Məhkəmə qərarları › İş №2-1(103)-2353/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2353/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2353/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı 02.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 40kv.m sahəsi olan 23 illik tikilinin sökülməsinə görə ona dəyən zərərin müəyyənləşdirilmiş dəyəri olan 81.500 (səksən bir min beş yüz) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya məxsus Badamdar qəsəbəsində yerləşən 1996cı ildə «İsti-Su» şirkətinin ümumi sahəsi 40 kv.m qeyri-yaşayış sahəsi 31.10.2019-cu il tarixində qanunsuz olaraq Səbail rayon İcra Hakimiyyəti və Səbail RİB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən sökülmüş, içərisində əşyalar isə yararsız hala salınmışdır. İddiaçı 04.11.2019-cu il tarixində dövlət orqanlarına, o cümlədən, Cavabdeh və Badamdar qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinə yazılı şəkildə müraciət etsə də, həmin müraciətləri cavabsız qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı 02.07.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirilmiş əmlakın dəyərinin ödənilməsi barədə bütün instansiyalara müraciətlər olunmuş, surətləri və qəbzlər işə əlavə edilmişdir. Lakin məhkəmə onu süründürməsi, əsassız get-gələ salması vaxt itkilərinə səbəb olur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə, iddianın mümkünsüz olmasını aşağıdakı kimi əsaslandırmışdır: «Məhkəmə qeyd edir ki, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə təqdim edilən müraciət isə məhkəmə qərarı olmadan tikilini sökülməsində təqsiri olan şəxslər barəsində tədbirlərin görülməsi, dəyən maddi ziyanın günahkar şəxslərdən tutularaq ödənilməsi ilə əlaqədar ayrı-ayrı dövlət orqanlarına olan müraciətdir. Məhkəmə tərəfindən təklif edilsə də, iddiaçı tərəf ona məxsus 40 kv.m sahəsi olan 23 illik tikilinin sökülməsinə görə ona dəyən zərər olaraq 81500 (səksən bir min beş yüz) manat vəsaitin ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etməsini, yəni məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi…» Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin məhkəmə icraatını o əsasla mümkün sayılmamışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdehə müraciət etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Lakin iş materiallarının 40-55-ci vərəqlərindən görünür ki, iddiaçı hazırkı iddia tələbində göstərilən məsələ ilə əlaqədar, məhkəməyə qədər bir sıra dövlət orqanlarına, o cümlədən, Bakı şəhəri Cavabdehnə və Səbail Rayon İHB-nın Badamdar qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinə ünvanladığı ərizəsinin surətini və həmin ərizənin göndərilməsinə dair qəbzləri məhkəməyə təqdim etmiş, lakin məhkəmə tərəfindən həmin sənədlər araşdırılmamış, onlara heç bir münasibət bildirilməmişdir. Halbuki, İPM-in 12.1-12.2-ci maddələrinin tələblərinə görə xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə də birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı işin hallarına və prosesual qanunverciliyin tələblərinə uyğun çıxarılmamışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən işdə olan sənədlərin araşdırılmadığını və əsassız qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı 02.07.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-512/2021 saylı 02.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar