Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2353/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1559/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən verilmiş 5867 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCВ ******* seriyalı “psixoloq” ixtisası üzrə bakalavr dərəcəsi üzrə təltif olunmasına dair bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu”nun pedoqoqika-psixologiya fakültəsinə qəbul olunmuşdur. Təhsilini əyani təhsil formasında almış və uğurla başa vuraraq 2005-ci ildə həmin institutun pedaqoqika-psixologiya fakültəsini bitirərək psixoloq, pedoqoqika-psixologiya ixtisasına yiyələmişdir. Buna dair “X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən ona 5867 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli, BCB ******* nömrəli diplom verilmiş və xx.xx.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin qanuniləşdirilməsi tələbini dəyişdirən Konvensiya”ya uyğun olaraq diploma apostil əlavə edilmişdir. Təhsilini bitirdikdən sonra xx.xx.2005-ci il tarixdə hərbi xidmətə yollanmışdır. Ali təhsilini nəzərə alaraq bir il müddətinə hərbi xidmətini yerinə yetirdikdən sonra xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında ehtiyata buraxılmışdır. 2008-ci iln oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kursuna qəbul olunmuşdur. 2008-ci ilin dekabr ayında kursu “kiçik çavuş” rütbəsi ilə bitirmişdir. 2009- 2015-ci ilədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini suüstü gəmilərdə davam etdirmişdir. Ali təhsilli olduğunu nəzərə alaraq 2015-ci il iyun ayının 8-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş “Ehtiyat zabit hazırlığı” kursunu “bölük komandirinin tərbiyəvi işlər üzrə müavini” ixtisası üzrə 2015-ci il avqust ayının 28-dək təhsilini davam etdirmişdir və kursu bitirərək Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasə “leytenant” hərbi rütbəsi verilmiş və zabit vəzifəsinə təyin olunmuşdur. Yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar olaraq cəbhə bölgəsində xidmət etdiyi dövrdə, 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində təşkil olunmuş “Tabor komandirinin tərbiyəvi işlər üzrə müavini” ixtisası üzrə kursu bitirmişdir. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən müvəqqəti olaraq Dövlət Sərhəd Xidmətinin tabeçiliyinə göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin müvafiq hərbi hissənin mənəvi-psixoloji hazırlıq üzrə şöbənin baş zabiti (psixoloq) vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda ixtisasına uyğun Cəmşid Naxçıvanski adına hərbi liseyin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə bölməsi rəisinin köməkçisi-psixoloq vəzifəsində xidmət edir və 17 (on yeddi) il xidmət ili var. O, diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün qüvvədə olan qaydalara müvafiq olaraq elektron müraciət formasında xx.xx.2023-cü il tarixdə cavabdeh Agentliyə elektron kabinet üzərindən ərizə ilə müraciət etmişdir. Hazırda ərizəsinin cari statusu “Ərizəniz qəbul edilmişdir” kimi qeyd edilmişdir. Lakin onun müraciətindən bugünədək müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinin təmin edilməsi və ya müraciətindən imtina edilməsinə dair ona hər hansı bir məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixdə elektron e-mail vasitəsi ilə (TKTA) təkrar müraciət etmiş, müraciətinə cavab olaraq müvafiq sorğuların cavablandırılmamasını əsas göstərmişdir. Sənədin icraatının surətləndirilməsi məqsədilə bitirdiyi təhsil müəssisəsinin əldə etdiyi məlumatları müvafiq qurumla bölüşmüşdür. Davamlı olaraq ixtisasına uyğun şəkildə bilik və bacarıqlarının artırılması üçün çalışır, hal-hazırda dövləti və xalqı qarşısında tutduğu vəzifənin məsuliyyətini tam dərk edərək ixtisasına uyğun xidmətini dava etdirir və ixtisası üzrə təhsilini artıqmaq arzusundadır. Lakin sənədinin qanunauyğun şəkildə tanınmasında yaranmış çətinliklər bu arzusunun həyata keçirilməsinə çətinlik yaradır. Odur ki, müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə baxılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq İddiaçı X4 İnstitunun akkreditasiyasız fəaliyyət göstərən Bakı filialında təhsil alması səbəbilə xx.xx.2024-cü il tarixli müvafiq qərarla iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bildirilmişdir ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.
4. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1559/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş 28 iyun 2005-ci il tarixli ВСВ ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Apostil edilərək notarial qaydada təsdiq edilmiş 20 iyun 2005-ci il tarixli ВСВ ******* nömrəli bakalavr diplomuna əsasən İddiaçı X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu qiyabi təhsil alma formasında “Psixoloq, pedaqogika və psixologiya müəllimi” ixtisası üzrə bakalavr təhsiini müvəfəqqiyyətlə başa vurmuş və ona bakalavr ali ixtisaspeşə dərəcəsi verilmişdir.
10. Diploma əlavə iş materiallarına əlavə edilmişdir.
11. “Sankt X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnsitutu” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05.01-18/29 nömrəli arxiv arayışına əsasən İddiaçı 2000-2005-ci illərdə Ali peşə təhsilli qeyri-dövlət təhsil müəssisəsi “Sankt X3 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu”un Bakı Filialında təhsil almışdır. Dövlət attestasiya komissiyasının 28 iyun 2005-ci il tarixli qərarına əsasən ona “Pedoqogika və psixologiya” ixtisası üzrə “Psixoloq, pedaqogika və psixologiya müəllimi” ixtisası üzrə psixoloq, pedaqogika və psixologiya müəllimi ixtisası verilmişdir. 19 sentyabr 2005-ci ildə ВСВ seriyalı, ******* nömrəli diplom verilmişdir.
12. Cavabdehin 16 dekabr 2024-cü il tarixli NA00035020 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasikyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002- ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
16. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
17. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 4.1.1. Müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. Müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. Müvafiq kvalifikasiyanın verldiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;
18. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır;
19. Hazırki mübahisə ilə eyni faktiki və hüquqi hallara söykənən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-987/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında işin faktiki halları və formalaşmış hüquqi mövqe aşağıdakı kimi olmuşdur: “Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçıya “Hüquqşünas” ixtisası və təhsil aldığı müəssisəni bitirməsinə dair diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsinin Dövlət İmtahan Komissiyasının qərarı ilə verilmiş, diplom səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsi tərəfindən verildiyindən, bu qərarın 26-cı bəndində istinad edilən Sazişin müddəaları hazırkı mübahisəyə tətbiq olunmalıdır. Sazişin 6-cı maddəsinin tələbinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır. Cavabdehin istinad etdiyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibi hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəflərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyən Sazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə cavabdeh haqlı olmamışdır. Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə istinadla qeyd etmişdir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan, təhsil müəssisəsinin filialının qanunsuz fəaliyyəti orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. İstinad edilən qətnamə ilə cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin istinad edilən qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur. Filialın fəaliyyəti dayandırılanadək faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, məhkəmə qaydasında fəaliyyəti dayandırılana kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.”
20. Məhz bu baxımdan hazırkı halda iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin yuxarıda istinad edilən qərarda qeyd edilən ali təhsil müəssisəsi olması və həmin qərardakı mübahisə üzrə işin faktiki və hüquqi hallarının hazırki mübahisə ilə eyni olmasını nəzərə alaraq məhkəmə, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
21. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
24. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
25. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-1559/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev