Məhkəmə qərarları › İş №2-1(103)-236/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-236/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-236/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxs X7 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi öhdəliyinin qoyulması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-301/2019 nömrəli iş üzrə 24 iyul 2019-cu il tarixli qərarından cavabdehin və üçüncü şəxs T.Bağırovanın apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X10, X13 və X3) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2014cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları T.Bağırovanın adına qeydiyyata alınmış 22,7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.07.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh və üçüncü şəxs T.Bağırova ondan apellyasiya şikayətləri verərək, cavabdeh ləğv edilib, iddianın mümkün sayılmamasını, üçüncü şəxs ləğv edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində qeyd olunan sənədlər (protokoldan çıxarış, maliyyə arayışı, qanuni qüvvəyə minmiş məhkəmə qərarı) əsasında ümumi sahəsi 22,7 kv.m. olmaqla X6 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmışdır. Bundan sonra, V.İsmayılovla T.Bağırova arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında müvafiq qeyri-yaşayış sahəsi T.Bağırovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı MMC-nin qeyri-yaşayış sahəsinə dair reyestrdə düzəliş edilməsi ilə bağlı etdiyi 01.10.2018-ci il tarixli müraciəti ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən ünvanda təkrar yoxlama-ölçü işləri aparılmış və məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ölçüsü ilkin sənədlərdə 41 kv.m. göstərilsə də, faktiki ölçüsü 22,7 kv.m-dir. Bu səbəbdən qeyri-yaşayış sahəsinə dair verilmiş reyestrdən çıxarışda və texniki pasportda faktiki ölçü qeyd edilmişdir. Göründüyü kimi, müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış, həmçinin, inzibati orqanın hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunanlardan əlavə, İddiaçı MMC-nin müvafiq daşınmaz əmlakla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, müvafiq daşınmaz əmlak T.Bağırovanın mülkiyyətində olduğundan, sözügedən iddia tələbi ilə müraciət etmək hüququ da ona məxsusdur. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qeyd etmişdir ki, T.Bağırovanın adına qeydiyyata alınmış 22,7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlıq düzəldilməlidir. Lakin hansı texniki sənədi və hansı konkret yalnışlığı nəzərdə tutduğunu qeyd etməmişdir. Məhkəmə həmin yalnışlığın nədən ibarət olmasını yazmamışdır və hansı qaydada düzəldilməli olduğuna aydınlıq gətirməmişdir. Məhkəməyə dəfələrlə bildirilmişdir ki, iddiaçının bu mübahisəni qaldırmaq üçün sübyektiv hüququ yoxdur. Buna görə də iddia mümkün sayılmalı deyil. İşdə olan AR Ali Məhkəməsinin 26.10.2017-ci il tarixli 2-1(102)-1625/2017 saylı qərarında qeyd edilib ki, “kollegiya hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı 24.04.2014-cü il tarixli qərarının qəbul edilməsi nəticəsində maraqlarına toxunan şəxs qismində İddiaçı MMC deyil, həmin sahəni əldə etmiş şəxslər çıxış edə bilərlər. Çünki İddiaçı MMC artıq həmin sahəni özgəninkiləşdirmişdir və onun sahəyə dair hər hansı hüququ qalmamışdır. İddiaçı onun hansı hüquqlarının və maraqlarının pozulduğunu iddiada əsaslandırmamışdır. İddiaçı mübahisəli sahəyə ümumiyyətlə hər hansı hüququnun mövcud olduğunu əsaslandırmamışdır. Belə yanaşma ilə hər hansı hüquqi (fiziki) şəxs mübahisəli sahə ilə bağlı məhkəməyə iddia verə bilər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1229/2014 saylı 24.04.2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov rayonu V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə inşa edilmiş binada 41 kv.m. sahəsi olan obyektə dair hüquqların dövlət qeydiyyatında yanlışlığa yol verilmişdir. Lakin iddiaçı həmin “yalnışlıq” nəticəsində hansı hüquqlarının pozulduğunu, “yalnışlıqdan öncə ona məxsus olmuş hansı hüquqlarının “yalnışlığın” nəticəsində pozulduğunu, həmin “yalnışlığın” onun hüquqlarına nə kimi təsir göstərdiyini, yalnışlıq baş vermişsə bunun ona nə kimi aidiyyətinin olduğunu, hansı konkret hüquqların sahibi olduğunu və bunun hansı sənədlərlə təsdiq olunduğunu iddia tələbində göstərməmişdir. Buna görə də iddia mümkün sayılmamalıdır. Daşınmaz əmlaka dair iddiaçının tələb hüququ (subyektiv hüquq) həmin hüququn reyestrdə qeydə alınmasından sonra mümkündür. İddiaçı MMC-nin mübahisəli sahəyə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd yoxdur. Mübahisəli binanın İddiaçı MMC-nin balansında olmasını təsdiq edən sənədlər yoxdur. Binanın tikintisi bir çox tikinti şirkətləri tərəfindən icra oluna bilər. Faktiki tikinti işlərinin aparılması mülkiyyət hüququnu, əmlak tələb etmək hüququnu yaratmır. Mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığı halda iddiaçının əmlak tələb etmək hüququnun olmaması səbəbindən iddianın təmin edilməsi yolverilməzdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin ildə İddiaçı MMC məhkəməyə müraciət edərək T.Bağırovaya məxsus mübahisəli sahəyə dair verilmiş çıxarışın etibarsızlığını artıq bir dəfə mübahisələndirmişdir və buna dair öz (indiki) dəlillərini irəli sürmüşlər. Yəni, 2016-cı ildə inzibati orqanın hazırkı mübahisələndirilən hərəkətinin mövcudluğu iddiaçıya məlum idi və 24.08.2018, 27.09.2018-ci il tarixlərə DƏDRX-ə müraciət etdikdə iddiaçı “İnzibati icraat haqqında” Qanunun müəyyən etdiyi müddətləri buraxmışdır. Buna görə də cavabdeh haqlı olaraq onun müraciətini təmin etməmişdir. İddiaçı iddia tələbində yalnışlıq hesab etdiyi hərəkətin hansı qaydada aradan qaldırılmalı olması barədə izah verməmişdir, ümumi ifadələrdən istifadə etmişdir. Məhkəmə də öz yekun məhkəmə aktında bu hallara aydınlıq gətirməmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs T.Bağırovanın vəkili və nümayəndəsi öz şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddəsi). Mahiyyətcə cavabdehin şikayəti qismən, üçüncü şəxsin şikayəti tam əsaslıdır. İlk olaraq, İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından, Kommersiya qurumunun dövlət reyestrindən 04.10.2018-ci il tarixli **********125600 nömrəli və 29.12.2019-cu il tarixli **********142000 çıxarışlardan, nizamnamələrdən və digər sənədlərdən müəyyən edilir ki, İddiaçı MTK (VÖEN **********) ilk dəfə 16.09.2003-cü il tarixdə 0103-P29-38438 nömrə ilə qeydiyyata alınmış İddiaçı MMC-nin hüquqi varisidir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı iddiasının mümkün sayılmamasının yeganə səbəbi ondan ibarətdir ki, İddiaçı MMC-nin mübahisəli qeyriyaşayış sahəsinə dair mülkiyyət hüquqlarının olmasını təsdiq edən sənədin iş materiallarında mövcud olmaması, belə bir tələbin irəli sürülməsində onun subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənədi təqdim etməməsidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddia tələbinin irəli sürülməsində subyektiv hüququnun olmaması ilə razı deyildir. Belə ki, işin təkzibolunmaz faktı ondan ibarətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsində yerləşən bina iddiaçı tərəfindən inşa edilmiş, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin ilkin alqı-satqısı məhz iddiaçı və X10 arasında həyata keçirilmişdir. Sonradan isə həmin qeyri-yaşayış sahəsi V.Ş.İsmayılov tərəfindən T.İ.Bağırovaya satılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almamış və işin həmin hallarına hüquqi qiymət verməmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin iddiaçılar X6 və X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «mənzil-tikinti kooperativi binasında pay haqqı tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı iş üzrə qəbul etdiyi 24 aprel 2014cü il tarixli qərarından məhkəmə tərəfindən işə cəlb olunmamış maraqlı şəxs İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qəbul etdiyi 2-1(103)-2856/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qərardadı ilə «Yurdum « MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı iş üzrə qəbul etdiyi 24 aprel 2014-cü il tarixli qərarından «Yurdum « MMC tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin apelyasiya icraatına qəbulundan imtina edilmişdir. Daha sonra apelyasiya instansiyası məhkəməsi 28 yanvar 2020-ci il tarixli qərardadında yazır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli qərardadı iş materiallarında yoxdur. Beləliklə, apelyasiya instansiyası məhkəməsi sözügedən işi tələb edib onu tam və hərtərəfli araşdırmaq əvəzinə, işdə olmayan məhkəmə aktına istinad etmişdir, yəni, həmin işin son nəticəsi bəlli deyildir. Bununla yanaşı, hazırkı işin İ cildinin 86-cı səhifəsindən göründüyü kimi, Nərimanov rayon məhkəməsi tərəfindən 23 sentyabr 2016-cı il tarixdə qəbul edilmiş, 2(005)-33/2016 saylı qətnamə mövcuddur ki, həmin qətnamə ilə iddiaçı X5 cavabdehlər İddiaçı MMC-yə, X14 və digərlərinə, eləcə də üçüncü şəxs X4rşı mülkiyyət hüququnun bərpası və qeyriyaşayış sahəsinin boşaldılması barədə iddiası təmin edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin işin sonrakı gedişatı ilə və iş üzrə olan son nəticə ilə bağlı hər hansı hərəkət etməmiş, yəni, həmin işi tələb etməmiş, oradakı halları araşdırmamış və hazırkı iddia tələbi baxımından onlara hər hansı hüquqi qiymət verməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, məlum olduğu kimi, iddiaçı Yurdum» MMC 01 oktyabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (maraqlı şəxslər X3 (20 yanvar 1958-ci il tarixdə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, Lerik rayonu, Camaşair kəndində qeydiyyatdadır), X13 (01 oktyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır) və X10 (31 yanvar 1977-ci il tarixdə Donetsk vilayətində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır)) qarşı iddia ərizəsi (iddia ərizəsi X15 tərəfindən imzalandığı göstərilmişdir) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1229/2014 saylı 24 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə inşa edilmiş binasında yerləşən mübahisəli qeyriyaşayış sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli 2- 1(82)-1229/2014 saylı qərarında göstərilən 41,0 kvadrat metr sahəsinin olmadığı, faktiki olaraq 21,7 kvadrat metr təşkil etdiyini eləcə də, tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15,9 kvadrat metr göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağının sahəsinin isə 15,1 kvadrat metr kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən düzgün icra edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddiası 24 aprel 2014-cü il tarixli məhkəmə aktına əsaslanır (o cümlədən qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlı), digər tərəfdən birinci instansiya məhkəməsi də iş üzrə qərar qəbul edərkən mübahisəli obyektin icrasının texniki cəhətdən düzgün icra edilməməsini vurğulamışdır. Bu baxımdan, yuxarıda göstərilmiş 2 (iki) işin tələb edilərək öyrənilməsi, tam və hərtərəfli araşdırılması böyük əhəmiyyət kəsb edir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı 2-1(82)- 1229/2014 və 2(005)-331/2016 nömrəli işlər Bakı İnzibati Məhkəməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən tələb edilərək öyrənilmiş, məhkəmə qərarlarının surətləri çıxarılaraq işə əlavə edilmişdir. İşdə olan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1229/2014 nömrəli iş üzrə 24.04.2014-cü il tarixli qərarı ilə iddiaçı X6 cavabdeh DƏDRX Bakı şəhər ərazi idarəsinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı məhəllədə inşa edilmiş mənzil-tikinti kooperativi binasında pay haqqı tam ödənilmiş sahəsi 41 kv.m. olan 1 nömrəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qərar icra olunaraq V.İsmayılova ünvan 4 ünvanda yerləşən 22,7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması haqqında 22.07.2014-cü il tarixli RX ******* nömrəli çıxarış verilmiş, həmin ümumi sahəsi 22,7 kv.m. olan qeyri-yaşayış sahəsi 10.10.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, sonuncunun həmin əmlak üzərində mülkiyyət hüquqları 14.11.2014-cü il tarixli RX ******* nömrəli çıxarışla hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.05.2019-cu il tarixli 5138 nömrəli ekspert rəyində İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasının xarici ölçülərinin Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən təsdiq olunmuş eskiz layihədə göstərilən çöl ölçülərinə uyğun olduğu, İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasının eskiz layihəsi üzrə birinci mərtəbəsinin A-C oxları ilə 1-7 oxları arasındakı mübahisəli sahənin layihə üzrə 90 kv.m. təşkil etdiyi göstərildiyi, lakin faktiki olaraq həmin sahənin daxilində arakəsmələr quraşdırılaraq, maşın yuma sexi, kişi və qadın bərbərxanası, gözətçi otağı yaradıldığı, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinin məhkəmə qərarı üzrə 41 kv.m. nəzərdə tutulduğu halda, faktiki olaraq 22,7 kv.m. təşkil etdiyi, İddiaçı MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 1934-cü məhəllədə inşa edilmiş 14 mərtəbəli 5 bloklu çoxmərtəbəli yaşayış binasında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli 2-1(82)- 1229/2014 saylı qərarında göstərilən 41 kv.m. sahəsinin olmadığı, faktiki olaraq 21,7 kv.m. təşkil etdiyini, eləcə də tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15,9 kv.m. göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağının sahəsinin 15,1 kv.m. kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən düzgün həyata keçirilmədiyi qeyd olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 16.1-ci maddəsinə görə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir; 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır; 16.5-ci maddəsinə görə, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, birincisi, işdə olan alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, mübahisəli 22,7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üçüncü şəxs T.Bağırova tərəfindən özgəninkiləşdirən V.İsmayılovun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının həqiqiliyinə və tamamlığına etimad göstərilərək, qanunla təsbit edilmiş qaydalara əməl olunmaqla əldə edilmişdir. Reyestrin məzmununun dəqiqliyi işin mübahisəsiz halıdır. Çünki, daşınmaz əmlakın dövlət reyestrində V.İsmayılovun adına ilkin qeydiyyat məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında aparılmış, bu qeydə dair hər hansı etiraz reyestrə daxil edilməmişdir. İkincisi, 05.05.2019-cu il tarixli 5138 nömrəli ekspert rəyi ilə İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasındakı mübahisəli qeyri-yaşayış sahəsinin məhkəmə qərarı üzrə 41 kv.m. nəzərdə tutulduğu halda, faktiki olaraq 22,7 kv.m. təşkil etdiyi, məhkəmə qərarında göstərilən 41 kv.m. sahəsinin olmadığı, faktiki olaraq 21,7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının qeyri-yaşayış sahəsinə dair reyestrdə düzəliş edilməsi ilə bağlı etdiyi müraciəti ilə əlaqədar cavabdehin mütəxəssisləri tərəfindən ünvanda təkrar yoxlama-ölçü işləri aparılarkən məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ölçüsü ilkin sənədlərdə 41 kv.m. göstərilsə də, faktiki ölçüsü 22,7 kv.m. olduğu üçün qeyriyaşayış sahəsinə dair verilmiş reyestrdən çıxarışda və texniki pasportda faktiki ölçü qeyd edilmişdir. Üçüncüsü, nə iddia ərizəsində, nə də məhkəmə qərarında yalnışlığın nədən ibarət olması və hansı qaydada düzəldilməli olması, iddiaçının yalnışlıq nəticəsində hansı hüquqlarının pozulduğu, onun bu hüquqlarının hansı sənədlərlə təsdiq olunduğu faktiki cəhətdən əsaslandırılmamışdır. Dördüncüsü, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.09.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC T.Bağırovaya qarşı məhkəməyə müraciət edərək mübahisəli sahəyə dair çıxarışın etibarsızlığını artıq mübahisələndirmiş və qeyriyaşayış sahəsinin qaytarılmasını tələb etmiş, lakin iddiası rədd edilmiş, T.Bağırovanın İddiaçı MMC-yə, onun direktoru X14 və qeyrilərinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası isə təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin qeyri-yaşayış sahəsinə dair reyestrdə düzəliş edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin bu qərarla müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qərarında iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiq olunmamış, habelə hüququn tətbiqində səhvə yol verilmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq cavabdehin şikayəti qismən təmin edilməli, üçüncü şəxsin şikayəti təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməli (İPM-in 87.6-cı maddəsi), ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-301/2019 nömrəli iş üzrə 24 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 1 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2014-cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X7 adına qeydiyyata alınmış 22,7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs X7 apellyasiya şikayəti təmin edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 ( yüz) manat İddiaçı MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: X2; kodu: 210005; VÖEN **********; müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN: **********; hesab: AZ34OTRE******************** - hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar