Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2352/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair işi üzrə (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025ci il tarixli, 2-1(112)-4421/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, dəymiş 50 000 (əlli min) manat mənəvi zərərin ödənilməsi vəzifəsini Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(116)-1507/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2- 1(107)-257/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2122/2024 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2024-cü il tarixli, 2-1(107)-257/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Beləliklə, 3 il əvvəl Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış və icra edilmiş qərarı ilə bağlı Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli icraatın təzələnməsinə dair ərizəsi yazmaqla Müdafiə Nazirliyi hüquqlarını pozmaqla qanunların aliliyinə biganə münasibət bəslədikləri üçün ona külli miqdarda mənəvi zərər vurmuşdur, yəni onun haqsız-əsassız olaraq qanuni qüvvəsini almış qərarı mübahisələndirdiyi, müraciətinə müsbət cavab verməməklə məhkəmə çəkişmələrinə cəlb edilməyi, yollarda qalmağı, əsəb-stres keçirməyi, həddindən artıq müalicələrdə olmağı, səhhətinin zəifləməsinə gətirib çıxaran halların olması, daima həkim nəzarətində olmağı və sair digər bu kimi hallara yol verməkləri nəticəsində ona 50 000 (əlli min) manat mənəvi zərər vurmuşdurlar. Cavabdeh orqanın iddiaya xx.xx.2025-ci il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermək hüququ inzibati məhkəmə icraatının iştirakçılarının məhkəməyə müraciət etmək hüququdur. Yeni açılmış hallarla bağlı cavabdeh də məhkəməyə ərizə verməklə müraciət hüqqundan istifadə etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya hər hansı maddi ziyan dəymədiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4421/2025 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4421/2025 nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, cavabdeh əsassız olaraq ona qarşı süründürməçilik edərək məhkəməyə müraciət etmişdir. Lakin o, haqlı ola-ola cavabeh yenə də onun barəsində lüsumsuz məhkəmə çəkişmələri olmasına gətirib çıxarmışdır. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məsələyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “İnzibati icraat haqqında” Qanun: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdehin hərəkətləri səbəbindən ona dəymiş mənəvi zərərə görə kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3029/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı qanuni qüvvəyə minmiş və MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə məhkəmə qərarı icra olunaraq iddiaçı müvafiq qaydada şəhadətləndirilmişdir. Daha sonra Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2- 1(112)-3029/2021 nömrəli iş üzrə Müdafiə Nazirliyinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması, icraatın təzələnməsi və işə mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə mümkün sayılmamışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş ərizələr üzrə məhkəmə çəkişmələrində iştirak etməyi, sağlamlıq, əsəbilik,həyacana məruz qaldığını iddia edir və mənəvi zərərin əvəzi olaraq ona 50000 manat kompensasiya ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, mənəvi zərər – fiziki şəxsin qeyri-maddi nemətlərinə müdaxilə nəticəsində keçirdiyi mənəvi və (və ya) fiziki bütövlüyünü zədələyən sarsıntı və (və ya) iztirabdır. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd əməl (hərəkət və hərəkətsizlik) nəticəsində meydana gələn mənəvi sarsıntı və iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən şəxsin qeyri-maddi nemətlərinə müdaxiləyə səbəb olan hər pozuntu deyil, yalnız təqsirli (kobud ehtiyatsızlıq və ya qəsd) hərəkət və ya hərəkətsizlik mənəvi zərərin tutulmasına əsas olacaq hüquqazidd əməl hesab oluna bilər. Hazırkı mübahisədə inzibati orqanın təqsirli hərəkətinin olması müəyyən olunmur. Belə ki, İPM-in 27-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər proses iştirakçıları hesab olunurlar. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. İddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi) və cavabdeh tərəflər hesab olunurlar. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd olunan qanunvericilik normalarının tələblərindən də görünür ki, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət etmək onun prosessual qaydada təsbit edilmiş hüquqları sırasındadır və inzibati orqan bu hüququndan istifadə etmişdir. Eyni zamanda cavabdeh orqanın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə ərizə verməsi də onun prosessual hüququdur. Belə ki, İPM-in 28.1-ci maddəsinin tələbinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan hərbi qulluq münasibətlərində dövlət siyasətini həyata keçirən, bu sahədə qəbul edilmiş hüquqi tənzimləmə vasitəsi olan hərbi qulluqçuların statusuna dair qanunvericiliyi bilavasitə tətbiq edən inzibati orqandır. İnzibati orqanın inzibati məhkəmə icraatına cəlb edilmə ilə bağlı müraciətlər etmək, qəbul edilmiş məhkəmə aktlarından şikayət etmək onun prosessual hüquqlarından hesab edilir. Bu baxımdan bu hal inzibati orqan tərəfindən şəxsin qeyri-maddi nemətlərinə müdaxiləyə səbəb olan təqsirli (kobud ehtiyatsızlıq və ya qəsd) hərəkət kimi qəbul oluanaraq mənəvi zərərin tutulmasına əsas olacaq hüquqazidd əməl hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(112)-4421/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2352/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2352/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver