Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2354/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-6342/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə qulluq illərinə görə əmək pensiyasına əlavənin cavabdehə təqdim edilmiş arayışa əsasən “hakim vəzifəsindəki fəaliyyətin ardıcıl gələn 60 ayı (xx.xx.2019-xx.xx.2024) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında” təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir (Sərəncamın qüvvəyə minmə tarixi - xx.xx.2007-ci il). xx.xx.2010-cu il tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi, xx.xx.2013-cü il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Məhkəmə- Hüquq Şurasının xx.xx.2024-cü il tarixli qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq səlahiyyətlərinə xx.xx.2024cü il tarixdən xitam verilmişdir. Ali Məhkəmə tərəfindən təqdim olunmuş arayışa əsasən Ali Məhkəmənin hakim vəzifəsindəki fəaliyyətinin ardıcıl gələn 60 ayı (xx.xx.2019-xx.xx.2024) ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun ərizəsinə cavab olaraq cavabdehin elektron qaydada (SMS-lə) verdiyi məlumata əsasən ona 5606.94 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Başqa sözlə, pensiyanın məbləği 17 il 04 ay 06 gün (xx.xx.2007-xx.xx.2024) hakimlik stajı nəzərə alınmaqla 60 aylıq əmək haqqı barədə təqdim olunmuş arayışa əsasən hesablanmış orta aylıq əmək haqqının (9836.74 manat) 57 faizi miqdarında müəyyən edilmişdir. Cavabdeh tərəfindən pensiya məbləğinin orta aylıq əməkhaqqının 57 faizi miqdarında müəyyən etməsi ilə razı deyil. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17- 1/3-3-14/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş və bu barədə 07.01 2025-ci il tarixli 3-17-1/2- H-480/2025 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 57%-i həddində hesablanmaqla 5606.94 manat məbləğində sabiq hakim kimi yaşa gorə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia ərizəsində əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiya təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, beləliklə də xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçıya 65 yaşının tamam olduğu tarixdən 1799.79 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra sabiq hakim kimi pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 5606.94 manat məbləğində müəyyən edilmişdir. İddiaçı pensiyasının yenidən hesablanmasının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4 və 20.7-ci maddələri təşkil etmişdir. Həmin Qanunun 20.1 .4cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2024-cü il tarixdə qüvvədə olmuş redaksiyası isə aşağıdakı kimi ifadə olunmuşdur: “Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarıxınədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30.12 2014-cü il tarixli 168- İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik 13 02.2015-cı ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözu “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilmişdir. “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında. 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki: 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-cı il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdıksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan Qanunun redaksiyasını tətbiq edilsə də belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün "Məhkəmələr və hakimlər haqqında" Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. İstinad olunan normaların müddəaları baxımından İddiaçı sabiq hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni, Qanunun əvvəlki redaksiyasında da iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6342/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarı ilə (hakim C.Quliyev) iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş əmək pensiyasının qulluq illərinə görə əmək pensiyasına əlavənin təqdim edilmiş arayışa əsasən “hakim vəzifəsindəki fəaliyyətin ardıcıl gələn 60 ayı (xx.xx.2019-xx.xx.2024) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında” təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki; - İddiaçı məxsus əmək kitabçasına əsasən o, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, xx.xx.2010-cu ildən Bakı Apellyasiya Məhkəməsinə, xx.xx.2013-cü ildən Azərbaycan Respublikasının Ali Məhkəməsinə hakim vəzifəsinə təyin edilmiş, Məhkəmə-Hüquq Şurasının xx.xx.2024-cü il tarixli qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2013cü il tarixdən Ali Məhkəmədə hakim vəzifəsində işləyib və onun 5 il üzrə əmək haqqı məbləği 471488 manat 30 qəpik təşkil edir. - İddiaçının ərizəsinə əsasən ona pensiya təyin edilmişdir. -İddiaçı cavabdehə müraciət edərək, təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. -Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-14/2025 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 57%-i həddində hesablanmaqla 5606,94 manat məbləğində sabiq hakim kimi yaşa gorə əmək pensiyası təyin edilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçıya 65 yaşının tamam olduğu tarixdən xx.xx.2024-cü il tarixdən 1799.79 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra sabiq hakim kimi pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 5606.94 manat məbləğində müəyyən edilmişdir. İddiaçı cavabdehin pensiya təyin edərkən onun pensiyasının 17 il 04 ay 06 gün (xx.xx.2007xx.xx.2024) hakimlik stajı nəzərə alınmaqla 60 aylıq əmək haqqı barədə təqdim olunmuş arayışa əsasən hesablanmış orta aylıq əmək haqqının (9836.74 manat) 57 faizi miqdarında müəyyən edilməsinə etiraz edərək 80 faizi miqdarında yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun: (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1.4-cü maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun: (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir. 20.7-ci maddəsinə əsasən Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. İşin hallarından müəyyən edildiyi kimi, iddiaçı 28 iyul 2007-ci il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, xx.xx.2013-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Beləliklə, iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hakim işləməsi və 17 il 4 ay 8 gün hakim kimi sosial sığorta stajının olması işin mübahisələndirilməyən hallarıdır. Hazırkı halda mübahisəli məqam “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ilə qədər qüvvədə olan 20.7-ci maddəsinin normalarının, yoxsa 01 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan 20.7-ci maddəsinin normalarının tətbiqi ilə bağlıdır. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). Hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hakim işləmiş və 17 il 4 ay 8 gün iş stajı vardır. İddiaçının hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar səlahiyyətlərinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və xx.xx.2024-cü il tarixdən 1799.79 manat məbləğində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra sabiq hakim kimi pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 5606.94 manat məbləğində müəyyən edilmişdir. Bundan narazı qalan iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası tətbiq edilməklə, ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə, qüvvədən düşmüş normaların tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, iddiaçı ona hər ay ödənilən vəzifə maaşının, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatının, məzuniyyət haqqının, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasına 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla (10 ilə qədər-55 faiz, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında) hakim vəzifəsindəki fəaliyyətinin son iki ili ərzində əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavənin və sosial sığorta fonduna ödədiyi vəsaitin hesablanaraq əmək pensiyasına əlavə edilib hesablanmasını tələb etməkdə haqlıdır. Hazırkı mübahisə üzrə artıq Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə uyğun izah verilmişdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1205/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)- 1087/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-499/2024 saylı qərarları) Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının qulluq illərinə görə əmək pensiyasına əlavənin təqdim edilmiş arayışa əsasən “hakim vəzifəsindəki fəaliyyətin ardıcıl gələn 60 ayı (xx.xx.2019xx.xx.2024) ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında” təyin edilməsi üçün əmək pensiyasının yenidən hesablanması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6342/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2354/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2354/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver