməsi tərəfndən qanunsuz olaraq iddianı təmin edildiyini mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1991/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar