Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2352/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2028/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yaranan tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı olan "xxxx" QSC tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 275 saylı arayışın məzmunundan görünür ki, iddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən etibarən xx.xx.2001-ci il tarixədək "xxxx" QSC-nin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində əmək funksiyasını yerinə yetirmiş və işlədiyi müddət ərzində təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli nitro boyaları istifadə etməklə müvafiq boya işlərini həyata keçirmişdir. İddiaçıya məxsus zəruri qaydada təsdiq edilmiş əmək kitabçasının surətindən və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışından müəyyən etmək olar ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iddiaçının ümumi iş stajı 17 il 14 gün təşkil etmişdir. İnzibati icraat zamanı cavabdeh tərəfindən "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışının sübut kimi qəbul edilməməsinin heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2028/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın qismən, təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır, AR Ali Məhkəməsi tərəfindən məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş verindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə yə malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 275 nömrəli arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına və məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 275 nömrəli arayışda xx.xx.1984-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin arayışda idiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Müəssisə tərəfindən təqdim edilmiş heç bir arayışda iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında nəzərdə tutulmuş vəzifələrə uyğun olması qeyd olunmamışıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məsqul olduğu zaman tətbiq etdiyi maddələrin tərkibi müəyyən edilməmiş, bununla belə iddia təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 2 nömrəli siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Belə ki, işdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə X6 İstehsalatı Tikinti Təmir Komitəsinin Abşeron rayon birliyində çilingər vəzifəsində, xx.xx.1979-xx.xx.1981-ci illərdə X9 İstehsalı Komitəsində fəhlə və operator vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Bakı Birləşmiş Aviasiya Dəstəsinin Təmir Tikinti İdarəsinə rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə müəssisənin adı "xxxx"na dəyişdirilmiş, xx.xx.2001-ci ildə həmin vəzifədən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə Bakı Aeroportunda Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə 4-cü dərəcəli xilasedici vəzifəsinə qəbul olmuşdur. "xxxx" Dövlət Konserninin 2004-cü il 22 mart tarixli, 31 nömrəli əmrinə əsasən Bakı Aeroportuna Heydər X3 adı verilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2006-cı il tarixdə Aviasiya Təhlükəsizlik İdarəsində Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə xilasedici vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə həmin xidmətdə böyük xilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2008ci il tarixdə Yanğın Təhlükəsizliyi və Qəzadan Xilasetmə xidmətinə yanğınsöndürənxilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportunda mühafizə xidmətinə hava gəmilərinin və mülki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar Aviasiya Təhlükəsizlik Baş İdarəsində həmin vəzifədə hesab edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə X4 Baş İdarəsi Heydər X3 Terminal 2 Texnoloji avadanlıqlarının istismarı və təmiri xidməti ventilyasiya, kondisioner və istiliksoyuq təchizatı sistemlərinə xidmət sahəsinə ventilyasiya və kondisioner sisteminin təmiri və xidməti üzrə çilingər vəzifəsinə 3-cü dərəcə ilə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin X4 Baş İdarəsinin tərkibində hesab edilmiş, xx.xx.2019-cu il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin Texnoloji avadanlıqların istismarı və təmiri idarəsinin çilingəri vəzifəsində hesab edilmişdir. xx.xx.2021-ci il tarixdən hazıradək həmin vəzifədə işləyir. İstinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 26 il 9 ay 7 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərti ödəyir. İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtinada, etirazında və apellyasiya şikayətində iddiaçının işlədiyi müəssisəsinin arayışında iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyinin qeyd olunamamasına və nəticədə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər güzəştli iş stajının olmamasına istinad etmişdir. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23200000, XXXİİİ. Ümumi peşələr üzrə kod 23200000—13450 – təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. Eyni zamanda həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci bəndində “Ümumi peşələr” üzrə sadalanan vəzifələr sırasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində çalışmışdır. xx.xx.1984- cü il tarixdə (xx.xx.1984-cü il tarixli 17/1 nömrəli əmr) işə qəbul olunmuş, xx.xx.2001-ci il (xx.xx.2001-ci il 5/İ nömrəli əmr) tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddət ərzində həqiqətən təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərəli nitro boyaları tədbiq etməklə müvafiq boya işlərini həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35- ci mad. təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar müvafiq olaraq pensiya hüququ verən vəzifəsində işləməsi üzrə iş stajı-17 il 00 ay 14 gündür. İddiaçının işlədiyi müəssisənin arayışına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 15 gün güzəştli iş stajı olmuşdur. Kollegiya qeyd edir ki, 2 nömrəli Siyahı üzrə Ümumi peşələr sahəsində rəngsazlara güzəştli şərtlərlə pensiya bütün hallarda deyil, yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədikləri halda təyin edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məsələnin araşdırılması ilə bağlı iddiaçının işlədiyi müəssisəyə müvafiq sorğular göndərilmiş, həmin sorğulara cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində zərərli nitro boyalar tətbiq etməklə rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir. Onun işlədiyi sahə üzrə əmək şəraiti zərərli olduğundan əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qısaldılmış iş vaxtı və əlavə məzuniyyət tətbiq edilmiş, həmçinin 17 (on yeddi) il ərzində aylıq olaraq onun əmək haqqının orta hesabla 21,76% miqdarında əlavə əmək haqqı da hesablanaraq ödənilmişdir (bu hallar məhkəməyə təqdim edilən şəxsi hesab vərəqələrində də öz əksini tapmışdır). Eyni zamanda QSC xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən tez alışan “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etmişdir. Sözügedən maddələrin təhlükəliliyinin 3-cü sinifdən aşağı olmaması onunla müəyyən edilir ki, həmin boyalar alovlana biləndir, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərlidir, ancaq havası müntəzəm dəyişdirilən yerlərdə istifadə edilməlidir. QSC-nin xx.xx.2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, nitor, sintetik parlaq və mat boyaların, tiner həlledicilərin tərkibində konkret hansı maddələrin daxil olması ilə bağlı arxivdə heç bir arxiv məlumatı yoxdur. Beləliklə, istinad olunan sənədlərdən görünür ki, iddiaçının işlədiyi müəssisə onun “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifədə işlədiyini, şəxsi hesab vərəqələrinə əsasən bu zaman nitroboyalardan (нитрокраска), “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etdiyini göstərmiş, lakin həmin maddələrin tərkibi barədə məlumat olmadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsini müəyyən etmək üçün kifayət hesab edilməlidir. Belə ki, həmin maddələrin tərkibi konkret olaraq müəyyən edilməsə də, iddiaçının zərərli işə görə əmək haqqına əlavə alması, həmçinin müvafiq məktublarda göstərilən məlumatlar, yəni istifadə edilən maddələrin alovlana bilən olması, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərli olması açıq şəkildə qeyd edilmişdir. Hazırkı halda cavabdeh iddiaçının rəngsaz işlədiyi vəzifələrdə təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etmədiyini, güzəştli iş stajının olmadığını iddia etmiş, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 15 gün güzəştli iş stajı olmuş, iddiaçı qanunla tələb olunan ikinci şərti də ödəmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, ona pensiya ödənişinin həmin tarixdən deyil, cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən). Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2028/2023 saylı, 20 fevral 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2028/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2352/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2352/2023
31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver