Məhkəmə qərarları › İş №2-1(103)-2358/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2358/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2358/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1254/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2023-cü il tarixdə, məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 60 (altmış) yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 1986-cı ildən başlayaraq, neft-qaz hasilatı sahəsində mühəndis olaraq çalışır və bugünədək bu sahədə fəaliyyətini davam etdirir. İş fəaliyyəti xüsusi rola malikdir və mahiyyəti neft-qaz sahələri üzrə X3nın idarə edilməsi vasitəsilə, yeni neft və qaz yataqlarının müəyyən edilməsi, təmir-bərpa işlərinin aparılması, kommunikasiya, mürəkkəb kəşfiyyat və işlənmə işlərinin həyata keçirilməsi, sualtı araşdırmalar, daha dərin sularda neft və qaz ehtiyatlarının işlənməsini həyata keçirir. Dalğıclar təhlükəsiz şəkildə daha mürəkkəb vəziyyətləri və daha dərin sularda əməliyyatları idarə etmək üçün geniş imkanlara malikdirlər. Neft və qaz sənayesi sahəsində uzaqdan idarə olunan X3, dalğıclar üçün əlçatmaz ərazilərə, daxil olmağa imkan verir. Hal-hazırda bu vasitələrsiz neft-qaz hasilatı sahəsində hər hansı iş aparılmır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, F.X2 təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SDY76 nömrəli arayışda adıçəkilən müəssisədə müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İddiaçı sözügedən arayışda istinad olunan işlədiyi sahə qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1254/2024 nömrəli, 29 fevral 2024-cü il qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, SOCAR- DALĞİC MMC tərəfindən Bakı İnzibati Məhkəməsinə İddiaçı dair güzəştli arayış təqdim edilmişdir. Belə ki, həmin arayışda göstərilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarxili 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapan vəzifələrlə uyğunluq təşkil etmir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. İş materiallarından görünür ki, - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı, hal-hazırda "xxxx" MMC-də X3 üzrə superintendant (dənizdə) vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə "xxxx" MMC-də və əmək kitabçasına uyğun digər şirkətlərdə iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: -"xxxx" MMC (X3 üzrə sahə rəisi (superintendent)), vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2022-xx.xx.2023 Cəmi: 2 ay; -"xxxx" MMC (X3 üzrə Supervayzer), vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2017- xx.xx.2022 Cəmi: 5 il, 7 ay, 13 gün; -"xxxx" Fərdi Firması (X3 üzrə Supervayzer), Vəzifə kodu: 2130100a-18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2011 -xx.xx.2017 Cəmi: 5 il, 6 ay, 12 gün; -“Azneft” İB (X3 Dəstəsinin elektronika üzrə rəis müavini), vəzifə kodu: 2130100a- 18494, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi. Layihələrə önhazırlıq və nəzarət, xx.xx.2003xx.xx.2006 Cəmi: 3 il, 4 ay, 23 gün; -«Каспнефтефлот» (Mexanika üzrə rəis müavini), vəzifə kodu: 2130100b— 17541, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidmətinə nəzarət edilməsi və həmçinin personala təlim keçirilməsi, xx.xx.1996-xx.xx.2003 Cəmi: 6 il, 10 ay, 15 gün; -«Каспнефтефлот» (Mühəndis 1-ci kateqoriya), vəzifə kodu: 2130100b-17541, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidməti və idarə olunması, xx.xx.1992xx.xx.1996 Cəmi: 4 il, 3 ay, 22 gün; - «Каспнефтефлот» (Elektronika şöbəsinin müdir müavini), vəzifə kodu: 2130100b-24094, vəzifə öhdəlikləri: X1 (ROV) hazırlanması, texniki xidməti və idarə olunması, xx.xx.1988-xx.xx.1992 Cəmi 3 il, 10 ay, 5 gün; -Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – ППБУ «Шельф- 3» (Elektronika şöbəsinin müdir müavini) vəzifə kodu: 2130100b-24094, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti, xx.xx.1988xx.xx.1988 Cəmi 9 gün; -Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – ППБУ «Шельф- 3» (Baş mühəndis) vəzifə kodu: 2130100b-17541, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti Cəmi: 4 ay, 13 gün; -Dərin dəniz dalğıc kompleksi, Yarımdalma üzən qazma qurğusu – ППБУ «Шельф- 3» (Mühəndis) vəzifə kodu: 2l3030lb-22177, vəzifə öhdəlikləri: Dərin dalğıc enişləri üçün avadanlıqların hazırlanması və texniki xidməti, xx.xx.1986- xx.xx.1987 Cəmi 1 il, 1 ay, 22 gün; -Xüsusi Konstruktor Bürosu (Mühəndis) vəzifə kodu: 2130301b-22177, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1986 - xx.xx.1986 Cəmi: 8 gün; -Xüsusi Konstruktor Bürosu (4-cü kateqoriya) vəzifə kodu: 1130000q-25062, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1985-xx.xx.1986 Cəmi: 9 ay, 9 gün; -Xüsusi Konstruktor Bürosu (3-cü kateqoriya radiotexnika, elektromexaniki və radiotexnika cihazlarının və elektroradioölçü cihazlarının sistemlərinin tənzimləyicisi) vəzifə kodu: 1130000q-25062, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1984-xx.xx.1985 Cəmi: 1 il, 1 ay, 7 gün; -Xüsusi Konstruktor Bürosu (Texnik) vəzifə kodu: 1130000q-23485, vəzifə öhdəlikləri: Prototiplərin qurulması və sınaqdan keçirilməsi, avadanlığın kütləvi istehsala hazırlanması xx.xx.1982 - xx.xx.1984 Cəmi: 2 il, 4 ay, 29 gün; - SSRİ-də hərbi xidmət xx.xx.1980 xx.xx.1982 Cəmi: 2 il, 1 ay, 2 gün; -Xüsusi Konstruktor Bürosu (Layihəçi-konstruktor) vəzifə kodu: 23302000, vəzifə öhdəlikləri: Prototiplərin hazırlanması və sınaqlara hazırlanması xx.xx.1980 - xx.xx.1980 Cəmi: 3 ay, 27 gün; -Xüsusi Konstruktor Bürosu (Laborant) Vəzifə kodu: 1130000q-23157, vəzifə öhdəlikləri: Prototiplərin hazırlanması və sınaqlara hazırlanması xx.xx.1978 - xx.xx.1980 Cəmi: 3 ay, 27 gün;

11. Yuxarıda qeyd olunan siyahıya əsasən İddiaçı 35 ildən yuxarı imtiyazlı iş stajına malikdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

12.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. 14.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: -9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; -1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. -22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. -23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 15.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: -Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... 16.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir 17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: -1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. -4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: -4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

19.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 20.Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. 21.İddiaçının 60 yaşına çatması işin mübahisəsiz hallarına aiddir. 22.İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə (xx.xx.2021-ci il) ümumi stajının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 443624,33 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (40320,00 manat) çox olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 23.Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır. 24.Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin ("xxxx" MMC-nin) arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Bundan əlavə, sözügedən arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, faktiki olaraq gördüyü işlər sadalanmış, həmçinin işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması göstərilmişdir. 25.Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. 26.İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. 27.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 28.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 29.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 30.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1254/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Kamran Əkbərov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar