Məhkəmə qərarları › İş №2-1(103)-2359/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2359/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2359/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) “əlilliyin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2021 saylı 01.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, Bakı şəhəri, Ak.Ç.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar şəraitdə müalicə almış, daha sonra aldığı müalicələrin nəticəsində onda müəyyən edilmiş diaqnoz əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə müraciət edərək, Forma 88 göndərişinin tərtib olunmasını xahiş etmişdir. Həmin Tibb İdarəsi tərəfindən qardaşının polis əməkdaşı olması səbəbindən Forma 88-in oradan göndərilməsinə razılıq verilmişdir. Adı çəkilən İdarə tərəfindən onun stasionar müalicə aldığı müəssisələrdən əldə olunmuş sənədlər əsasında o, yenidən müayinə edilərək, 4110003AABLM nömrəli göndərişlə Forma 88 cavabdeh Agentliyə ünvanlanmışdır. Göndərişdə onun 21.06.2017-ci il tarixdə həmin Tibb İdarəsində qeydiyyada olmuşdur. Göndəriş əsasında 30.06.2017-ci il tarixdə iddiaçıya “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ FS. əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmamazlığı. Ürək Çatmamazlığı İİİ FS. Hemiplegiya, İşemik insultdan sonrakı vəziyyət. Sağ tərəfli hemiparez. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə 5 il müddətinə səbəb əlaqəsi “ümumi xəstəlik” göstərilməklə İİ dərəcəli əlillik təyin olunmuşdur. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məktubu əsasında onun əlilliyi etibarsız sayılmışdır. Bununla bağlı cavabdehə 29.10.2020-ci il tarixli ərizə (04.11.2020-ci il tarixində cavabdeh həmin məktubu almışdır) müraciət olunsa da, heç bir cavab verilməmiş, 16.12.2020-ci il tarixində iddiaçı hazırkı iddia ərizəsi ilə məhekəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında, iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, göndərişi rəsmiləşdirən tibb idarəsi 18.11.2019-cu il tarixli məktubu ilə iddiaçıya əlillik təyin edilməsinə əsas olan göndərişin əsassız rəsmiləşdirildiyndən etibarsız hesab olunduğu bildirildiyi nəzərə alınaraq, Agentlik tərəfindən həmin məktub Əlillik Altsisteminə daxil edilmiş və Altsistemdə iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2021 saylı 01.07.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “...məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, AR DİN Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, ***-**** nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının nazirliyə aidiyyəti olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il tarixli 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasınjda Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçını əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, onu rəsmiləşdirən Tibb İdarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirildiyinə görə Əlillik Altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir.“İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə uyğun olaraq müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi G.Musayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinə etirazını məhkəməyə təqdim edilmiş etirazına uyğun olaraq bildirmişdir ki, iddiaçı Vergilər Nazirliyinin əməkdaşı olmuşdur. Vergilər Nazirliyi ilə DİN arasındakı müqaviləyə görə Vergilər nazirinin 19.03.2004-cü il tarixli F-61 nömrəli əmri ilə nazirliyin mərkəzi aparatının əməkdaşları ildə 2 dəfə DİN-nin hospitalında müiləcədən keçirdi. Sonradan isə 20.02.2008-ci il tarixli əmri ilə müqaviələyə edilən dəyişikliyə əsasən vergi xidmətinin əməkdaşları ildə bir dəfə DİN-nin poliklinikasında məcburi müəyinədən keçdiyindən onlara tibbi qeydiyyat vərəqəsi açılırdı. Odur ki, 21.06.2017-ci il tarixində iddiaçının əlillik dərəcəsi alması əsaslı və qanuna uyğundur. Bundan əlavə, “Tibbi-Sosial Ekspert Komissyaları haqqında” Əsasnamədə və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”də əlilliyin qiymətləndirilməsi qaydasında şəxslərə təyin edilmiş əlilliyin etibarız hesab edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspert rəyi ilə də onun xəstəliyi təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasızdır. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanladığı 31.08.2021-ci il tarixli və 04.10.2021-ci il tarixli məktublarında Tibb İdarəsinə bilavasitə tabe olman poliklinialarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində tərtib olunmuş göndərilrəin etibarsı hesab olunduğunu və bu barədə ƏƏSMN-yə məlumat verildiyini bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə işirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında məhkəmə araşdırmasının nəticəsi olaraq qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi)...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılara görə razılaşır. Cavabdehin (hüquq sələfi “TSEK”-in) işə əlavə olunmuş, iddiaçının sonuncu müəyinəsinə dair məlumat vərəqindən görünür ki, cavabdehin hüquq sələfi TSEK tərəfindən - “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ FS. əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmamazlığı. Ürək Çatmamazlığı İİİ FS. Hemiplegiya, İşemik insultdan sonrakı vəziyyət. Sağ tərəfli hemiparez. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə” xəstəlik diaqnozu ilə, iddiaçıya beş il müddətinə ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdehin iddia ərizəsinə etirazının və hazırkı apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, AR Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 18.11.2019-cu il tarixli, ***-**** nömrəli məktubundə həmin idarə tərəfindən əsassız rəsmiləşdirildiyi bildirildiyi nəzərə alınaraq, “Əlillik Altsistemi”nə daxil edilməklə qiymətləndirmə nəticəsində iddiaçının əlilliyi etibarsız edilmişdir. ” Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə - Səhiyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 tərəfindən 31.05.2021-ci il tarixli T 119/2021-ci il tarixli nin ekspert rəyinə əsasən Azərbaycan Respublikası DİN Tibb idarəsi tərəfindən doldurulimuş Forma 88 göndərişi düzgün doldurulumuş və onda təsbit olunan iddiaçının xəstəliyi - “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”yə uyğun olmuşdur. İkincisi, cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etirazının, AR DİN-in Tibb İdarəsinin forma 88 göndərişi vermək səlahiyyəti olmadığını mübahisələndirən cavabdeh tərəfindən iddiaçı tərəfin Vergilər Nazirliyinin əməkdaşı olmuş iddiaçının, Vergilər nazirinin 19.03.2004-cü il tarixli F-61 nömrəli əmrinə əsasən Vergilər Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən Vergilər Nazirliyinin mərkəzi aparatının əməkdaşları ildə 2 dəfə DİN-nin hospitalında müiləcədən keçdiyi, sonradan isə 20.02.2008-ci il tarixli digər bir əmri ilə həmin müqaviələyə edilən dəyişikliyə görə vergi xidmətinin əməkdaşlarının ildə bir dəfə DİN-nin poliklinikasında məcburi müəyinədən keçmələri və poliklinikada onların tibbi qeydiyyat vərəqələrinin açıldığı barədə dəlillərinə təkzib də verilməmiş, ümumiyyətlə, bu hal mübahəsələndirilməmişdir. Üçüncü bir tərəfdən və ən başlıcası, cavabdeh inzibati orqan olaraq iddiaçının iştirakı ilə aparılmış ilkin inzibati araşdırma nəticəsində ona 2-ci dərəcə əlllik təyin etdiyi halda, əvvəlki praktikasına zidd olaraq sonoadan onun əlilliyini, ona heç bir məlumat vermədən, iştirakını təmin etmədən, ondan xəbərsiz, DİN-nin Tibb İdarəsinin cavabdehə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Beləliklə də iddiaçının əlilliyi barədə adıçəkilən Əsanamənənin 4.9-cu və 4.16-cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh, sonradan onun əlilliyini səhiyyə orqanını məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə cavabdehin inzibati orqan olaraq qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Konkret halda, da məhz, Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində Tibb İdarəsi tərəfindən ona ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması, eyni zamanda, sonradan iddiaçının məsələ ilə bağlı ona müraciəti – cavabdeh inzibati orqanın iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh sadalanan inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunması mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi hüquq normalarının pozulduğunu və “İnzibati icraat haqqında” Qanunun 65.2-ci maddəsinə istinad olunan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3210/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3210/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar