Məhkəmə qərarları › İş №2-1(103)-2353/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2353/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2353/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Maraqlı şəxs MTK-dan ünvan 1 ünvanında yerləşən 7 saylı binanın 7-ci blok, 5-ci mərtəbə 2 nömrəli mənzilin alınması üçün ödədiyi 171993 AZN məbləğində pul vəsaitinin ƏDV-nin geri qaytarılması üçün ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi və həmin vəsaitin ona ödənilməsi vəzifəsinin Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsinə əsasən Maraqlı şəxs MTK-dan ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili almışdır. Müqaviləyə əsasən mənzilin dəyəri ƏDV daxil 171993 manat təşkil etmişdir. Mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə “Azərbaycan Beynəlxalq Bank”ı ilə bağlanmış xx.xx.2022-ci il tarixli AVP-126 saylı kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. Ödənişlər edildikdən və mənzilin dəyəri ödənildikdən sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı müraciət edən zaman ona bu haqda məlumat veriləcəyi bildirilmişdir. Yanvar-fevral aylarında yenidən müraciət zamanı yenə gözləməyini bildirdilər. Belə ki, verilən məlumata əsasən elektron qeydiyyatla bağlı portal açılacağı və ƏDV-nin geri alınmasının onlayn qaydada həyata keçiriləcəyi barədə məlumat verilmişdir. 2023-cü il Novruz bayramından sonra ƏDV-nin geri ödənilməsi ilə bağlı təkrar müraciət edərkən qaimə olmadığından Dövlət Vergi Xidmətindən imtina verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda qeyd olunan 3 aylıq müddət ilə bağlı qeyd olunmalıdır ki, sözügedən portalın istifadəyə verilməsi yaxın aylarda baş vermişdir. Bu halda müddətin ötürülməsi nəzərə alınmamalıdır. Vergi orqanın müvafiq sistemin qurulması mart-aprel aylarına təsadüf edir. Tikinti şirkətinin bildirdiyinə görə mənzilin ödənişi ilə bağlı elektron qaimələr istifadə olunmamış, pul tam şəkildə dövlət büdcəsinə köçürülmüşdür. Mədaxil qəbzi barədə məlumatlar: Nömrə: BPM**********98, Müştərinin adı: AVANT Group, Hesab:**********7244614120, Məbləğ: 83993 AZN. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Lakin maddədə göstərilən həmin məbləğ ona geri qaytarılmamışdır. Dövlət Vergi Xidmətinin Elektron ünvan email ünvanına sözügedən məsələ ilə bağlı müraciət edərək ona geri qaytarılmalı olan, lakin qaytarılmamış ƏDV məbləğini ödəmələrini xahiş etmişdir. Dövlət Vergi Xidməti elektron məktubla ona sözügedən məbləğin geri qaytarılmasından imtina etmişdir. Dövlət Vergi Xidməti imtinanın səbəbini müvafiq elektron qaimənin olmaması ilə əsaslandırmışdır və qeyd etmişdir ki, bu məsələ Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020 tarixli 969 nömrəli Fərmanı və Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Dövlət Vergi Xidmətinin imtina cavabını qanunsuz hesab edir. Belə ki, Xidmətin imtina məktubunda nə Fərmanda, nə də Vergi Məcəlləsinin ümumiyyətlə heç bir maddəsində mənzil alqı-satqısı üçün ödənilmiş məbləğə görə ƏDV-nin geri qaytarılmasına heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12867/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1.ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi qaytarılması bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirilmir. Başqa sözlə, bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar tərəfindən ƏDV məbləği bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilə bilərdi və bu hal ödənilmiş ƏDV-nin qaytarımasına imtina kimi qiymətləndirilə bilməzdi. Ancaq bu Qaydanın 6.1-ci maddəsinin tələblərindən belə nəticəyə gəlmək olur ki, bu Qayda qanuni qüvvəyə mindikdən sonra ödənişlər bu Qaydanın 5.1.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, bu Qaydanın 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini alıcı ƏDV-nin qaytarılması məqsədilə skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Alıcı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinə görə xx.xx.2022-ci il tarixli 83993,0 manat ilkin ödəniş sənədi və kredit müqaviləsi əlavə edildiyi müəyyən edilmişdir. Həmçinin, iddia ərizəsində yaşayış sahəsinə görə ödənilmiş məbləğin ƏDV-sinin qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürüldüyünü etiraf etmişdir. Belə ki, məhkəmədən ötürülmüş müddətin üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsinə uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti ilə bağlı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTK ilə bağlanmış xx.xx.2022-ci il tarixli 0604 nömrəli payçı müqaviləsi və "xxxx" ASC ilə bağlanmış 05 dekabr 2022-ci il tarixli, AVP-126 nömrəli Kredit müqaviləsinə əsasən ünvan 1 ünvanda bina 7, blok 7, 2 nömrəli mənzili ƏDV daxil 171993 manata satın almış, mənzilin ilkin ödənişi edilmiş, qalan 88000 manat məbləğ isə kredit müqaviləsinə əsasən kreditə götürülmüşdür. İddiaçı hazırda həmin vəsait üzrə ƏDVnin geri qaytarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İşdən görünür ki, iddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Həmçinin, Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini 05 dekabr 2022-ci il tarixdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi xx.xx.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu iş üzrə mövqeyi ilə razılaşaraq qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1969/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar