Məhkəmə qərarları › İş №2-1(103)-2358/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2358/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2358/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Eyvazov Rafael Əmir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 02 fevral 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Cəlilabad şəhərində doğulmuşdur. O, Cəlilabad rayon Maliyyə İdarəsində mühasib vəzifəsində işləmişdir. İddiaçının səhhətində yaranmış xəstəliklərlə əlaqədar olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. Həmin müalicəyə dair epikrizdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “Diskogen beloma radukulopatisaı, L1-L2, L4-L5 fəqərarası disklərin yırtığı, L5-S1 fəqərarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması”dır. Daha sonra aldığı müalicələrin nəticəsində ona qoyulmuş diaqnoz əsasında Tibbi Sosial Ekspert Komissiyasının Forma 88 göndərişin tərtib olunmasını xahiş etmişdir. Tibbi Sosial Ekspert Komissiyası onu yenidən müayinə etmiş və 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş tərtib edərək 5 il müddətinə 2ci qrup əlillik təyin etmişdir. Həmin göndərişdən görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz “Bel-oma fəqərələrinin ostexondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığı, L5-S1 fəqərəarası diskin protruziyası davamlı kökcük ağrı sindromu ilə, sol pəncənin parezi və çanaq orqanlarının funksiyasının pozulması” olmuşdur. Eyni zamanda Cəlilabad rayon Mərkəzi Xəstəxanasından verilmiş xəstənin ambulator, stasionar tibb kartasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə stasionara daxil olmuş və xx.xx.2019-cu il tarixdə stasionardan çıxmışdır. İddiaçıya qoyulmuş diaqnoz “Bel-omba fəqərələrinin ostexondrozu, diskogeb lyumboişialgiya. Güclü ağrı sindromu ilə, L4-L5 fəqərəarası disk yırtığı. Sol pəncənin parezi və çanaq orqanlarının funksiya pozğunluğu” olmuşdur. İddiaçının səhhətində olan xəstəliklərlə əlaqədar onun əmək qabiliyyətinin olmaması ilə bağlı müvafiq sənədlər verilmişdir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli 0340003AAPZ4 nömrəli göndərişi əsasında İddiaçı əlillik vəziyyəti xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən xx.xx.0219-cu il tarixli, xx/xx-4330 nömrəli məktub daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 105 nəfər şəxsin adına göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1 bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı məktuba baxılmışdır. Siyahıda adları qeyd edilmiş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. İddiaçının soyadı, adı, atasının adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 98-ci sırada qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli iddiaçının vəkilinin ərizəsindən görünür ki, İddiaçı 0340003AAPZ4 nömrəli, xx.xx.2017-ci il tarixli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi barədə cavabdeh orqana müraciət etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının vəkilinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubuna əsasən bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Cəlilabad rayon Mərkəzi Xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi səbəbdən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Hazırda səhhətində ağırlaşmalar əmələ gəlmişsə, iddiaçı dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı və düzgün qaydada tərtib olunmuş göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. İddiaçı əlavə olaraq sübut qismində tibbi sosial ekspert komissiaysının cavabını, 994/32 nömrəli epikrizi, xəstənin ambulator, stasionar tibb kartasından çıxarışı, əmək qabiliyyətinin olmaması vərəqəsini və tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatı, Azərbaycan Tibb Universitetinin tədris cərrahiyə klinikasının maqnit rezonans müayinə protokolunu məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd edilmişdir ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Cavabdeh tərəfindən belə icraat aparılmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının sağlamlıq vəziyyəti Cəlilabad rayon Mərkəzi xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya 2017-ci ildən ikinci dərəcə əlilliyi 5 il müddət ərzində təyin olunduğundan, xx.xx.2019-cu il tarixində bu müddət bitmədən, inzibati icraat aparılmadan onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquqi normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERASa daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: 5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; 5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; 5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; 5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Hazırkı işin hallarından müəyyən olunmuşdur ki, iddiaçının sağlamlıq vəziyyəti Cəlilabad rayon Mərkəzi xəstəxanasının 0340003AAPZ4 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticəsi üzrə iddiaçıya dair rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmiş və bu səbəbdən də, həmin göndəriş əsasında aparılmış əlillik təyinatı altsistemində etibarsız hesab edilmişdir. Halbuki iddiaçıya 2017-ci ildən ikinci dərəcə əlilliyi 5 il müddət ərzində təyin olunduğundan, xx.xx.2019-cu il tarixində bu müddət bitmədiyindən, qanunvericiliyinin tələblərinə əsasən onun əlilliyinin etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. Lakin işin yuxarıda göstərilən hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2017-ci ildə qiymətləndirilmiş, ikinci dərəcə əlilliyi beş il müddətinə təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (xx.xx.2019-cu ildə) iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, altsistem vasitəsilə etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki işdə əlilliyin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan yalnız Daxili İşlər Nazirliyinin məlumatına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparılarsa inzibati orqanın əlilliyin etibarsızlığı ilə bağlı hərəkətləri qanunsuz hesab olunur və əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsinə təminat verir. Məhkəmə kollegiyası xüsusi ilə bir məqamada toxunmaq istəyir ki, vahid məhkəmə təcrübəsi və yuxarıda bəhs edilən qanunvericiliyin müddəalarından müəyyən olunur ki, bu növ mübahisələrə-əlilliyin dayandırılmasına baxılarkən inzibati orqan tərəfindən inzibati icraatın prinsiplərinin pozulub-pozulmamasına, həmçinin şəxsdə olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşməsi ilə əlaqədar əyani müayinəyə cəlb edilib-edilmədiyini qiymət verilməlidir. Başqa sözlə desək, hətta əlilliyin təyin olunmasına əsas olan göndəriş etibarsız hesab olunsa da, vətəndaşın sosial təminat hüququ əsasında onda olan xəstəliklərin əlillik təyin olunması üçün nəzərdə tutulan xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən edilməlidir. Hazırki mübahisə üzrə cavabdeh inzibat orqan tərəfindən inzibati icraatın prinsiplərinin pozulması müşahidə olunduğundan, iddiaçının hansı organda işləyib-işləməsi barədə araşdırmanın aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-580/2022 saylı, 02 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar