Məhkəmə qərarları › İş №2-1(103)-2353/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2353/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2353/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən eti : Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Zeytun sovxozu direktorunun xx.xx.1988-ci il tarixli, 13 nömrəli əmri ilə ona fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə dair çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Abşeron rayonu Zeytun sovxozunun direktorunun xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmri ilə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmiş, müraciətinə xx.xx.2021-ci il tarixli, **********49 saylı məktubla cavab verilmişdir ki, Abşeron rayonu, Zeytun sovxozu direktorunun fərdi evi tikmək üçün torpaq sahəsi ayrılması barədə xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmrinə dair arxiv arayışı təqdim edilməmişdir. Qeyd olunan sənədi arxivdən əldə etdikdən sonra cavabdehə yenidən müraciət etmişdir. Müraciətinə bu dəfə xx.xx.2021-ci il tarixli, **********75 saylı məktubla cavab verilmişdir ki, təqdim edilən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 mart 1998-ci il tarixli, 71 saylı sərəncamının arxiv arayışında ərizəçinin adı və ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi “2 nömrəli Zığ Zeytunçuluq" sovxozunun ərazisidir. Həmçinin baza məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Torpaq sahəsi sovxoz ərazisində yerləşdiyindən ”2 nömrəli Zığ Zeytunçuluq" sovxozu rəhbərinin əmri, əmrin arxiv arayışı və qanuna uyğun yerləşmə sxemi təqdim edilməmişdir. Bu səbəbdən də müraciətinin həllindən imtina edilmişdir. Tələb olunan sənədlər və sözügedən torpaq sahəsinin elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşməməsinə dair xx.xx.2021-ci il tarixli, 01/02/12-13/K-160/7822 saylı arayışı cavabdehə təqdim edərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təkrar xahiş etmişdir. Müraciətinə bu dəfə xx.xx.2021-ci il tarixli, **********27 saylı məktubla cavab verilmişdir ki, torpaq sahəsi ilə bağlı müraciətinə **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Cavabdehin imtinası tam əsassız və qanusuzdur. Belə ki, qeyd olunan torpaq sahəsi ona ayrıldığı vaxtdan daş hasara alınmışdır və onun istifadəsindədir. Torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. İmtina məktubunda iradların tam aradan qaldırılmadığı bildirilsə də, həmin iradların nədən ibarət olduğu göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi ona Abşeron rayonu Zeytun sovxozunun direktorunun xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmri ilə verilmiş, ayrılmış torpaq sahəsi eyni tarixli Akt əsasında yerində ölçülərək ona təhvil verilmiş və həmçinin təhvil verilmiş torpaq sahəsinin yerləşmə cizgisi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Hazırda həmin cizgidə göstərilən ölçüdə konfiqurasiyaya uyğun torpaq sahəsindən istifadə edir. Həmçinin qeyd edilmişdir ki, onun torpaq sahəsi ilə bitişik olmaqla qonşu olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eləcə də 2 nömrəli Zeytun sovxozu ərazisində yerləşən, 1997-ci ildən sonra ayrılmış digər torpaq sahələri də qeydə alınmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozunun ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, **********49 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda Abşeron rayon Zeytun sovxozu direktorunun fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmrinə dair arxiv arayışının təqdim edilmədiyini, **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda isə iddiaçı tərəfindən təqdim edilən Abşeron rayon İcra Hakimiyyəti başçısının 16 mart 1998-ci il tarixli, 71 saylı sərəncamın arxiv arayışında ərizəçinin adı və ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd olunmadığını, elektron kadastr baza məlumatına əsasən perimetrik ölçü fərqinin mövcud olduğunu və torpaq sahəsinin "2 nömrəli Zığ Zeytunçuluq” sovxozunun ərazisi olmaqla, baza məlumatlarına əsasən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini, torpaq sahəsi sovxoz ərazisində yerləşdiyindən "2 nömrəli Zığ Zeytunçuluq” sovxozu rəhbərinin əmri, əmrin arxiv arayışı və qanuna uyğun yerləşmə sxeminin təqdim edilmədiyini bildirmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi, qanunverici yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərinin (direktor və s.) əmrinə əsasən torpaq sahəsinin qeydiyyatının o halda aparılması nəzərdə tutulmuşdur ki, həmin əmr “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etsin. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Respublika Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 saylı qərarı ilə ayrılmış həyətyanı torpaq fondundan paylanmamış hissəsinin həyətyanı altına verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 71 nömrəli sərəncamına gəldikdə, həmin sərəncamdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 14 fevral 1989-cu il tarixli 84 saylı qərarı ilə 2 saylı Zeytun sovxozundan 6 hektar həyətyanı fond üçün torpaq sahəsi ayrılmasının və həmin torpaqdan əvvəllər 4,5 hektarının həyətyanı torpaq sahəsi kimi verildiyi, 25 ailə üçün 1,5 hektarının ehtiyat fondunda saxlanıldığı barədə 2 saylı Zeytun sovxozunun direktoru A.Hüseynov cənablarının məlumatının nəzərə alınması, sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq hər ailə üçün 0,06 hektar hesabı ilə 25 ailə üçün nəzərdə tutulmuş 1,5 hektar həyətyanı torpaq fondunun torpaq qanunvericiliyinə uyğun sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsinə icazə verilməsi, torpağın sovxoz komissiyasının rəyi və sovxozun əmri ilə paylanması qərara alınmışdır. İş materiallarında olan Abşeron rayonu Zeytun sovxozunun direktorunun xx.xx.1998ci il tarixli, 13 nömrəli əmrinin surətindən görünür ki, Abşeron rayon 2 saylı zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yarasız 6 hektar torpaq sahəsi fərdi yaşayış evi tikinisi üçün ayrılması haqqında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Respublika Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 saylı qərarı və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1998- ci il tarixli, 71 saylı sərəncamı ilə sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq 1,5 hektar torpaq sahəsini torpaq qanunvericiliyinə uyğun olaraq sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsi və həmin qərara əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,6 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 370 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Abşeron rayon 2 №-li Zığ Zeytun sovxozu tərəfindən Abşeron RİH-in xx.xx.1998-ci il tarixli 71 nömrəli sərəncamı əsasında 1998-ci ildə fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi ayrılıb verilməsi barədə sovxoz rəhbərliyinin əmri və torpaq alanların adbaad siyahısı arxivdə yoxdur. Çünki sovxozun ancaq 1997-cı ilədək olan dövrünün sənədləri arxivə təhvil verilmişdir. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənəd - sovxoz rəhbərinin (direktor və s.) əmri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivində mövcud deyil. İddiaçı apelyasiya şikayətində həmin sənədin dövlət arxivində olmamasının onun təqsiri olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu hissədə iddiaçı ilə razılaşsa belə, yuxarda qeyd edilən normaların tələblərinə istinadən bildirir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasını təkcə sovxoz rəhbərinin (direktor və s.) əmrinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etməsi ilə şərtləndirməmiş, həm də torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin olması halınıda nəzərdə tutmuşdur. İş materiallarından isə həmin torpaq sahəsinə dair müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər müəyyən edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinə gəldikdə isə, həmin cizgi torpaq ayıran orqan tərəfindən deyil, daha sonradan Xətai rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbindən çıxış edərək iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətində “onun torpaq sahəsinə bitişik olan qonşu fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, eləcə də 2 nömrəli Zeytun sovxozu ərazisində yerləşən, 1997-ci ildən sonra ayrılmış digər torpaq sahələri də qeydə alınması” ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya bildirir ki, məhkəmə araşdırmaları iddiaçının iddia tələbi üzrə aparılmış, araşdırma iddiaçının istifadəsində olan və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, sahəsinə dair çıxarışın və plan ölçünün tərtib edilməsi tələb olunan torpaq sahəsi ilə bağlı aparılmış, digər şəxslərə məxsus olan torpaq sahələri araşdırma predmeti olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, həmin Qanunun 15.-ci maddəsində isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları sadalanmışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5520/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar